Cəmiyyət

Həkim: “Koronavirusla bağlı vəziyyət stabil deyil”

Sharing is caring!

Ölkəmizdə koronavirusa yoluxma hallarında artma-azalma baxımından qeyri-stabil vəziyyət hələ də davam edir. Başqa ölkələrdə COVID-19-un yeni ştammları aşkar edilir və bir çox ölkədə karantin rejimi hələ də qalır.

Məsələ ilə bağlı çərşənbə axşamı Trend-in suallarını cavablayan həkim-infeksionist Natiq Əliyev bildirib ki, dünyada pandemiyanın davam etməsi yoluxma statistikasında qeyri-stabillik olmasına təsir edir.

“Nə zaman ki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bütün dünyada yoluxma hallarının statistik göstəricilərinin sıfırlandığı bildiriləcək, biz o zaman pandemiyanın bitdiyini deyə bilərik. Son zamanlar yoluxma hallarının artıb-azalmasına təsir edən faktorlardan biri də payız aylarında kəskin respirator virus infeksiyalarının aktivləşməsidir. Bu aktivləşmə özünü statistik göstəricilərdə büruzə verir. Çünki immun sisteminin zəifləməsi fonunda ikincili infeksiyalar da ola bilər”, – deyə N.Əliyev qeyd edib.

İnfeksionist həmçinin bildirib ki, digər ölkələrdə iki yeni ştammın aşkar edilməsinin ölkəmiz üçün ciddi bir təhlükəsi yoxdur və qeydə alınmayıb.

“Pandemiyanın davam etdiyi dövrdə ümumi karantin rejiminə və gigiyenik qaydalara riayət etmək hər kəsə tövsiyə olunur. Xüsusən də yaşlı təbəqə və ağır xroniki xəstəliyi olanlar üçün həm mövsümi infeksiyalar, həm də koronavirus ağırlıq dərəcəsini saxlayır. Son iki ilə nisbətən virusa yoluxanlar bunu yüngül şəraitdə keçirirlər. Lakin bundan arxayınlaşmaq olmaz. İnsanlar mütləq şəkildə fərdi gigiyena qaydalarına riayət etməli, sıxlıq olan yerlərdə maskadan istifadə etməlidirlər”, – deyə infeksionist əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir