Cəmiyyət

“Narkotik vasitələrin ən çox yayıldığı yer həbsxanalardır” – İDDİA + FOTO

Sharing is caring!

Narkotik vasitələrin alqı-satqısı ilə bağlı nə qədər mübarizə aparılsa da, ticarəti də, istifadə edənlərin sayı da azalmaq bilmir. Bəziləri düşünürlər ki, narkotik satanları həbs etməklə bu kimi cinayətlərin qarşısını almaq mümkün deyil. Yəni həbslərin effektli olmadığını düşünürlər. Bir qisim isə tam əks fikirdədir.

Bəs görəsən, narkotiklərin yayılmasının qarşısını almaq üçün hansı mübarizə üsullarına müraciət edilməlidir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə, təəssüf ki, narkotik maddələrin satışı dünyada ən gəlirli sahələr sırasındadır:

“Silah və insan alveri ən gəlirli sahə hesab olunur. Narkotik maddələrin dövriyyəsi də bunların sırasındadır. Ona görə də kriminal ünsürlər oraya can atırlar. Az işləyib, çox qazanma yolunu seçirlər. Uzun illər bizdə narkotik maddə dövriyyəsi ilə mübarizə səthi aparılır, dərindən məşğul olunmurdu. Son illər bununla mübarizə güclənib.

Narkotiklə bağlı cinayətlər o qədər dərindən kök atıb ki, bunu birdən-birə qırıb atmaq mümkün deyil. Həbslər istənilən nəticəni vermir. Maarifləndirmə işləri aparılır, lakin o da kifayət etmir”.

Ə.Mustafayev qeyd edib ki, bir çox ölkələrdə yüngül narkotik vasitələrin satışına icazə verilir:

“Bizə artıq ən qorxulu, ağır narkotik maddələr ayaq açıb. Onlar insan psixikasını tamam dəyişir, səhhətinə çox ağır zərərlər vurur. Sonra bərpası mümkün olmur.

Yanaşmalar müxtəlifdir. Bir çox ölkələrdə müəyyən yaş həddində istifadəsinə icazə verilir. Xaricdə tətbiq olunan bu qayda ağır narkotik maddələrin istehlakını azaldır.

Bizdə narkotik vasitələrdən istifadə edənlər cinayətkar kimi tanınır və həbs olunurdular. Bunlara cinayətkar kimi yox, xəstə kimi yanaşmaq lazımdır. Bəlkə, bu insanlar xəstədirlər, müalicə etmək lazımdır? Həbsə salıb, onun bu yolla getməsinə şərait yaratmaq lazım deyil”.

Hüquqşünas əlavə edib ki, narkotik vasitələrin ən çox yayıldığı yerlər həbsxanalardır:

“Narkotik vasitələrdən istifadə etməyən bəzi şəxslər həbsə düşəndən sonra asılılıq yaranır. Onlar artıq həyatlarının məhv olduğunu düşünür və istifadə etməyi davam etdirirlər.

Beynəlxalq təcrübəni öyrənmək olar. Maarifləndirmə aparmaq, gənclərin əmək məşğulluğunu artırmaq lazımdır. Gənclər mədəni tədbirlərə cəlb olunmalıdırlar. Əsasən təhsil almayan, işləməyən gənclər arasında narkotik asılılıq geniş yayılıb. Cəzaçəkmə müəssisələrində yeri artırmaq əvəzinə bunları etmək lazımdır ki, həmin müəssisələrə ehtiyac qalmasın”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir