Cəmiyyət

Tanışlarını qətlə yetirib dəniz kənarında basdırdılar – CİNAYƏT İŞİ + VİDEO

Sharing is caring!

2020-ci il dekabrın 31-i səhər saat 5 radələrində 35 yaşlı Röyal İlyasovun meyiti yaşadığı evin yaxınlığında aşkar olunub. Hadisə yerinə baxış zamanı məlum olub ki, Röyal İlyasov ov tüfəngindən açılmış atəşlə qətlə yetirilib. Onun meyiti dəniz kənarında basdırıldığı çaladan çıxarılıb. 

Hadisə ilə bağlı Neftçala rayon sakinləri Elşən Gözəlov və Cəmil Hüseynov saxlanılıblar. 

İstintaqla müəyyən edilib ki, dekabrın 30-da Cəmil Hüseynov yaşadığı evdə tanışları Elşən Gözəlov, Röyal İlyasov və Rasim Ağayevlə birlikdə spirtli içkilər qəbul edərkən, başlanan mübahisədən sonra o, Rasim Ağayevi və Röyal İlyasovu evdən qovub. Daha sonra Cəmil Hüseynov və Elşən Gözəlov xuliqanlıq niyyəti ilə Röyal İlyasovu cəzalandırmaq qərarına gəliblər. Ayın 31-i gecə saatlarında 16 kalibrli ov tüfəngi ilə Röyal İlyasovun yaşadığı binanın qarşısına gəliblər. Binanın 2-ci mərtəbəsində yerləşən 5 nömrəli mənzilin qapısını döyən Elşən Gözəlov aralarındakı mübahisənin səbəbini tam aydınlaşdırmaq bəhanəsi ilə Röyal İlyasovu həyətə çağırıb. Həmin bina ilə üzbəüz, 24 saylı evin hasarının arxasında gizlənən Cəmil Hüseynov yaxın məsafədən Röyal İlyasovun baş nahiyəsini nişan alaraq tüfəngdən atəş açıb. Zərərçəkmiş şəxsin öldüyünə əmin olduqdan sonra birlikdə meyiti kəndirlə bağlayıb, Xəzər dənizi istiqamətində aparıblar və orada çala qazmaqla cəsədi quma basdırıblar. 

İş üzrə dindirilmiş Cəmil Hüseynov bildirib ki, Pirallahı rayonunun Gürgan qəsəbəsində yaşayıb. 2020-ci ilin noyabr ayında Neftçala rayonuna gedib. Qəsəbədə kirayəyə götürdüyü qayıqla balıq tutub, müştərilərə satıb. Dekabrın 30-da dənizdən qayıdandan sonra Elşən Gözəlova zəng edib. Dostu onu evinə qonaq dəvət edib. Yemək yeyərkən araq içiblər. Axşam Röyal və Rasim adlı tanışları qonaq gəliblər. Həmin şəxslər onlarla əyləşib araq içiblər. Təxminən 1 saatdan sonra Elşən zarafatla Rasimə şillə vurub, Röyal isə onun hərəkətini hörmətsizlik kimi qəbul edərək, yerindən durub onun gözünə yumruqla zərbə endirib. Bir az söhbət edəndən sonra Röyalla məsələni aydınlaşdırmağı qərarlaşdırıblar. Röyalın söyüş söyməsi və onu döyməsi onlara pis təsir edib. Dekabrın 31-i gecə Röyalın yaşadığı binanın qarşısına gediblər. Hadisə də elə burada baş verib. Röyalı öldürdüklərini heç kim görməyib. Elşənlə birlikdə meyitin qollarından tutub, bir qədər gizlin yerə sürüyüblər. Onu belindən və qollarından bağladıqdan sonra meyiti sürüyüb, dəniz kənarına aparıblar və onu çökəklik yerə atıblar. Cəsədin üzərini qumla basdırdıqdan sonra evə qayıdıblar. Məhkəmə iclasında Cəmil Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib, Elşən Gözəlov isə özünü təqsirli hesab etməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəmil Hüseynov və Elşən Gözəlov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir