Cəmiyyət

Bakı metrosu qatarların hərəkət qrafikini dəyişir

Sharing is caring!

Sentyabr ayının 14-dən metropolitendə hərəkət qrafiki mövsümün və “COVID-19” pandemiyası dövrünün tələblərinə uyğun dəyişdiriləcək.

Bu barədə Oxu.Az-a “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Bildirilib ki, tətbiq ediləcək yeni optimal qrafikə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılacaq, hərəkəti sıxlaşdırılacaq və interval azaldılacaq. Zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Onların xəttə verilməsi gündəlik monitorinqlər əsasında müəyyən ediləcək.

İş günlərinin gur saatlarında, yəni səhər 7:30-dan 09:30-a qədər, axşam 17:30-dan 19:30-a qədər “Həzi Aslanov-28 May” istiqamətində və əksinə qatarlar, metropolitenin maksimal texniki imkanları nəzərə alınmaqla, 2 dəqiqəyə qədər endirilmiş intervalla hərəkət edəcək. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq.

Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında birləşdiyindən “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfəyə qədər artacaq.

Metropoliten sərnişinləri günün müəyyən vaxtlarında “Həzi Aslanov-Ulduz” sahəsində bəzən ardıcıl olaraq marşrut göstəricisi üzrə iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini və həmçinin daha böyük interval müşahidə edirlər. Bunun səbəbi qatarların “Nərimanov” elektrik deposundan xəttə “Nərimanov” stansiyasından verilməsi və ya xətdən çıxarılmasıdır.

İstirahət və qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.

Buna uyğun olaraq, “Həzi Aslanov-28 May” istiqamətində və əksinə şənbə günləri qatarlar səhər saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar və qeyri-iş günlərində 3 dəqiqə intervalla hərəkət edəcəklər. Bu günlər ərzində də hərəkətin sərnişin sıxlığı və hərəkət intensivliyinə uyğun tənzimlənməsi məqsədilə ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandıqda xəttə buraxılacaq.

Qeyd edilən günlər ərzində əsas hərəkət parametrləri üzrə monitorinqlər xüsusi qaydada təmin ediləcək. Yeni qrafik 2023-ci ilin yayına qədər tətbiq ediləcək.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir