Cəmiyyət

LAÇIN DİYARINA YENİ HƏYAT GƏLİR

Milli Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi. Nəhayət, 2020-ci il dekabrın 1-də erməni qəsbkarları Laçını tərk etdi. Laçının azad olunması münaqişənin son nöqtəsi oldu.

Dövlətimizin başçısı bu rayona səfəri zamanı deyib: “Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz doğma torpağımıza qayıtmışıq, Laçındayıq. Bütün buraları bərpa edəcəyik. Yeni böyük baş plan tərtib edilib. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib edilİB. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”. İşğaldan azad edilən yaşayış məntəqələrimizdə qısa müddətdə vandal ermənilər tərəfindən dağıdılan infrastruktur bərpa ediləcək. Şuşa, Kəlbəcər, Laçın və digər rayonlarımızda dağıdılan məscidlər, tarixi abidələri, məktəblər yenidən bərpa olunacaq. Laçın da işğaldan öncə olduğu kimi, Azərbaycanın yenidən əsas səfalı istirahət məkanına çevriləcək. Yağı tapdağından qurtulan torpaqlarda kənd təsərrüfatı inkişaf etdiriləcək.
Son təhlillərə və tutarlı məlumaatlara görə olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev vurğulayıb: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə – Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz rəşadət və şücaəti ilə təkcə işğal altında torpaqlarımızı azad etmədi, eyni zamanda, çoxəsirlik tariximizi, qədim mədəniyyət və incəsənətimizi xalqımıza qovuşdurdu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev vurğuladığı kimi, Azərbaycan vətəndaşları bu tarixi torpaqlarımızda yaşayacaq, qurub- yaradacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Dağılmış və yandırılmış evlər, viran qoyulmuş kəndlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə yaşayacaq insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcək.Aydın Hüseynov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir