Cəmiyyət

HÜQUQİ VƏ DEMOKRATİK DÖVLƏTİN ƏSAS PRİNSİPLƏRİNİN TƏMİNATÇISI

Sharing is caring!

Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olmaqla dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının bünövrəsini qoymuşdur. Demokratik prinsipləri əsas tutaraq Konstitusiyamızda insan hüquqlarına, azadlıq və vəzifələrinə geniş yer verilir. Bu hüquq, azadlıq və vəzifələr Konstitusiyanın ikinci bölməsində 48 maddədən ibarət olub konstitusiya mətninin əsas hissəsini təşkil edir.

Konstitusiyanın gətirdiyi əhəmiyyətli yeniliklərdən biri də həmin dövrə qədər dövlətçilik tariximiz üçün səciyyəvi olmayan yeni bir institutun – konstitusiya nəzarəti təsisatının yaradılması olmuşdur. Qeyd edilməlidir ki, konstitusiya nəzarətinin əsas məqsədi konstitusiyanın aliliyinin təmin edilməsi və konstitusiya ilə təsbit olunmuş insan hüquq və azadlıqlarının müdafiəsidir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hər hansı maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcısı olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan etmişdir. Bu baxımdan Konstitusiyamızın üçdə bir hissəsi əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmiş, Əsas Qanunun ən böyük fəsli olan üçüncü fəsildə insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi, onların reallaşdırılması mexanizmləri nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatları aparılmış, həmin islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyətinin yaradılması üçün zəruri qanunvericilik bazası formalaşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edilmişdir ki, bu da vətəndaşların qanuni maraq və mənafelərinin ədalət mühakiməsi yolu ilə birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən daha etibarlı şəkildə müdafiə olunmasına öz müsbət təsirini göstərmişdir.
Bu əlamətdar gün münasibətilə hər birinizi ürəkdən təbrik edirəm.
Loğman Hüseynov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir