Cəmiyyət

FÜZULİNİN AZAD OLUNMASI MÜZƏFFƏR
ORDUMUZUN MÖHTƏŞƏM NAİLİYYƏTİDİR

Silahlı Qüvvələr Günündə Prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə söyləmişdir ki, Qarabağın digər məntəqələri kimi, Füzulinin də işğaldan azad olunması böyük rəmzi məna daşıyır. Azərbaycan Ordusu buradakı savaş meydanında özünü məsuliyyətli və peşəkar ordu kimi nümayiş etdirdi. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur.
Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi davam edir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir, ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir. Azərbaycan dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir.
Biz, eyni zamanda, keçmişi unutmuruq, bundan nəticə çıxarırıq, regionun gələcəyi baxımından isə əməkdaşlığa hazırıq. Düşünürəm ki, müstəqilliyi onsuz da formal xarakter daşıyan və müharibədə məğlub olaraq daha pis vəziyyətə düşən Ermənistan bundan sonra atacağı addımlara diqqət etməli, ilk növbədə, qonşuları ilə münasibətlərə xüsusi fikir verməli, indiyədək irəli sürdüyü bütün iddialarından əl çəkməlidir. Azərbaycan iqtisadiyyatı bütövlükdə Cənubi Qafqaz iqtisadiyyatının böyük bir hissəsini təşkil edir. Bölgədə reallaşdırılan qlobal iqtisadi layihələr Azərbaycanın razılığı və dəstəyi ilə həyata keçirilir. Ermənistan da başa düşməlidir ki, əməkdaşlıq məhv olmuş erməni iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, bundan sonrakı dövrdə Ordumuzun daha da güclənməsi baxımından işlərin davam etdiriləcəyini bildirib. “Ordu hər bir dövlətin təhlükəsizliyinin təminatçısıdır. Düşünürəm ki, Prezident İlham Əliyevin regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin bundan sonrakı dövrdə də gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar bir daha düşmənimizə açıq xəbərdarlıqdır. Yəqin ki, onlar bundan düzgün nəticə çıxaracaqlar.
Füzuli Cəfərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir