Cəmiyyət

VƏTƏN MÜHARİBƏSİNİN BÖYÜK QƏLƏBƏSİ

Sharing is caring!


Azərbaycan xalqının tarixində şərəfli anlar olub, qələbələr çox olub. Onların sırasında Füzulinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 17-si Füzulinin Ermənistan işğalından azad edilməsi nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır.. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.
Bəli, oktyabrın 17-si bizim tariximizdə əbədi qalacaq. Bu Qələbənin çox böyük mənası var idi. Əlmatdar hadisələrdən biri Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş Füzuliyə səfər etmələri oldu. Müharibənin başa çatmasından az sonra həyata keçirilən bu, səfər qələbəmizin möhkəmlənməsində mühüm rol oynadı. Prezident oradan bəyan etmişdi ki, Füzuli qurulacaq, bərpa ediləcək. O zamandan uzun zaman keçməyib, artıq Füzulidə quruculuq bərpa işlərinə başlanılıb və sürətlə həyata keçirilir. İnsanlarımız tezliklə doğma yurdlarına yaşamaq üçün qayıdacaqlar. Əminik ki, cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızı qarşıda yeni-yeni uğurlar gözləyir.
Elçin Hüseynov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir