Cəmiyyət

CƏLİLABADDA TOXUM SƏRGİ-SATIŞ YARMARKASI KEÇİRİLMİŞDİR

Sharing is caring!

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət
Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında
toxum sərgi-satış yarmarkaları keçirilir. Sentyabrın 10-da sərgi-satış
yarmarkası Cəlilabad şəhərində təşkil olunub. Yarmarkada  Aqrar Xidmətlər
Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi,
“Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum
istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul
olan şirkətlər, fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının
birinci müavini, başçının səlahiyyətlərini icra edən Mansur Məmmədov bu tədbirin Cəlilabadda keçirilməsini mühüm addım kimi
dəyərləndirib. Bütün bölgələrdə olduğu kimi Cəlilabadda da qeyri-neft
sektorunun daha da inkişafı üçün zəruri addımlar atılmaqdadır.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini İlhamə
Qədimova öz çıxışında qeyd edib ki, ölkənin sosial-iqtisadi həyatında xüsusi
əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan
kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində
iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş
məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün
əlverişli şərait yaradılıb. Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün
mühüm addımlar atılır və ölkəmizdə toxumçuluğun inkişafı daim diqqət
mərkəzindədir. Dövlətimiz kənd təsərrüfatının bütün sahələrində fermer
fəaliyyətinə, xüsusilə də toxumçuluğun inkişafına qayğı və dəstəyini
əsirgəmir. Dövlət Toxum Fondu olaraq mütamadi fermer və toxumçularla
müxtəlif görüşlər keçirilir, birgə müzakirələr aparılır. Toxum sərgi-satış
yarmarkalarının keçirilməsi də bu sahənin daha da inkişafına dəstək olacaq.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri
Mirzə Əliyev çıxışında bildirib ki, aparılan məqsədyönlü islahatlar
nəticəsində digər sahələr kimi aqrar sahə də özünün dinamik inkişafı ilə
mövcud çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub.
Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı
təmin edilir, bu sahəyə dövlət dəstəyi gücləndirilir. Respublikamızın
müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkası da məhz bu
sahənin daha da inkişafı, toxum bazarının formalaşdırılması, istehsalçı ilə
istehlakçı arasında birbaşa münasibətlərin qurulmasına yönəlib.

Sərgi – yarmarkası ilə tanışlıqdan sonra məhsullar və toxumla bağlı
ətraflı müzakirələr aparılıb. Fermerlərə sertifikatlı toxumun əldə olunması,
sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi,
toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat verilib
və informasiya materialları təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir