Cəmiyyət

Azərbaycan Litvanın ən yaxın tərəfdaşlarından biridir

Sharing is caring!

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litvaya rəsmi səfəri iki ölkə arasında yeni münasibətlərin inkişafında önəmli addımlardan biridir. Prezidentin Litvaya sayca 4-cü səfəri çərçivəsində keçirdiyi görüşlər, bir sıra mühüm sənədlərin imzalanm ası və biznes forumun təşkil olunması əlaqələrimizin daha da genişlənməsindən xəbər verir. Azərbaycanla Litva arasındakı əlaqələrin tarixi kökləri var. Litva 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan-Litva münasibətlərinin genişlənməsi ilə bağlı gördüyü möhtəşəm işlər sayəsində bu gün ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq həddinə çatıb.

        Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Əsas hədəf şaxələndirmədir. Ölkəmiz iqtisadiyyatı şaxələndirəcək və enerji sektorundan asılılığı azaldacaq. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq.

        44 günlük Vətən müharibəsindən sonra bölgədə və ölkəmizdə yaranmış yeni reallıqlar fonunda Prezident İlham Əliyevin Litvaya səfəri qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanır: “Bu da strateji tərəfdaşlıq münasibətlərinin getdikcə inkişaf etməsi üçün yeni imkanların açılması deməkdir. Azərbaycan Prezidenti mətbuata açıqlamasında da dediyi kimi, görüşdə regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi aparıldı. Litva Prezidenti Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırılıb. İlham Əliyev çıxışında Azərbaycan torpaqlarının uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu bir daha xatırladıb və bir milyon azərbaycanlının erməni təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşdüyünü, ərazilərimizin təxminən 20 faizinin işğal altında qaldığını bildirib”.

        Son illər Azərbaycanın dünya miqyasında nüfuzu artmaqda, beynəlxalq əlaqələri genişlənməkdədir: Prezidentimizin müxtəlif ölkələrə səfərləri və ayrı-ayrı dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi, mühüm sənədlərin imzalanması və mətbuata görüşlərin nəticələri barədə bəyanatların verilməsisəfərin məhsuldar keçdiyinə dəlalət edir. İki ölkə arasında indiyədək 50-dək sənəd imzalanıb ki, bunların da içərisində 2007-ci ildə Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur. Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkədir. Həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır. Litva isə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdəndir. Azərbaycan Litvanın ən yaxın tərəfdaşlarından biridir.

                                                                                                          Rövşən Mirzəyev,

  Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Ağdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir