Bölgə

Ermənistan öz hərbi qüvvələrini Qarabağdan geri çəkir

Zaman-zaman qondarma rejimin və Rusiya sülhməramlı qüvvələrinin hərəkətləri və açıqlamaları Azərbaycanda cəmiyyəti qıcıqlandırır.

Əslində belə açıqlama və hərəkətlərin qəzəblə qarşılanması normaldır. Bir çox hallarda bunlar heysiyyatımıza toxunur. Amma baş verənlərin pərdəarxasını gözdən keçirəndə başqa mənzərə görünür.

Bir neçə gün əvvəl qondarma rejimin başçısı Araik Arutyunyanın “təmas xətti”nə gəlməsi və orada səngər qazdırması barədə reportajlar yayımlanmışdı.

Daha əvvəl isə qondarma rejimin “təhlükəsizlik şurası”nın başçısı Vitali Balasanyan Azərbaycanı hədələmişdi. “Sərhədlər və bizim statusumuz dəqiqləşdiriləcək. Ermənistan və Rusiya ilə iş apardıqdan sonra Əsgəran rayonunun bir hissəsini və Hadrut rayonunu qaytaracağıq”,- deyə Balasanyan iddia etmişdi.

Amma reallıqda başqa proseslər gedir. Araik Arutyunyanın “quyu” qazdığı bir vaxtda Ermənistan öz hərbi qüvvələrini Qarabağdan geri çəkir.

XəbərAl.az xəbər verir ki, bu barədə açıqlamanı Ermənistan politoloqu Qrant Melik-Şahnazaryan verib.

Onun sözlərinə görə, hərbi qüvvələr “yerdəyişmə” adı ilə geri çağırılır, sonra isə Qarabağda xidmətə qaytarılmır: “Biz Şurnuxu kəndinin SSRİ vaxtlarında kimin ərazisində yer aldığı barədə müzakirə apardığımız bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan hərbi qüvvələrimizi çıxarır. Yerdəyişmə adı ilə qüvvələrimizi Ermənistana göndərirlər. Sonra isə elan edirlər ki, Azərbaycan tərəfi hərbi qüvvələrimizin geri qayıtmasına imkan vermir. Bu tez-tez təkrar olur”.

Bu açıqlamadan belə başa düşülür ki, tez-tez hərbi birləşmələr “yerdəyişmə” adı ilə Azərbaycan ərazisindən çıxarılır və əvəzinə yeni qüvvələr göndərilmir. “Azərbaycan buna imkan vermir” şəklində açıqlama isə onu göstərir ki, Laçın dəhlizi ilə hərəkətlər rəsmi Bakının müşahidəsi altında həyata keçirilir.

Belə görünür ki, üzdə verilən açıqlamalar reallıqla üst-üstə düşmür. Bəzi versiyalara görə, mart ayına qədər Qarabağ Ermənistanın silahlı qüvvələrindən tam təmizlənəcək və ərazidə yalnız Rusiyanın sülhməramlı qüvvələri qalacaq.

Yəqin ki, Türkiyə hərbçilərinin də regiona gəlməsi ona görə ləngiyir. Yəni Ermənistan qüvvələri tərəfindən hər hansı təxribatın ola biləcəyi ehtimal edilir. O üzdən də bölgənin həmin qüevvələrdən tam təmizlənməsinə qədər Türkiyə hərbçilərinin bölgəyə yaxın ərazilərdə olması məqsədəuyğun sayılmır.

Sonrakı mərhələdə Qarabağda qalıb yaşamaq istəyən və buna hüququ olan sakinlərin reinteqrasiyası prosesi başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir