Araşdırma

“Narazılıq yaradan, etimadı doğrulda bilməyən nazirlər” – Gəlişmə

Sharing is caring!

Xəbəral.az – ın araşdırmasına görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Təhsil Naziri Emin Əmrullayev onlara yaradılan şəraitə rəğmən məsul olduqları sahələrdəki problemləri aradan qaldıra bilmədilər.

Azərbaycanda böyük ümidlərlə, yüksək etimadla vəzifəyə gətirilən məmurlar çoxdur. Onların arasında təyin olunduğu vəzifənin öhdəsindən gəlib, etimadı doğruldanlar da var, fəaliyyətini düzgün qura bilməyib ulduzu sönənlər də.

Ulduzu sönən nazirlərə aid ediləcək məmurlardan biri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

Xəbəral.az xəbər verir ki, az keçmədən məlum oldu ki, S. Babayevin addımlarının arxasında əslində gəlirli yerlərə öz adamlarını təyin etmək məqsədi dayanıbmış. Gözləntilərin əksinə olaraq, nazir əlilliyin təyinatı, ünvanlı sosial yardımın verilməsi sahəsindəki qanunsuzluqları nəinki aradan qaldıra bildi, əksinə, bu sahələrdə korrupsiya və rüşvətxorluq daha da çiçəkləndi. Eyni proses pensiya təyinatı və verilməsi sistemində də qeydə alındı.

Sahil Babayev Şəhid ailələrinin, Qarabağ Qazilərinin nifrətini qazandı. Nazir olaraq, onları qəbul edib, problemlərini dinləmək əvəzinə əksinə görüşməkdən imtina edib, hörmətsizlik etdi.

“Sosial yardıma ciddi ehtiyacı olan əksər insanları qeydiyyatdan keçirmir, guya bu yolla dövlətə “fayda” verir! Nazirliyə yaxınlarını, dostlarını yığıb, dostluq klubu kimi idarə edir, hətta vətəndaşların qəbulu zamanı elektron siqaret çəkirdi…”

Bir sözlə, Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziriliyini uçruma aparır.

Nəzər salaq Təhsil Naziri Emin Əmrullayevin fəaliyyətinə:

Prezident İlham Əliyev Emin Əmrullayevi Təhsil Naziri təyinatı ilə bağlı qəbul edib bu sözləri demişdi: “Bu gün siz təhsil naziri vəzifəsinə təyin olunursunuz. Sizə çox böyük etimad göstərilir. Bu etimadı siz öz işinizlə doğrultmalısınız. Siz gəncsiniz, sizin təyinatınız, eyni zamanda, gənclərə göstərilən etimadın növbəti təzahürüdür”.

Bəli, özündən əvvəlki nazirlərə sağlığında rəhmət oxutduran Emin Əmrullayev fəaliyyətə başlayan kimi “islahatlar” da başladı… Pandemiya ilə əlaqədar distant təhsil sisteminə keçirildiyindən çox hadisələr də onlayn baş verir. Şəxsən kimin-kimə nə verdiyini, nə qədər verdiyini görən olmasa da, yeni təyin olunan məktəb direktorlarının hikkəsindən, tələbindən hiss olunur ki, yuxarılara əvvəlkilərdən qat-qat çox “şirinlik” veriblər. Axı Emin müəllimi “rüşvət” adı gələndə allergiya tutur, heç vaxt heç kimdən heç nə almır, olsa-olsa şirinlik ala bilər, ağzını şirin etmək üçün…

Sözümüzün məğzi var… Təhsilimiz onsuz da bərbad gündə idi, pandemiya da gəldi, vurdu gözünü çıxartdı. Emin Əmrullayevin islahatları işə yaramadı. Onlayn təhsillə beyninə bir şey girməyən tələbə imtahanlarda da birtəhər çulunu sudan çıxarır. Çıxa bilməyənlər yenə köhnə “dədə-baba, görüm-baxım” üsulundan istifadə edir. Savad, bilik, elm, gələcəyin mütəxəssisi məsələsi unudulub artıq. Tələbələr pis-yaxşı diplom alacaqlar, sadəcə diplom alacaqlar…

Bəs 1-ci sinfə getməyə hazırlaşan körpə balalar? Valideynlər onsuz da 1-ci siniflərə qəbul məsələsində Təhsil Nazirliyinin yaratdığı problemlərdən cana doyub. Sevinə-sevinə məktəbə getməyə hazırlaşan körpə fidanlar ata-analaraının onlayn qəbul məsələsində necə əziyyət çəkdiklərini başa düşmürlər. Ancaq valideynlərin narazılığı davam edir.

Reginoal Təhsil idarələri yaradıldı. Təsəvvür edin, ucqar kənd müəlliminə bir arayış lazım olduqda, üz tutmalıdı klometirlərlə uzaqda yerləşən regional təhsil idarəsinə.

Bu gedişlə, Ali məktəbi bitirən tələbələr, müəllim işləməkdən imtina edirlər.

Problemlər bununla bitmir!

Yaşasyış yerinə yaxın ərazidə yerləşən məşhur məktəblərdən birinə müraciət edən valideyn get-gələ salınandan sonra birtəhər direktoru razı salır. Bağçada rus bölməsində hazırlıq keçən uşağı məktəbdə də rus bölməsinə yerləşdirmək istəyən ana “yox” cavabı alır. Təhsil Nazirliyindən tanış-biliş taparaq direktora minnətçi də düşür. Lakin direktor yenə “dirəşib” və 5 min manat şirinlik istəyib, belə az istəməyinin səbəbi də vasitəçinin tanış olması olub. Pulu tapa bilməyən valideyn məcburiyyətdən övladını Azərbaycan bölməsinə qoymalı olub.

Narazılığı bitib-tükənməyən tək bir valideyn deyil, bu dərddə, bu sıxıntıda olan ata-analar çarəni susmaqda görürlər. Övladlarının gələcəkdə məktəbdə sıxışdırılacağından ehtiyat edən valideynlər Emin Əmrullayevin dövlət başçısının etimadını nə cür “doğrultduğunu”  sadəcə seyr etməklə kifayətlənirlər.

Emin Əmrullayev tək bir iş bilir. Tədbirlərə gedib, selfi çəkdirib, öz sosial hesabına yerləşdirmək.

Prezident İlham Əliyev, Birinci Vitse prezident Mehriban xanım Əliyevanın təhsilimizə göstərdiyi diqqət və qayğı hamımıza məlumdur. Sadəcə təhsilimiz nazirinə güvənmir!

Xəbəral.az saytı adı çəkilən hər iki nazirliyin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir