Ana Səhfə

“Dünyanın Nağılı”- Günel Türksoyun şeiri

Sharing is caring!

Tanınmış şairə Günel Türksoy Xəbəral.az-ın oxucuları üçün maraqlı şeir təqdim edib.

Buyurub oxuyun:


Şeirin adı: “Dünyanın Nağılı”


Elə bil ki,bu dunyanin nağılından doğulmuşuq
Dönüb bir ovuc ulduza yer üzünə dağılmışıq
Dığırlanıb hərəmiz bir küncə düşüb boğulmuşuq
Bəxtimizə yazılmadı bu dünyanın düz tərəfi.


Goydən düşən uç almanı gözləməkdən yorulmuşuq
Köhnəmizə yamaq vurub,üzləməkdən yorulmuşuq.
Özümüzə hər gün biraz döz deməkdən yorulmuşuq
Bağrımızın üstə düşdü səbrimizin köz tərəfi.


Nə xalçamız uçan oldu,nə yola nur saçdı kəmər,
Sehirli bir xalat tapdıq,ciblərindən çıxdı kədər,
Dünən hədər, bugün hədər, sabah bundan qat- qat betər
Ağrılara qucaq açdı qəlbimizin döz tərəfi.


Ayaq üstə ömür sürən ölülər var, diri yoxdur
Bel bağlayıb söykənməyə bir quruca tiri yoxdur
Nə axtarsaq gördük ki biz, biri vardır,biri yoxdur
Nəm çəkməkdən tor salıbdır üzümüzün göz tərəfi.


Baxışlardan buz sallanıb,ürəklərdən asılıb daş
İtib inam,itib güvən,düşmən olub bacı-qardaş
Əllərinlə ağzına bal yedirtdiyin çox dost,sirdaş
Bir gün dedi zəhər dadır əllərinin duz tərəfi.


Nahaq dönüb haqq olandan,üzü döndü bu dünyanın
Bircə ovuc külə döndü,közü söndü bu dünyanın
Şikəst qalan ayağının izi dindi bu dünyanın,
Dil açırmış bu dünyanın ayağının iz tərəfi.
Bəxtimizə yazılmadı bu dünyanın düz tərəfi.

Müəllif: Günel Türksoy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir