Ana Səhfə

“Elnur Şuşadan Ermənistana aparılıb”

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsir düşmüş Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin azad edilməsi ilə bağlı yayılan məlumata münasibət bildirib. 

XəbərAl.az xəbər verir ki, “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, aidiyyəti beynəlxalq təşkilatlardan daxil olmuş məlumata əsasən, 1 fevral 2017-ci il tarixində Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu 2 fevral 2019-cu il tarixdə saxlanıldığı Şuşa şəhərindən Ermənistan Respublikasına aparılıb.

Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.