AKTUAL manset

Cəmiyyətlə dövlət qurumları arasında baryer-Mətbuat xidmətləri

Son illər sosial medianın həyatımızdakı mühüm rolu danılmazdır. Mavi ekranlar artıq keçmiş aktuallığını qoruya bilmir. İnsanların əsas məlumat qaynağı informasiya portalları, onların sosial şəbəkələrdəki rəsmi səhifələri, “YouTube” platformasında fəaliyyət göstərən internet TV-lərdır. Son zamanlar Azərbaycan iqtidarı köklü islahatlara gedir. Aktiv qurumlarda dəyişikliklər aparılır, yeni qurumlar yaranır. Aparılan dəyişikliklərin nəticəsində və yaranan qurumların fəaliyyət sferasında vətəndaşlar üçün müxtəlif imtiyazları təqdim edən sosial lahiyələr hazırlanır. Təbii ki, yuxarıda qeyd etdiyim informasiya portallarının əsas vəzifələrindən biri də bu sosial lahiyələrin ictimaiyyətə vətəndaşların yararlanması üçün təqdim edilməsidir. Bu peşə fəaliyyətindən əlavə hər bir jurnalist üçün eyni zamanda peşəkar qürurunu oxşayan bir amildir. İnsanlara faydalı olmaq, ictimailəşmənin müsbət nəticələrini görmək. Ancaq bizlər bunu kifayət qədər edə bilirikmi?! Vətəndaşlarımiz ölkə başçısının şəxsi nəzarətində aparılan sosial lahiyələrdən nə qədər məlumatlıdırlar? Qurumlar işləyir, vətəndaşlara xidmət göstərir. Ölkə başçısı cənab İlham Əliyevin “sosial rifah” siyasətini həyata keçirməyə çalışır. Belə olduğu halda biz media mənsubları niyə bu informasiyanı qurumların mətbuat xidmətindən alıb cəmiyyətə ötürə bilmirik?! Niyə nazirliklərin mətbuat xidmətində çalışan, telefon zənginə 11-ci dəfədən sonra cavab verən, özlərini nazirliyinin media qarşında məsul olduğunu unudub əməkdaş yox Nazir kimi aparan bəylər, qəbullarına min bir zülmə düşəndən sonra otaqda bahalı ətirlərinin baş gicəlləndirən qoxusundan başqa heç bir faydalı və müsbət təəssürat bağışlamayan dövlətin qayğısını, təminatını vətəndaşın hiss etməsi üçün informasiya portallarının çoxuna yardımçı olmayan xanım mətbuat xidməti əməkdaşları öz öhdəliklərini unudurlar. Özlərinin dövlət qulluqçusu yox gözəllik müsabiqəsi qalibi kimi aparan mətbuat xidməti rəhbəri xanımların əslində peşə borcu olan informasiyanı mediaya ötürməni bu qədər ağırlaşdıran səbəb hər nədirsə bu səbəbi tezliklə aradan qaldırmaları dövlət-vətəndaş münasibətlərinin xeyrinə olacaq. Mövcud xüsusi karantin rejimi günlərində insanlarda xüsusi qıcıq yaradan Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin “informasiyasızlıq” siyasətidir. Qurumun mətbuat katibi Fazil Talıbov ən azından lütf edib 1000-lərə insanın 190 manat yardımla bağlı aldığı imtina əsaslarına bir açıqlama gətirərsə biz də media olaraq bunu ictimaiyyətə çatdırarıq. Eyni “informasiyasızlıq” böhranını media mənsubları mütəmadi olaraq Ədliyyə Nazirliyi ilə də yaşayırlar. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində tez-tez dustaq ölümü, işgəncəsi ilə bağlı dezinformasiyalar yayılır. Biz media mənsubu olaraq çox hörmətli Aynur Sabitova ilə əlaqə saxlayana qədər xaricdə fəaliyyət göstərən, Azərbaycançılıq maraqlarından başqa hər şeyə xidmət edən internet TV-lər məlumatı istədikləri kimi bəzəyib-düzəyir. Ölkə ictimaiyyəti həyəcanlanır, danışır, müzakirə edir sonda da yalanı beyinlərində həqiqət kimi qəbul edir. Nəticədə operativlik olmadığı üçün qərəzli informasiya yayılır və verilən təkzib, açıqlama “arxadan atılan daş topuğa dəyər” atalar məsəlini xatırladır. Əziz Mətbuat xidmətləri rəhbərləri günümüzün tələbi sosial mediyadır. Dövlət vətəndaş hüquqlarının təminatçısıdır bizlər o təminatı vətəndaşa çatdıran vasitəyik. Önümüzü kəsməyin arxamızda durun ki, vətəndaş cəmiyyəti onlar üçün çalışan qurumların qayğısını görsün.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir