Müsahibə

“Uşağımın damarlarında mənim qanım axır” ifadəsini yalan edən qruplar: Həkim SİRLƏRİ AÇDI – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

Bu gün 14 İyun – Ümumdünya Qan Donoru Günüdür. Qan bütün orqanizmin idarə olunmasında mühüm rol oynayır. Məhz buna görə də deyirlər ki, bəzi xəstəliklər qanla, nəsildən-nəslə keçir.

Bəs doğrudanmı, insanın qan qrupu hansısa xəstəliyə tutulma riskinin çoxluğundan xəbər verir? Bəzən dünyaya gələn uşaq nə ananın, nə atanın qan qrupuna uyğun qanı daşıyır. Bununla da “uşağımın damarlarında mənim qanım axır” ifadəsi ikinci plana keçir. Bunun əsas səbəbi nədir?

Oxu.Az-ın bu və digər suallarını Bakı Sağlamlıq Mərkəzində Qan bankı və hematologiya şöbəsinin rəhbəri, həkim-hematoloq Səhər İsmayılova cavablandırıb.

– Bu gün daha çox mənfi, yoxsa müsbət rezuslu qan qrupunun tapılması ilə bağlı çətinlik var?

– Təbii ki, mənfi rezuslu qan qruplarının tapılması çox çətin olur. Çünki insan populyasiyasında müsbət rezuslu qan qrupu daşıyıcılarının sayı mənfi rezuslu daşıyıcılardan çoxdur. 

Mənfi rezuslu qan qruplarımız, demək olar ki, azdır. Bu cür xəstələr də, donorlar da digərlərinə nisbətən azdır. Bu gün qan ehtiyatı yığılan zaman (-)IV qan qrupunun tapılması çətin olur. Bu qrupda ciddi şəkildə çətinliklər yaranır.

Maraqlı bir məqamı da qeyd edim ki, məsələn, türk populyasiyası üçün hesablanan statistik nəticələrə görə, onlarda ikinci qan qrupunun daşıyıcıları daha çoxdur.

– İnsanlarda qan xəstəlikləri niyə bu qədər artıb?

– Hazırda ölkədə qan ehtiyatı daha çox irsi və qazanılmış xəstəliklərdə istifadə edilir. İrsi qan xəstəlikləri dedikdə talassemiya, oraqvari hüceyrə anemiyaları və s. nəzərdə tutulur. Bunlar Azərbaycanda yayılan xəstəliklər siyahısındadır. Ölkədə talassemiya daşıyıcıları nikahdan öncə aparılan müayinələr zamanı yoxlanılır. Bu yoxlamalar 2015-ci ildən tətbiq edilir. Proqramın məqsədi yeni doğulacaq talassemiya xəstələrinin sayını azaltmaqdır.

Kiprdə bu proqramın tətbiqi nəticəsində 10 il ərzində oradakı talassemiya xəstələrinin sayının ciddi şəkildə azalmasına nail olublar. Ümid edirəm ki, bu proqram bizdə də talassemiya xəstələrinin sayında azalmalara gətirib çıxaracaq.

Bu gün irsi qan xəstəliklərindən əlavə, digər hematoloji xəstəliklərdə – kəskin leykoz, xroniki leykoz, eyni zamanda onkoloji xəstəliklər zamanı kifayət qədər qan ehtiyacı yaranır. Xəstələr kimyəvi dərman preparatları aldıqları üçün qan ehtiyatı azalır və qan köçürmələrinə ehtiyac yaranır.

Bundan başqa, travmalarda, cərrahiyyə əməliyyatları zamanı da müvafiq qaydada qana ehtiyac yarana bilir.

– Tibb o qədər inkişaf edib ki, demək olar ki, bütün orqanların əvəzləyicisi var. Bəs qanı əvəz edən hər-hansı bir kəşf varmı?

– Günümüzdə bu istiqamətdə çox ciddi araşdırmalar gedir. Biz bu gün hər-hansı plazmanı xəstəyə köçürərkən mütləq qan qruplarını yoxlayırıq. Rezus faktoru olmasa da, qan qrupu çox önəmli rol oynayır. Hazırda xüsusi cihazlar vasitəsilə plazmadakı hər-hansı qan qrupunu ləğv edə bilirlər. Araşdırmalar nəticəsində xüsusi texnologiyanın, cihazın köməyi ilə mütəxəssislər universal plazma əldə edə biliblər, yəni o, bütün qan qruplarına uyğun olur.

Əvvəl biz yalnız dördüncü qan qrupu daşıyıcılarına bütün qan qruplarından qan köçürə bilirdik. Düşünürəm ki, qan barəsində də belə bir kəşf olacaq. Bu, çox yaxşıdır.

– Mənfi, yoxsa müsbət rezuslu qan qrupu daha təhlükəsizdir?

İnsanda qan qrupları – I, II, III, IV olmaqla fərqli qruplara ayrılır. Hər bir insanın öz qan qrupu var. Yaxud da digər çeşidləmə ilə desək “A”, “B”, “0” və “AB” formasında ayrılır və hər bir qrupun öz “-” və “+” rezusları var. Təhlükə deməzdim, amma (-)I qrup universal hesab edilir. Söhbət qadınlardan gedirsə, ümumiyyətlə mənfi rezuslu qan gələcəkdə çətinlik yarada bilər.

Belə ki, mənfi rezuslu qan qrupu daşıyıcısı olan qadınların dünyaya gətirdikləri uşaqda antitellər yarana bilir. Bu da uşaqlarda hemolitik anemiyanın əmələ gəlməsinə gətirib çıxarır. Belə bir statistika var ki, əhalinin 85 faizi müsbət rezuslu qan qrupuna, 15 faizi isə mənfi rezuslu qan qrupuna malikdir. O 15 faiz mənfi rezuslu qan qrupuna daxil olan qadınların da yalnız 15 faizində rezus antiteli dediyimiz antitellər aşkar olunur. Bu antitellər ya ikinci hamiləlikdə, ya da birinci hamiləliyi düşük, abortla nəticələnən qadınların növbəti hamiləliyində mənfi fəsadlar verə bilər. Amma bu, mütləq deyil. Mənfi rezuslu qan qrupu yalnız bu hallarda təhlükəli hesab edilə bilər.

– Bəzən bir ailədə doğulan uşağın qanı nə ananın, nə də atanın qan qrupuna uyğun gəlir. Bu nə ilə bağlı olur?

– Bəzən bu cür hallar olur və müraciət edən şəxslər çox təlaşlı, həyəcanlı olurlar. Qeyd edirlər ki, uşağın qanı niyə atanın, ananın qan qrupuna aid deyil? Bu, uşağın qanında olan antigenlərə bağlıdır. Qan qruplarının hər birinin özünün antigenləri var və onlara görə II və III qan qrupundan olan ata-ananın övladları – I, II, III, hətta IV qan qrupundan ola bilərlər. Bu, elmi cəhətdən sübut olunub.

Bəzən ailələr gəlir və deyirlər ki, ata və ana müvafiq olaraq II, III, uşaq isə I qan qrupunun daşıyıcısıdır, uşaq bizim deyil. Lakin bu elə deyil, belə hal ola bilir.

Amma I və II qrupdan olan ata-ananın övladları yalnız I və II qan qrupu ilə doğula bilərlər. I və III qan qrupundan olan ata-ananın övladları isə yalnız I və III qan qrupu ilə doğula bilərlər. Ata və ana hər ikisi II qan qrupunun daşıyıcısıdırsa, onların övladlarının qanı həm I qrup, həm də II qrup ola bilər. Bu, genetik uyğunluqlara əsasən baş verir və normaldır.

Bəzən deyirlər ki, nəslimizdə I qrup qan yalnız babamızda olub, bəlkə, ona görə belə olub. Amma xeyr, bu, elə valideynlərin qan qruplarındakı antigenlərlə əlaqəli məsələdir.

– Qan donorlarının sayı da nisbətən azalır. Sağlam qidalanmaya düzgün riayət edilmədiyindən bir çox insan qan vermək istəsə də, mümkün olmur. Donor olmaq üçün ən önəmli faktorlar nələrdir?

– ÜST tərəfindən hazırlanan donor kriteriyaları var. Donor yaşı 18-65 arası olmalıdır. Davamlı donor kimi qanvermədə iştirak edibsə, 65 yaşdan yuxarı şəxslərdən də qan götürülə bilər. Lakin ümumiyyətlə 65 yaşdan yuxarı şəxslərdən qan götürülməsi tövsiyə edilmir.

Donor olan şəxs ağır dərman preparatları qəbul etməməlidir. Son bir il ərzində ciddi əməliyyat keçirməməli, viruslu xəstəlikləri olmamalıdır və qan verməzdən öncə qanın ümumi analizi, viruslu infeksiyaların olub-olmaması yoxlanılır. Analiz nəticələri təmiz çıxarsa, qan götürülür. Nəticələrdə virus aşkarlanarsa, donora məlumat verilir və müvafiq müalicə alması tövsiyə olunur. Xüsusi donor blankı bu kriteriyalar əsasında doldurulur.

– Belə deyirlər ki, əvvəllər qan verməzdən bir neçə gün əvvəl adamlar qırmızı çaxır içirdilər ki, qan daha da artsın. Bu gün belə bir tendensiya qalmaqdadır, yoxsa necə?

– Qan verməzdən əvvəl alkoqollu içkilərin qəbulu uyğun hesab edilmir. Biz donorlara son 24 saat ərzində alkoqollu içki qəbul etməməyi tövsiyə edirik. Çünki alkoqollu qan köçürüldüyü insana mənfi təsir göstərə bilər. Bu kimi halların qarşısını almaq məqsədilə alkoqol istifadəsi düzgün hesab edilmir.

– Bir nəfər il ərzində neçə dəfə, hansı müddət aralığında və nə qədər qan verə bilər?

– İl ərzində insanlar dörd dəfə qan verə bilərlər. Kişilərə hər üç aydan bir qan vermələri tövsiyə edilir. İki aydan bir də ola bilər, önəmli olan səkkiz həftənin tamamlanmasıdır. Qadınlara isə ildə üç dəfə, hər dörd aydan bir qan vermələri tövsiyə edilir. Bu qanın təmizlənməsi, bərpa edilməsi prosesi var. Verilən qanın bədəndə bərpası iki-üç ay vaxt aparır.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir