Vəzifəsindən azad ediləcək olan Ukrayna müdafiə naziri Aleksey Reznikovun üç müavini istefa ərizəsini yazıb.
Bu, yeni müdafiə nazirinin təyin olunması ərəfəsində baş verib.
Bu barədə xalq deputatı Aleksey Qonçarenko “Telegram” kanalında məlumat verib.
Parlamentarinin sözlərinə görə, Müdafiə Nazirliyinin üç əməkdaşı – nazir müavini Vladimir Qavrilov, nazirin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşdırma üzrə müavini Vitali Deyneqa, müdafiə nazirinin Avropaya inteqrasiya üzrə müavini Andrey Şevçenko istefa ərizələrini yazıblar.
Hakimiyyətdəki mənbənin bildirdiyinə görə, nazirin işdən çıxarılması halında onun bütün müavinləri avtomatik olaraq işdən çıxarılır və bunun üçün ayrıca bəyanatlar yazmağa ehtiyac yoxdur. Mənbə qeyd edib ki, belə bir norma qanunvericilikdə var, Müdafiə Nazirliyi üçün heç bir istisna yoxdur, baxmayaraq ki, mətnin özü kifayət qədər qeyri-müəyyəndir.
Həmçinin vurğulanıb ki, hökumət nazir müavinlərini yenidən təyin edə bilər ki, bu da qanunla qadağan olunmayıb.
Xatırladaq ki, Ukrayna Ali Radası gələn həftə müdafiə naziri Aleksey Reznikovu vəzifəsindən azad edəcək. Həmçinin Mədəniyyət Nazirliyinin rəhbəri və bir sıra digər yüksək vəzifə sahibləri də əvəzlənəcəklər.
Məlumata görə, Ukraynanın hazırkı müdafiə naziri Aleksey Reznikov həqiqətən də istefasını gözləyir. Onun kürsüsünə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerov oturacaq.
Mənbə: RBC-Ukrayna
Xeberal.az