Cəmiyyət

Dövləti və sahibkarı ziyana salan əmək kitabçaları: “Müəssisə ona görə bir neçə ştat saxlamalı olur” – FOTO

Sharing is caring!

“Əmək kitabçaları dövriyyədən çıxarılacaq”.

Bunu Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vacib hüquqi islahatlar hazırlamaqdadır:

“Yaxın gələcəkdə bu paketin hökumətə təqdim olunacağı gözlənilir, onun qəbulundan sonra isə biz nəinki fiziki əmək kitabçalarını dövriyyədən çıxaracağıq, həm də bütün sənəd dövriyyəsi rəqəmsal mühitdə aparılacaq”.

M.Abbasbəyli həmçinin ilk əmək kitabçalarını 2014-cü ildən sonra alan vətəndaşın gələcəkdə işəgötürənə təcrübəsini təsdiqləyən kağız daşıyıcı təqdim etməli olmayacağını vurğulayıb.

“İlk əmək kitabçalarını 2014-cü ilədək almış vətəndaşlar onu saxlamalıdırlar, belə ki, bu onlara əmək münasibətlərinin tənzimlənməsi prosesində və pensiya yaşına çatdıqda lazım ola bilər”.

Bəs görəsən, sözügedən elektronlaşma nə zaman baş tutacaq? Onun hansısa mənfi cəhətləri ola bilərmi? 

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, əmək kitabçaları öz funksiyasını çoxdan itirib:

“Sadəcə, onu dövriyyədən çıxarmaq lazımdır. 2014-cü ilə qədər elektron informasiya sistemi yox idi. Lakin indi var. Əmək kitabçası müəyyən hallarda hər hansı bir nəyisə təsdiq etmək üçün zəruri ola bilər. Amma indi demək olar ki, onlara ehtiyac qalmayıb. Dövriyyədən çıxarıb, sahiblərinə təqdim etmək lazımdır”.

S.Məmmədov qeyd edib ki, Rusiyada əmək kitabçasının dövriyyədə qalması il ərzində biznesə milyardlarla rubl ziyan vurur:

“Əmək kitabçasının dövriyyədən çıxarılması artıq hər yerdə gündəmdir. Rusiyada dövriyyədə qalması il ərzində dövlətə 12 milyard ziyan vurur. Bizdə onu hesablayan olmayıb. Lakin xeyli dərəcədə ziyan vurur. Heç bir əhəmiyyəti yoxdur. Bununla bağlı bir müddət əvvəl təkliflər vermişik. Uzanmağı onunla bağlıdır ki, bir neçə prosedur yerinə yetirməlidirlər”.

Sahib Məmmədovun fikrincə, Əmək Məcəlləsində dəyişikliyə ehtiyac var:

“Əmək kitabçaları ilə bağlı qanun ləğv edilməli, əmək kitabçalarının sonrakı statusu ilə bağlı qərar qəbul olunmalıdır. Bir sıra qanunvericilik aktları dəyişilməlidir. Müəyyən iş yerləri var ki, orada iş stajı tələb olunur. Əmək kitabçası sığorta stajını göstərmir. Sığorta stajı 2006-cı ildən hər kəsin öz fərdi kartında gedir. Yəni o kitabçanın qalmağına lüzum yoxdur”.

Sədr əlavə edib ki, rəqəmsal əmək kitabçası CV rolunu oynayır:

“Rəqəmsal əmək kitabçası CV rolunu oynaya bilər. Başqa bir rolu olduğunu düşünmürəm. Elə müəssisə var ki, əmək kitabçasına görə bir neçə ştat saxlamalı olur. Onun indiki halda heç bir əhəmiyyəti yoxdur”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə əlavə edib ki, bu, qanunvericiliklə bağlı bir məsələ deyil:

“O qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir. Qanunvericiliklə bağlı məsələlərə Milli Məclisdə baxılır. Önəmli və vacib məsələdir. Bütün dünya artıq elektron sistemə keçib. O baxımdan Azərbaycan üçün də çox önəmlidir”.

C.Məmmədov bildirib ki, proqram elə hazırlanmalıdır ki, vətəndaşlar ciddi çətinliklərlə üz-üzə qalmasınlar:

“Proqram təminatının ən yüksək səviyyədə olması önəmlidir ki, sabah hansısa formada proqramda problem yaranmasın. Əmək kitabçası ilə bağlı məsələ belədir ki, bütün məlumatlar sənədləşdirilir, arxivləşdiilir və aktlaşdırılırdı. Sənəd itdikdə belə, yeni sənəd almaq mümkün idi. 

Bütün dünya elektron sistemə keçib. Biz onu da nəzərə almalıyıq ki, sistem çox mükəmməl olmalıdır ki, proqram çöküşü yaşanmasın. Bununla məlumatları elektron qaydada daxil edə biləcəyik. Vətəndaşlar kifayət qədər yararlanacaqlar”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir