Siyasət

“Azərbaycan-Gürcüstan əməkdaşlığı Cənubi Qafqazda maraqları olan dövlətlərə də fayda gətirir” – FOTO

Sharing is caring!

“Azərbaycan-Gürcüstan münasibətləri regionda əməkdaşlığın nə qədər vacib olduğunu göstərən çox yaxşı bir nümunədir və bu əməkdaşlıq yalnız bölgədə yaşayan xalqlara yox, həm də Cənubi Qafqazda maraqları olan dövlətlərə fayda gətirir”.

Bu sözləri ”Report”a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfərinin ikitərəfli əlaqələrin daha dinamik inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayaraq bildirib ki, səfər çərçivəsində müzakirə olunan məsələlərin məzmunu regionun tarixində mühüm bir mərhələnin başlandığını göstərir:

“Avropanın və dünyanın bu gün ən çox diqqət yetirdiyi məsələlərdən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. Azərbaycan bir neçə ilə Avropaya qaz ixracını artırmağı planlaşdırır ki, bu da Gürcüstanın tranzit ölkə kimi strateji əhəmiyyətini artırır”.

Deputat Azərbaycanla Gürcüstan arasında siyasi münasibətlərin də ən yüksək səviyyədə olduğunu xatırladaraq vurğulayıb ki, bu, iqtisadi sahədə əməkdaşlığın dərinləşməsinə əlavə impuls verən ciddi faktorlardan biridir:

“Cənubi Qafqazın gələcəyi ilə bağlı məsələlərdə iki ölkə, demək olar ki, eyni mövqedən çıxış edir. Ərazi bütövlüyü, bir-birinin suverenliyinə hörmət bu mövqeyi ifadə edən əsas elementlərdir. Regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlərdə Azərbaycan və Gürcüstan hər zaman sıx əməkdaşlıq ediblər. Bu, bir tərəfdən hər iki ölkənin dövlət maraqlarının tələbidir, digər tərəfdən, ümumilikdə bölgə xalqlarının rifahı üçün ən optimal yanaşmadır. Ona görə də düşünürəm ki, bizi yalnız qlobal iqtisadi layihələr deyil, həm də ortaq siyasi maraqlar birləşdirir”.

R.Məmmədov beynəlxalq münasibətlər sistemində yeni çağırışların aktuallaşdığı indiki mərhələdə Azərbaycanla Gürcüstan arasında əlaqələrin güclənməsi üçün daha əlverişli şərait yarandığını qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir