Şou-Biznes

Pərəstişkarı ilə evlənən, Azərbaycanın ilk faltet səsli müğənnisi – Unudulan məşhurlar

Sharing is caring!

Lent.az "Unudulan məşhurlar" rubrikasını davam etdirir. Bu dəfə bir zamanlar "Karvan" qrupunda çıxış etmiş, Azərbaycanın ilk faltet səsli kişi müğənnisi olan və mediadan uzaq gəzən İlqar Xəyal haqqında söhbət açacağıq.

İlqar Xəyal 1966-cı il sentyabr ayının 15-də Bakıda anadan olub. O,190 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra, Azərbaycan Texniki Universitetinə daxil olub. Bundan başqa, onun tar üzrə musiqi təhsili var. Elə buradan onun sənətə, ifaçılığa həvəsi yaranır. Hətta İlqar gənc yaşlarında ikən tarda muğamlarımızı məharətlə ifa edirmiş.

İlqar müsahibələrinin birində musiqi fəaliyyətinə erkən yaşlardan başlaması haqqında deyir: “Məktəbdə oxuyanda şagird yoldaşlarım ilin 10 ayını dərsə gedirdisə, mən bu 10 ayın yalnız 2-3 ayını dərsə gedə bilirdim. Digər vaxtlarda qastrol səfərlərində olurdum. Peşəkar musiqi ilə məşğul olurdum. İlk dəfə Filarmoniyada dahi Maestro Niyazinin simfonik orkestri ilə 45 dəqiqə ərzində konsert proqramı ilə çıxış edən mən olmuşam. O zaman 4-cü sinifdə oxuyurdum. Dəfələrlə Azərbaycanı Moskvada təmsil edib simfonik konsertlər vermişəm".

Vaxt keçdikcə müasir musiqiyə: popa, estradaya, roka marağı böyüyür. Cavanlığında dəbli geyimlərə və idmana meyl göstərir. Onun ulduzu "Bakı payızı" müsabiqəsinin birincisi olandan sonra parlayır, desək, yanılmarıq. Maraqlısı budur ki, müsabiqədən sonra, 1988-ci ildə Sevinc Kərimova İlqarı "Karvan" qrupuna dəvət edir. O zaman "Qərib Durnalar" mahnısı təqdim olunur. Bu, onun ilk mahnısı olur. 1990-cı illərin əvvəlində məşhur "Karvan" qrupunun tərkibində məşhurlaşmağa başlayır.

"Karvan" qrupu onun üçün böyük nailiyyətlərindən biri hesab olunur. Qrupun daxilində məhz ilk mahnısı "Sarı güllər"i təqdim edir. Daha bir maraqlı fakt: Bu mahnıya çəkilən klip Azərbaycanda çəkilən ilk rəsmi klip idi. Bundan əlavə, İlqar Xəyal Azərbaycanın ilk faltet səsli (nazik səslə, ən aşağı və ən yuxarı tempdə oxumağı bacaran ifaçı) müğənnisi olaraq tarixə düşüb. “Karvan”ın daxilində ilk musiqi sintezləri, eksperimentləri, ilk video klipləri, ilk aranjemanları etməyə nail olur. Onun sözlərinə görə, bir musiqiçi olaraq Azərbaycanda pop musiqisinin əsasını qoyanlardan olub.

İlqar SSRİ-nin süqutunu, 90-ların keçid dövrünü, Qarabağ hadisələri və s. kimi önəmli hadisələri görür və bu da ona təsirsiz ötüşmür. Dediyinə görə, o, durğunluq yaşayır o dövrlərdə. Təbiətə, musiqiyə, tənhalığa üz tutur. Öz pərəstişkarı ilə ailə qurur və sonra boşanır. İkinci dəfə evlənir və müsahibələrinin birində xanımı haqda deyir: “Konsertlərimdə hamı mənə sarı güllər bağışlayanda Sevda mənə hamının acığına qırmızı güllər verirdi və mənə maraqlı gəlirdi ki, bu xanım kimdir? Pərdə arxasından ona baxıb “Karvan”dakı uşaqlara dedim ki, baxın, o qızı görürsünüz? O, mənim arvadım olacaq və elə də oldu. Seva mənim köhnə fanatlarımdan, dinləyicilərimdən olub”.

İlqarın hazırda üç oğlu var. 

İlqar Xəyal 2002-2003-cü illərdə ANS televiziyasında yayımlanan “Baş-başa” verilişində,"İdman Azərbaycan" telekanalında isə “Çempionlar klubu” proqramında aparıcılıq da edir. Onun ifaları arasında ən populyar mahnısı “Qara gözlər”dir. 

Başqa bir müsahibəsində illərdir fəxri ad ala bilməməyindən danışan İlqar “"80-90-cı illərdən bu yana təmsil etdiyim beynəlxalq müsabiqələr, diplomlar, stadion konsertləri, unudulmayan nəğmələr, "Karvan" qrupunun irsinə kimsə çıxıb dəyər verəcəkmi? Aparıcılar soruşanda ki, "İlqar bəy, sizi necə təqdim edək?", mən utanıram! Bu gün əməkdar-xalq artistləri var ki, heç öz repertuarları yoxdur, çıxıb Şakiranın, Sosonun mahnılarını oxuyur. Amma, mənim repertuarımla nəsillər böyüyüb! Ölümümə yaxın, mənim buna ehtiyacım olmayanda, təltif olunaram yəqin. Hər halda gözləyək", – deyib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir