Sosial

OKTYABRIN 17-Sİ TARİXİMİZDƏ ƏBƏDİ QALACAQ

Sharing is caring!


Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Füzulinin azad edilməsi xüsusi əhəmiyyə malikdir. Əvvəlcə qeyd edək ki, Füzuli rayonunun ərazisi Zəngin infrastruktur və tarixi abidələrə malik olan ərazi. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
Ötən il oktyabrın 17-də Füzuli şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Bu, bizim ordumuza əlavə güc verdi, inam verdi və bu qələbədən sonra bizim şanlı əsgərlərimiz öz tarixi missiyasını digər yerlərdə də icra etdi. Rayonun camaatı yaxşı bilir ki, müharibənin ilk günlərində Füzuli rayonunun 4 kəndi azad olundu və bu, bizim birinci uğurumuz idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bir il bundan əvvəlki dövrə qayıdaraq qələbəmizin əzəmətini bir daha görürük.
Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdi.
Füzulinin düşməndən azad olunması ordumuza əlavə güc verdi, mənəvi ruh verdi. Bu mənəvi üstünlüyü biz müharibənin son gününə qədər, son dəqiqəsinə qədər saxladıq.
Orxan Əzimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir