Siyasət

Deputat: “Bir neçə gündən sonra Azərbaycanın üçrəngli bayrağı Laçın şəhərində dalğalanacaq”

Sharing is caring!

“Laçın dəhlizinə alternativ yolun Azərbaycan hissəsinə düşən marşrutunun tikintisi yekunlaşıb. 10 Noyabr Bəyanatına əsasən, Rusiya sülhməramlıları və ermənilər bundan sonra Laçın şəhərindən və ətraf kəndlərdən çıxmalıdırlar və proses, demək olar ki, yekunlaşmaq üzrədir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. O bildirib ki, bir neçə gündən sonra Azərbaycanın üçrəngli bayrağı Laçın şəhərində dalğalanacaq.

Deputat qeyd edib ki, bu, Azərbaycanın növbəti tarixi uğurudur.

Cavid Osmanov Laçının işğal tarixini də xatırladıb və deyib ki, biz həmin illəri unutmamalıyıq.

“1992-ci ilin mayın 18-də Laçın işğal edildi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyünün bəzi mənfur və xəyanətkar üzvlərinin ölkədə apardığı siyasət, onların hakimiyyət hərisliyi ermənilərin əlinə fürsət verirdi. Nəticədə mayın 8-də Şuşa, 18-də isə Laçın işğal olundu. Beləliklə, Ermənistanla Qarabağ arasında koridor təmin edildi və sonrakı mərhələdə bura silah-sursat daşındı, qeyri-qanuni məskunlaşdırılma həyata keçirildi”, – deyə millət vəkili qeyd edib.

Milli Məclis üzvünün fikrincə, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib:

“Çünki biz tarixi qələbəni Prezident İlham Əliyevin düzgün qurduğu strategiya və ordumuzun gücü sayəsində qazandıq. Bir neçə gündən sonra da Laçın şəhəri tamamilə azad olunacaq və şanlı bayrağımız orada qaldırılacaq, 30 illik həsrətə son qoyulacaq”.

Cavid Osmanov ermənilərin Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk edərkən evləri, meşələri yandırmasından da söz açıb və bunu vandallıq kimi dəyərləndirib.

“Bunlar erməni vəhşiliyidir. Onlar bu vandallığa görə məsuliyyət daşıyırlar”, – deyə o fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir