Siyasət

“Azərbaycanın yaşıl enerji siyasəti qlobal siyasi arenada mövqeyini daha da gücləndirməyə imkan verir” – FOTO

Sharing is caring!


“Azərbaycan Prezidentinin andiçmə mərasimində söylədiyi nitq yeni tarixi mərhələyə qədəm qoymuş müstəqil dövlətimizin strateji hədəfləri, bugünkü və gələcək qayğıları, qarşımızda duran vəzifələr haqqında kifayət qədər aydın təsəvvür yaradır. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də milli dövlətçilik maraqlarımızın müdafiəsi, ölkənin təhlükəsizliyinin qorunması, vətəndaşların rifahının təmin edilməsi üçün zəruri olan siyasi qərarların vaxtında qəbul edilməsinə zəmanət verən idarəetmə sisteminin təxmini konturlarını göstərdi”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputatın sözlərinə görə, Prezidentin xüsusi vurğuladığı məqamların hər birini ayrıca təhlil etmək, Azərbaycan tarixinin ən böyük zəfərinə imza atmış siyasi liderin ölkənin gələcəyi haqqında düşüncələrini ifadə edən tezislərin analizini aparmaq çox vacib siyasi-ideoloji əhəmiyyətə malikdir:

“Dünyada baş verən proseslər, yeni geosiyasi təlatümlər, beynəlxalq nizamın tamamilə və ya əsasən dəyişməkdə olduğunu göstərən qlobal hadisələr kontekstində Azərbaycan Prezidentinin nitqi bizə son dərəcə aydın və eyni zamanda, dərin siyasi məzmuna malik mesajlar verir.

Yaşadığımız regionda, eləcə də bizə yaxın və uzaq coğrafiyalarda müşahidə etdiklərimizə əsaslanaraq tam əminliklə söyləmək olar ki, dünya heç vaxt indiki qədər təhlükəli olmayıb. Onu da qətiyyətlə söyləmək mümkündür ki, indi yaşadığımız hadisələr həm də dünyanın heç vaxt əvvəlki kimi olmayacağına işarə edir.

Bəs bu mürəkkəb, ziddiyyətli, ənənəvi nizamı artıq pozulmuş, gücün beynəlxalq hüququ amansızcasına üstələdiyi dünyada Azərbaycan kimi kiçik dövlətlərin öz mövcudiyyətini qoruması üçün nə etməsi lazımdır? Prezident İlham Əliyevin nitqində bu sualın çox aydın, birmənalı və geniş cavabını tapmaq mümkündür. Bu nitqi dövlət başçısının əvvəlki andiçmə mərasimlərindəki nitqlərindən, hətta bəlkə də, bütün çıxışlarından fərqləndirən əsas məqam da, fikrimcə, elə bundan ibarətdir. Mübaliğəsiz və əminliklə demək olar ki, Azərbaycanı indiki mürəkkəb geosiyasi şərtlərdə şanslı hesab etməyə əsas verən də ölkəyə məhz belə güclü liderin rəhbərlik etməsidir.

Müstəqillik tariximizin ayrı-ayrı dövrlərini, nailiyyətlərimizi və uğursuzluqlarımızı saatlarla təhlil etmək mümkündür. Lakin bu yazının əsas məqsədi Azərbaycanın gələcək hədəfləri, yeni geosiyasi situasiyada qlobal çağırışların diktə etdiyi məsələlərin həlli üçün həyata keçiriləcək ən mühüm vəzifələrdən birinin həllinə verə biləcəyimiz töhfəyə diqqəti çəkməkdir. Azərbaycan tarixinin yeni dövrü təkcə dünya nizamının transformasiya mərhələsinə təsadüf etmir, eyni zamanda, qlobal ekoloji problemlərin ümumbəşəri təhdidə çevrildiyi taleyüklü bir anda başlayır”.

Ramin Məmmədov fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisinin müstəqillik tarixinin çox mühüm və zəfərlərlə zəngin mərhələsinə yekun vurduğu və indi yeni dövrə qədəm qoyduğumuz fikrindədir. O, bu dövrün ən vacib məsələlərindən birinin iqlim dəyişikliklərinin dünya üçün yaratdığı təhdidlər olduğunu vurğulayır:

“Bərpa olunan enerji istehsalı sahəsində atılan ardıcıl addımlar, COP29 kimi mötəbər bir forumun Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar göstərir ki, bu gün qarşımızda duran ən strateji məsələlərdən biri məhz yaşıl enerji istehsalının sürətli artımına nail olmaqdır. Bu ona görə vacibdir ki, qlobal enerji sisteminin transformasiyasının vüsət alması, enerji və iqlim məsələlərinin nəinki ölkələrin daxili siyasətində, eləcə də beynəlxalq münasibətlər sistemində ən aktual mövzular sırasında olduğu müasir dövrdə enerji innovasiyasının sərhədləri yenidən müəyyən olunur.

Bütövlükdə bəşəriyyətə təhlükə yaradan ekoloji çağırışlar fonunda Azərbaycanın sol illərdə həyata keçirdiyi enerji və iqlim siyasəti enerji təhlükəsizliyi arxitekturasının bərpa olunan enerji mənbələri hesabına möhkəmləndirilməsini təşviq edir. Təsadüfi deyil ki, Azərbaycan son illərdə əldə etdiyi uğurlar nəticəsində Dünya İqtisadi Forumunun hesabatlarında Enerji Keçidi İndeksinə (ETİ) görə çox böyük sıçrayışa nail olub və dünya ölkələri arasında 32-ci yerdə qərarlaşıb. Dünya üzrə orta ETİ göstəricisi 56,3 olduğu halda, Azərbaycanda bu göstərici 62-dir.

Prezidentin də qeyd etdiyi kimi, 2030-cu ilin sonuna qədər Azərbaycanda beş min meqavata yaxın bərpa olunan enerji növlərinin yaradılması planlaşdırılır. Bunlar, əsasən, Günəş, külək və hidro – su elektrik stansiyaları hesabına həyata keçiriləcək. Dünya İqtisadi Forumunun hesabatlarına istinad etsək, Azərbaycan bərpa olunan enerji mənbələrinə qoyulan investisiyanın ÜDM-də payına görə aparıcı ölkələrin siyahısındadır. ÜDM investisiyalarının ən böyük payına (1,5 faiz) sahib ölkə olan Çindən sonrakı yerdə Vyetnam, Azərbaycan və Bosniya və Herseqovina gəlir”.

“Ölkəmizin son illərdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə qurmağa başladığı yaşıl enerji sistemi Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunması, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi qərarı ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə əhəmiyyətli töhfələr vermək niyyətini təsdiq edir.

COP29 bir tərəfdən ölkəmizin beynəlxalq birliyin məsuliyyətli üzvü kimi qlobal problemlərə həssas münasibətini, digər tərəfdən isə bu sahədə əldə etdiyi təcrübəni bölüşmək niyyətini ifadə edəcək. Dünya İqtisadi Forumunun hesabatlarında Enerji Keçidi İndeksi (ETİ) cədvəlində ilk iyirmiliyi inkişaf etmiş ölkələr tamamlayır. Azərbaycan isə öz göstəriciləri ilə bir çox ölkələri, o cümlədən Belçika, Yunanıstan, İrlandiya, Polşa, İtaliya və digər Avropa ölkələrini geridə qoya bilib.

Azərbaycanın karbohidrogen ehtiyatlarından faydalanan ölkə olmasına baxmayaraq, qlobal ekoloji problemlərin həllinə töhfə verməyə hazır olduğunu nümayiş etdirir. Beləliklə, yeni mərhələyə tamamilə fərqli hədəflərlə daxil oluruq. Bizim ölkəmiz qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrin davamlılığını tamamilə fərqli mənbələr hesabına təmin etməyə hazırlaşır. Bərpa olunan enerji növlərinin yaradılması, qurulan “ağıllı” kəndlər, “ağıllı” şəhərlər artıq bir neçə ildir ki, aktual olan “ekosmart siyasətin” fəlsəfəsi barədə ilkin təsəvvür yaradır. Bu siyasətin əhəmiyyəti yalnız enerji təhlükəsizliyi, ekoloji tarazlığın qorunması, iqtisadi gəlirlərin yeni mənbələrinin yaradılması ilə məhdudlaşmır, həm də insanların sağlamlığı üçün daha əlverişli şərtlərin təmin edilməsini nəzərdə tutur. Azərbaycanın yaşıl enerji siyasəti qlobal siyasi arenada və beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyini daha da gücləndirmək imkanı yaradır”, – deyə deputat fikrini tamamlayıb.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir