Siyasət

Aİ üçün “ev tapşırığı”: Sülh istəyirsə, Ermənistana təzyiq göstərməlidir – ŞƏRH + FOTO

Sharing is caring!


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov fevralın 22-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və sülh sazişi layihəsinin perspektivlərini müzakirə ediblər.

XİN başçısı müəyyən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan Ermənistanın açdığı atəş nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasını sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

“Sülh sazişi layihəsinə gəldikdə, Azərbaycanın növbəti şərhləri Ermənistan tərəfinə təqdim edilib və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlıyıq. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar qəbuledilməzdir”, – məlumatda qeyd olunub.

Görüşdə habelə, tərəflər arasında qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rəsmi məlumatdan da görünür ki, görüşdə daha çox regiondakı durum və Ermənistanla Azərbaycan arasında münasibətlərin cari vəziyyəti diqqətdə olub. C.Bayramovun Aİ rəsmisini mövcud durum barədə məlumatlandırması əslində müstəsna əhəmiyyətlidir. Çünki Aİ xüsusilə son vaxtlar ermənipərəst mövqeyi, Azərbaycana qarşı ritorikası ilə seçilir. İrəvana “vəkillik” edən Qərb təşkilatları, o cümlədən Aİ həqiqəti bilməli və mövcud destruktiv ab-havanın aradan qaldırılması üçün addımlar atmalıdır. Əlbəttə, əgər, həqiqətən, dedikləri kimi regionda sülh istəyirlərsə.

Nazirin səsləndirdiyi fikirlərdə diqqət çəkən əsas məqamlardan biri məhz rəsmi İrəvanın destruktiv mövqeyi ilə bağlı idi. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan və digər rəsmilər müxtəlif beynəlxalq platformalarda sülh barədə ağızdolusu daşınır və hətta Azərbaycanı ittiham edirlər. Amma buna zidd olaraq sabotaja əl atırlar. Niyə? Bu cür təxribatların Ermənistanın mövcud hakimiyyətindən və ya üçüncü güclərdən idarə edilməsindən asılı olmayaraq, fakt göstərir ki, İrəvan sülh üçün lazımi siyasi iradəyə malik deyil.

Bunu təsdiqləyən başqa bir məqam isə yenə də C.Bayramovun haqqında danışdığı Azərbaycana qarşı ərazi iddialarıdır. Bu iddialar Ermənistan qanunvericiliyində, o cümlədən konstitusiyasında aydın şəkildə əksini tapıb. Məlum olduğu kimi, konstitusiya hər bir dövlətin ən ali sənədidir. Əgər qanunvericilikdə Azərbaycana qarşı ərazi iddiaları varsa, Ermənistan hökumət başçısının İrəvanın Bakıya qarşı ərazi iddialarının olmaması barədə səsləndirdiyi bütün fikirlər qüvvədən düşür. Doğrudan da, onun dediyi kimidirsə, onda ərazi iddiaları barədə bütün elementlər Ermənistan qanunvericiliyindən də çıxarılmalıdır.

Bunun ağrılı və çətin proses olduğunu etiraf etməliyik. Ancaq əgər rəsmi İrəvan sülh istəyirsə, buna getməlidir.

2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün təmin olunması sülh istiqamətində yeni imkanlar açdı. Amma bu, o demək deyil ki, bütün problemlər həll olunub. C.Bayramov dünən əsas çətinliklər haqqında T.Klaarı məlumatlandırdı.

Cənubi Qafqazda sülh istədiklərini deyən Aİ rəsmiləri indi Ermənistana təzyiq göstərməli, haqqında danışdığımız maneələrin aradan qaldırılmasına töhfə verməlidirlər. Tarixi təcrübə göstərir ki, İrəvanın “başını tumarlamaq” destruktiv mövqeyə rəvac verir.

Beləliklə, indi nəinki regional sülh, həm də Aİ-nin səmimiliyini göstərməsi üçün tarixi imkan yaranıb. Görək Aİ bu imkanı necə qiymətləndirəcək.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir