Siyasət

Prezidentin sosial siyasəti: Böyük nəticələr və qarşıya qoyulan vəzifələr – ŞƏRH

Sharing is caring!


Azərbaycanın iqtisadiyyatı 2003-cü ildən bu yana xeyli inkişaf edib. Rəqəmlərə nəzər yetirdikdə nəticənin təsəvvürəgəlməz dərəcədəki böyüklüyü görünür.

Təbii ki, iqtisadiyyatın inkişaf etməsi əhalinin sosial rifah səviyyəsinə də müsbət mənada böyük təsir göstərib.

Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxış edərkən bir sıra rəqəmlər səsləndirib.

Dövlət başçısı qeyd edib ki, sosial sahədə görülmüş işlər də göz qabağındadır.

Belə ki, 2003-cü ildə Azərbaycanda minimum əməkhaqqı doqquz manat idisə, indi bu rəqəm 345 manatdır.

Lakin Prezident bildirir ki, bu da yetərli deyil. Deməli, İlham Əliyev göstərir ki, növbəti illərdə də sosial sahədə böyük işlər davam etdiriləcək.

Onu da xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə ölkədə minimum pensiya 20 manat idi. İndi isə bu rəqəm 280 manatdır. Orta pensiya hazırda 500, orta əməkhaqqı isə 940 manat təşkil edir.

Bütün bunlar İlham Əliyevin məqsədyönlü siyasətinin nəticələridir. Bununla belə, Prezident qarşıya yeni vəzifələr qoyur.

Məsələn, İlham Əliyevin andiçmədəki bu sitatı diqqət çəkir:

“Biz, əlbəttə ki, yoxsulluqla bağlı və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda beş faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun.

Müstəqillik dövründə əhalimiz üç milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq.

Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpa olunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək”.

Dövlət başçısı bununla bəyan edir ki, Azərbaycanda əhalinin rifah səviyyəsi daim diqqət mərkəzindədir. İşsizlik probleminin həlli isə aidiyyəti qurumlar qarşısında prioritet olmalıdır.

İlham Əliyev qarşıya tapşırıq qoyur ki, 10 minlərlə yeni iş yeri yaradılmalıdır. Qısası, işsizliklə əlaqədar hüquqi və faktiki problemlər mütləq şəkildə aradan qaldırılmalıdır. Bu, cənab Prezidentin qarşıya qoyduğu mühüm vəzifələrdəndir.

Sosial sahədə vacib məsələlərdən biri də şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir.

İlham Əliyev bildirib:

“Deyə bilərəm ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilib. Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək”.

Görünən budur ki, Azərbaycan apardığı müstəqil siyasətlə bundan sonra da istədiyi nəticələri əldə edəcək. Bu işdə İlham Əliyev liderdir, yol xəritəsi təqdim edəndir.

Müstəqil siyasətin bəhrəsini bu gün biz də dadırıq. Torpaqlarımız işğaldan azad edilib, Azərbaycan suverenliyini təmin edib. Prezidentin dediyi kimi, bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir