Siyasət

Mixail Kotov: “Kosmosda nüvə partlayışı bəşəriyyəti yüzillərlə geriyə ata bilər”

Sharing is caring!


Ötən həftədən etibarən ekspertlər arasında Rusiyanın anti-peyk silahlarını hazırlaması və kosmosda nüvə bombalarının mümkün istifadəsi geniş müzakirə edildi. Öz növbəsində ABŞ bu məsələni özünün milli təhlükəsizliyinə təhdid adlandırdı.

Qeyd etmək yerinə düşər ki, son vaxtlar dünya mətbuatında kosmosda müharibənin qaçılmaz olması barədə materiallar aktiv şəkildə dərc edilir.

Oxu.Az bu məsələni şərh etmək üçün elmi araşdırmalar aparan rusiyalı hərbi jurnalist Mixail Kotova müraciət edib.

Ekspertin fikrincə, bütün bu bəyanatlar, yazılar ABŞ-dəki daxili qarşıdurmanın xarici nəticələridir.

“Rusiya uzun illərdir ki, “Xarici Kosmos Müqaviləsi” (1967-ci il yanvarın 27-də ABŞ, Böyük Britaniya və Sovet İttifaqı tərəfindən imzalanıb – red.) ilə bağlı öhdəliklərə sadiq olduğunu və bu müqavilənin qaydalarına riayət etdiyini bəyan edir. Müqavilədə ən vacib məqamlardan biri də kosmosda kütləvi qırğın silahlarının yerləşdirilməməsi prinsipidir. ABŞ-də isə bəzi siyasi oyunlar gedir və bunun əks-sədaları dünyanın qalan hissələrinə də çatır”, – deyə rusiyalı mütəxəssis qeyd edib.

M. Kotov bildirib ki, növbəti müharibənin kosmosda olacağına dair müzakirələr vaxtaşırı qaldırılır:

“Məsələn, ABŞ indi kosmosa, o cümlədən hərbi ehtiyaclar üçün büdcə ayırmağa hazırlaşır. Amma həmin çinlilər də amerikalılar kimi fəzaya hava-kosmik təyyarələr (orbital təyyarələri – red.) buraxırlar. Lakin kütləvi isteriya nə qədər çox yayılarsa, büdcədən bir o qədər çox pul qoparmaq mümkün olur”.

Bununla belə, M.Kotov hesab edir ki, əgər doğrudan da kosmosda nüvə silahından istifadə edilərsə, bundan bütün “milli” peyklər zərər çəkəcək:

“Fərqi yoxdur, istər Çinin olsun, istərsə də beynəlxalq (dünyanın müxtəlif ölkələrinin kosmonavtları və astronavtları beynəlxalq kosmik stansiyalarda işləyirlər, o cümlədən Rusiya və ABŞ-nin) kosmik stansiyalar. Hər kəs zərər görəcək. Bu, intihar demək olacaq. Sizə xatırlatmaq istəyirəm ki, keçən əsrin ortalarında kosmosda nüvə bombasını ilk dəfə ABŞ partladıb”.

Mütəxəssis Azərbaycanın da kosmosda orbital peyk qruplarının olduğunu nəzərə alaraq vurğulayıb ki, ölkəmizin kosmik fəzada peyklərin olması gözəldir, amma kosmosda güclü nüvə partlayışı baş verərsə, bu, bəşəriyyəti yüzillərlə geriyə atacaq.

“Bundan sonra orbitdə qalacaq böyük miqdarda kosmik tullantılar səbəbindən kosmosa yeni peyklərin buraxılması son dərəcə çətin olacaq”, – deyə o əlavə edib.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir