Siyasət

Denis Denisov: “Erməni cəmiyyətinin bir hissəsi Rusiyanın ermənipərəst mövqe tutacağını gözləyirdi” – MÜSAHİBƏ

Sharing is caring!


Son bir neçə ayda Rusiya, Ermənistan və digər ölkələrin mətbuatı tez-tez Rusiya-Ermənistan münasibətlərinin möhkəmlik baxımından sınaqdan keçirildiyini yazır. Bu tezis Ermənistanın Rusiyanın əsas rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə də aiddir.

İrəvanda KTMT-yə qarşı ictimai hücumlar və tənqidlər davam edir, bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin də bu barədə danışıb. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil. Lakin İrəvan hələ də 2023-cü ilin noyabrında Minskdə qəbul edilmiş KTMT sənədlərinə qoşulmayıb. Ermənistan xarici işlər nazirinin iki müavini – Mnatsakan Safaryan və Vahan Kostanyan bildiriblər ki, bu mövzu hələ də müzakirə olunur. Qeyd edək ki, KTMT-nin Belarus sammitindən təxminən üç aya yaxın vaxt keçir, yeri gəlmişkən, Ermənistan orada da iştirak etməmişdi. İmzalanmaq üçün sənədləri İrəvana KTMT-nin baş katibi İmanqali Tasmaqambetov gətirmişdi.

Vəziyyəti Oxu.Az-a şərh edən Rusiya Sülh Təşəbbüsləri və Konfliktologiya İnstitutunun direktoru Denis Denisov qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlərin möhkəmlik baxımından sınaqdan keçirildiyini eşitmək tamamilə təbiidir, lakin digər tərəfdən həm ikitərəfli münasibətlər çərçivəsində, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı daha geniş kontekstdə bütün tərəflərin motivlərini tam aydın şəkildə başa düşmək olur:

– Erməni mövqeyi, bildiyimiz kimi, Rusiya ilə mümkün qədər yaxın münasibətlərin bərpasının və ya qurulmasının tərəfdarı olmayan baş nazir Nikol Paşinyanın komandasının baxışı əsasında yayılır və formalaşır. Bunun nəticəsində tərəflər arasında çətinliklər yaranır. Amma Paşinyanın mövqeyinə baxmayaraq, Ermənistanda bir çox adamlar, siyasətçilər var ki, Rusiya ilə yaxşı, dostluq münasibətləri olmadan Ermənistanın artıq yaranmış yeni geosiyasi məkanda mövcudluğunun daha çətin olacağını başa düşürlər.

Moskva anlayır ki, Ermənistanın əhalisi və siyasi elitası arasında Rusiya və KTMT-yə qarşı narazılıq var. Siyasi və geosiyasi manevrlərin nüanslarına o qədər də bələd olmayan cəmiyyətin bir hissəsi Qarabağla bağlı münaqişə zamanı Rusiyanın daha çox ermənipərəst mövqe tutacağını gözləyirdi. Amma bu baş vermədi.

Bunun Ermənistanın Rusiya və KTMT ilə qarşılıqlı fəaliyyətinə müsbət təsiri varmı? Xeyr, müsbət deyil, əksinə mənfidir. Vəziyyəti düzəltmək üçün Moskva ilə İrəvan arasında bu sahədə məsləhətləşmələr aparılıb. Təbii ki, biz Ermənistanın potensial Avropa seçimi, Şimali Atlantika Alyansı və ABŞ ilə qarşılıqlı fəaliyyətdə maraqlı olması ilə bağlı İrəvan rəhbərliyinin bəyanatlarını görür və eşidirik. Burada qeyd edə bilərik ki, Ermənistan ilə münasibətlərimiz böhran yaşayır, lakin hər iki tərəfin maraqlarına uyğun olaraq, bir daha deyirəm, bunu aradan qaldırmaq və vəziyyəti düzəltmək lazımdır. Yeri gəlmişkən, mənə elə gəlir ki, Azərbaycan da bunda maraqlıdır. Rusiya-Ermənistan münasibətləri nə qədər konstruktiv olarsa, Cənubi Qafqazda bir o qədər sabitlik olar.

– Yenə də qayıdaq KTMT-yə. Ermənistan KTMT-nin ötən ilin noyabrında keçirilən sammitində qəbul edilən sənədlərin imzalanmasını xeyli gecikdirir. İrəvan bununla kimə və nəyi göstərmək istəyir?

– Əvvəla, Ermənistan KTMT ilə bağlı Rusiyaya öz mövqeyini göstərmək istəyir. İrəvanın fikrincə, KTMT öz missiyasını yerinə yetirməyib. Bu, indi Ermənistan tərəfinin mövcud vəziyyətə münasibətini nümayiş etdirmək üçün ənənəvi haldır. Azərbaycan BMT-nin qətnamələrini özü yerinə yetirdi və işğalda olan ərazilərini qaytardı. Amma bu, erməni siyasətçi və rəsmilərinin KTMT-nin fəaliyyətindən narazılığını Rusiyaya nümayiş etdirməsinə mane olmur.

– Bəs bu, Rusiya ilə Ermənistan arasında “ayrılığa” qədər gətirəcəkmi?

– Artıq qeyd etmişdik ki, indi Ermənistanla Rusiya, Ermənistanla KTMT münasibətlərində böhran yaşanır. Burada məqsədyönlülük vacibdir. Rusiya Federasiyası ilə, hətta KTMT ilə normal, dostluq münasibətlərinin qurulması erməni xalqı üçün həyati əhəmiyyət kəsb edir. Burada hər şey Rusiya ilə qarşılıqlı əlaqənin strateji əhəmiyyətini dərk edən Ermənistan siyasətçilərinin müdrikliyindən asılıdır.

Bununla belə, indiki siyasi elitada tamamilə aydın olan emosional incikliklərdən tutmuş ideoloji münasibətə qədər bir sıra amillər var. Əgər Ermənistan postsovet məkanında dəfələrlə müşahidə etdiyimiz azğın Avropa inteqrasiyasının o qədər də uğurlu olmayan təcrübəsini təkrarlamağa çalışsa, onda bu dövləti onilliklər boyu siyasi, iqtisadi və sosial təlatüm gözləyə bilər. Bu da çətin ki, vətəndaşların normal həyatına yardımçı ola bilsin.

İndi Ermənistanın regionda məqbul təhlükəsizlik sistemini axtarmaq və aşkar etməyə böyük tələbatı var. Bu o deməkdir ki, İrəvan müxtəlif strukturlarla müxtəlif əməkdaşlıq formatlarını nəzərdən keçirəcək. Amma indiki şəraitdə Ermənistanın Rusiya və KTMT ilə konstruktiv qarşılıqlı fəaliyyətə radikal alternativi yoxdur. Yalnız Qərbdə yerləşən kabus kimi alternativ var.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir