Siyasət

Çexiyalının Ermənistandan Azərbaycana soxulmaq cəhdi: Sərhəddə nələr ola bilər? – TƏHLİL

Sharing is caring!


Azərbaycanın etibarlı hesab edilən informasiya mənbələri məlumat yayıblar ki, Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı saxlanılıb.

Çexiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariana Vernerova açıqlama verərək məlumatı təsdiqləyib. 

Hadisə son zamanlar Avropanın Ermənistanı Azərbaycana qarşı təxribat düşüncəli hərəkətlərə vadar etmək taktikaları fonunda diqqət çəkir. 

Öncəliklə sual olunur ki, Çexiya vətəndaşının Azərbaycan-Ermənistan sərhədində nə işi var?

O, xüsusi tapşırıqlar əsasında kəşfiyyat missiyası ilə sərhədi keçməyə cəhd edib, yoxsa adi turist kimi gəzintiyə çıxaraq yolu azıb?

Bu suallara hər iki hal üzrə cavab dairəsini təyin edərkən onu təsəvvürümüzdə canlandırmalıyıq ki, Ermənistanın Azərbaycanla sərhədinə yaxın bölgəsində Avropa İttifaqının missiyası fəaliyyət göstərir.

Fransa hər vəchlə bu missiyanı Azərbaycana qarşı hərbi cəbhənin elementinə çevirməyə həvəslidir. Düzü, bu missiyanın funksiya və vəzifələrinin legitim öhdəliklərini yerinə yetirib-yetirmədiyi, onsuz da, çox şübhəli idi. Çünki o, bitərəflik prinsiplərini dəyişərək Ermənistanın maraqları üçün məşəl yandıran platforma olduğunu çoxdan sübut edib.

Məsələnin ardını Fransanın Azərbaycana kəşfiyyat müstəvisində uduzması, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakı əleyhinə hərarəti fonunda gətirsək, deyə bilərik ki, sərhədi keçməyə çalışan şəxs məhz Parisin xeyir-duası ilə çətin relyefli ərazilərdən, dərə boşluqlarından keçərək kəşfiyyat müşahidəsi aparmaq istəyib.

Üstəgəl, qeyd olunan hadisə ilə bağlı informasiyalar Fransa Milli Jandarmasının xarici missiyalar üzrə komandanı, briqada generalı Uilyam De Meyerin Ermənistana səfəri ilə üst-üstə düşdü.

Bu hissələrə əsaslanaraq ehtimal yaranır ki, Avropa İttifaqının monitorinq missiyası Azərbaycan sərhədləri daxilində gizli gündəliklə kəşfiyyat imkanları yaratmaq niyyətindədir. Bunun ideya müəllifi isə, əsasən, Fransadır. 

Azərbaycanın təhlükəsizlik mühitinin və sərhədlərdəki güclü nəzarətinin möhkəm vəziyyəti kəşfiyyat həmlələrini önləməyə imkan verir.

Lakin sərhəddə Azərbaycan əleyhinə kəşfiyyat fəaliyyətlərinin sonlanacağı ümidinə qapılmaq olmaz, böyük ehtimalla Ermənistanı yeni hərbi avantüraya hazırlamaq planları işlənilir.

Bu, sərhədin hansı nöqtəsində hərbi insidentlər yaşanacağı ehtimalını təsvir etməyə də imkan verir.

Yəqin ki, Ermənistan Azərbaycan qoşunlarının 2022-ci ilin sentyabr döyüşlərində sərhəddə en və uzunluq üzrə irəliləyərək tarixi torpaqlarına nəzarəti bərpa etdiyi əraziləri özünə hədəf kimi müəyyənləşdirib.

Nəzərə alsaq ki, hərbi əməliyyatlar zamanı yüksəkliklərin kimin nəzarətində olması həlledici məqamlardan biridir, o zaman Cermuk istiqaməti üzrə hərəkətliliyin olacağı istisna edilmir.

Ermənistan Cermukdan təxribat kanalı açmaq istəsə, Azərbaycanın buna cavabı daha sarsıdıcı ola bilər.

Çünki Azərbaycan Ordusunun sərhəddəki mövqeləri daha əlverişlidir, üstəgəl təxribatın hərbi mənbəyini tapıb məhv etmək potensialı Azərbaycan dövləti üçün asan işdir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir