Siyasət

Aİ səviyyəsində məkrli plan: Fransa Ermənistanı fəlakətə sürükləyir – ŞƏRH + FOTO

Sharing is caring!


Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesinin yaranmasına mane olan ölkələr arasında Fransanın rolunu xüsusi qabardıb. Dövlət başçısı bu ölkəni İrəvanı silahlandırmaqla yanaşı, revanşizmə sürükləməkdə, növbəti müharibəyə hazırlamaqda ittiham edib.

Cənubi Qafqazda sülh prosesinə əngəl törətmək işində Fransa tək deyil, sülh prosesinə mane olan qüvvələr arasında Avropa İttifaqı (Aİ) da xüsusi fəallığı ilə seçilir. 44 günlük Qarabağ müharibəsindən sonra vasitəçilik Azərbaycanın Qarabağda öz suverenliyini bərpa etməsi ilə dəyişdi. Təşkilat birtərəfli qaydada, əsasən, Ermənistanı müdafiə edir, hətta onu silahlandırmağa da cəhd göstərir. Bu ölkədəki mülki missiyasının sayını da artırıb. Belə ki, missiyanın tərkibinin 138 nəfərdən 209-a çatdırılması barədə qərar qəbul edilib. Görünən odur ki, regionda gedən sülh prosesləri Qərbin müxtəlif strukturlarını, o cümlədən Brüsseldə oturan siyasətçiləri qane etmir. Bu səbəbdən də hər vəchlə bölgədə təxribatçı, gərginliyə yönəlik addım və tədbirlərə imza atırlar.

Ermənistandakı Aİ missiyasının sayının artırılmasının bu ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəldiyi iddia edilir. Ortaya belə bir sual çıxır – İrəvanın təhlükəsizliyinə kim təhdid yaradır? Görünür, bu addımın arxasında Avropa İttifaqının çox gizli və məkrli planı gizlənir. Bu plan da Rusiya və İranla bağlıdır. Hər iki ölkənin mövqeyinin zəiflədərək bölgədən sıxışdırılıb-çıxarılması hədəf götürülüb.

Ermənistanın son vaxtlar Avropa ilə əlaqələrini gücləndirməsi də bundan xəbər verir. Bu günlərdə Aİ-nin Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) rəhbəri Rorb Dommi ilə görüşən müdafiə naziri Suren Papikyan onunla təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Danışıqlar Domminin İrəvana səfəri çərçivəsində baş tutub. Müdafiə naziri ilə yanaşı, XİN rəhbəri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla danışıqlarında Avropa Sülh Fondu (European Peace Facility) vasitəsilə Ermənistana dəstək müzakirə olunub. Sual olunur, Aİ Ermənistanı kimdən və nədən qoruyur? Şübhəsiz ki, məqsəd Ermənistandan yenə alət kimi istifadə etməyə yönəlib.

Qeyd edək ki, bədnam Avropa Sülh Fondu “sülh” adı altında Ermənistana silah verməklə tanınır. Aİ İrəvana 10,45 milyon avro humanitar yardımla yanaşı, büdcə dəstəyi kimi 15 milyon avro ayırıb. Uzunmüddətli perspektivə gəlincə, Aİ mühüm infrastruktura və digər layihələrə sərmayə qoyuluşu üçün 2,6 milyard avronun ayrılmasını nəzərdə tutan İqtisadi və İnvestisiya Planını təkrarlayıb. Göründüyü kimi, Qərb Ermənistan üzərindən özünün çirkin niyyətini daha açıq şəkildə ortaya qoymaqdadır. Avropa Sülh Fonduna gəlincə, bu, büdcədənkənar alət olub, özünü daha çox qlobal təhlükəsizliyin qarantı kimi göstərməyə çalışır. Təşkilat 2021-ci ildə avropalı məmurlar tərəfindən yaradılıb və 2021-27-ci illər üçün büdcəsi 12 milyard avro müəyyən olunub.

Təbii ki, Ermənistana bu dəstək də əvəzsiz deyil. Aİ və Qərblə sıx əməkdaşlığın artmasının nəticəsi kimi İrəvan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna, Ukrayna ilə bağlı humanitar konfranslara qoşulub, ABŞ ilə hərbi təlimlər keçirib. Baş nazir Nikol Paşinyan Brüsselə istənilən formada inteqrasiyaya hazır olduğunu bildirib və Rusiyanın moderator olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bütün tədbirlərin ləğvi də bunun göstəricisidir. Moskvanın mövqeyinə gəldikdə, əgər əvvəl bu addımlar gözlənilməz və sərt qərar kimi qarşılanırdısa, indi İrəvanın Qərbə yaxınlaşması trendə çevrilib. Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov də açıq şəkildə bildirib ki, Ermənistan Qərbin şirin vədlərinə uyaraq Rusiyadan uzaqlaşmağa çalışır. Nazir onu da əlavə edib ki, Paşinyan hökuməti Qərbə üz tutmasına haqq qazandırmaq üçün Azərbaycandakı separatçı layihənin iflasını Rusiyanın üzərinə yıxır.

Maraqlıdır ki, Aİ-nin daha bir nüfuzlu üzvü Almaniya da Ermənistanda aktivləşib. Rusiya mediası yazır ki, rəsmi Berlin “Qarabağ ermənilərini Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətdən saxlamaq” üçün maliyyə yardımı və dəstək müqabilində Ermənistanı Rusiya sərhədçilərini geri çəkməyə sövq edir. İrəvanda səfərdə olan Almaniyanın İqtisadi İnkişaf Nazirliyinin dövlət katibi Nils Annen İrəvana 85 milyon avro yardım göstərəcəyini deyib. Məlumata görə, Almaniya Ermənistanı anti-Rusiya ritorikasına çəkməyə, İrəvanla Moskvanın arasını maksimum dərəcədə vurmağa çalışır.

Beləliklə, ABŞ, Qərb və onun nəzarəti altında olan strukturlar Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışırlar. Ermənistana çoxsaylı səfərlər və görüşlərin sayının artması da bundan xəbər verir. Məkrli planın hədəfi bəllidir – bölgədə sabitliyə, əmin-amanlığa qarşı çıxmaq, Ukrayna və Suriyada yaşananların burada təkrarlanması. Ermənistan da hələ ki bu məkrli oyunun iştirakçısına çevrilməkdə və beynəlxalq güclərin əlində vasitə olmaqdadır.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir