Siyasət

“Dəhlizlərin inkişafı Qazaxıstanla Azərbaycanın qlobal logistikadakı əhəmiyyətini artıracaq” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Qardaş türk dövlətləri ilə əlaqələr son illər həm çoxtərəfli, həm də ikitərəfli əsasda sürətlə inkişaf edir. Bu mənada Azərbaycan-Qazaxıstan münasibətləri də istisna deyil. Bunu yüksək səviyyəli siyasi təmaslar, iqtisadi əlaqələr, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz adlandırılan irimiqyaslı regional layihələrin, fiber-optik rabitə xəttinin yaradılması da sübut edir”.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel “Report”a müsahibəsində Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafındakı nailiyyətlər və gələcək planlardan danışıb.

– Cənab səfir, ötən ilin nəticələrini Azərbaycan-Qazaxıstan əməkdaşlığı baxımından necə qiymətləndirərdiniz?

– 2023-cü il çox uğurlu il olub. Ümumiyyətlə, son dövrlərdə Qazaxıstanla Azərbaycan arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Onu qeyd etmək kifayətdir ki, dövlətlərimiz arasında həlli mümkün olmayan heç bir problem yoxdur. Təbii ki, belə konstruktiv qarşılıqlı fəaliyyəti prezidentlər Kasım-Jomart Tokayev və İlham Əliyev arasındakı dialoq təmin edir.

Ötən ilin yanvar-oktyabr aylarında ikitərəfli ticarət dövriyyəsi 465 milyon ABŞ dolları təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur. 2023-cü ildə qarşılıqlı ticarətimizin səviyyəsi rekord həddə çatıb. Amma əlbəttə ki, bu da son hədd deyil.

Hazırda Qazaxıstan və Azərbaycan təkcə bu iki ölkə üçün deyil, həm də bütün region üçün vacib olan böyük layihələr həyata keçirir. Söhbət ilk növbədə Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birgə inkişafından gedir.

2023-cü ilin martından biz Qazaxıstan neftini Azərbaycan vasitəsilə ixrac etməyə başladıq. Ümumilikdə ötən il Aktau limanından Bakı-Tbilisi-Ceyhan istiqamətində 1 milyon tondan çox “qara qızıl” göndərilib. 2024-cü ildə bu həcmlərin xeyli artacağına əminəm.

Bundan başqa, ötən il “Kazakhtelecom” və “AzərTelecom” dövlət telekommunikasiya şirkətləri Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi üzrə birgə müəssisə yaradıb. Bu layihə dövlətlərimizə Avropa və Çin arasında internet trafikinin təmin edilməsində mühüm halqaya çevrilməyə, telekommunikasiya və informasiya təhlükəsizliyini gücləndirməyə imkan verəcək.

Bundan başqa, ötən il “Kazakhtelecom” və “AzərTelecom” dövlət telekommunikasiya şirkətləri Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi üzrə birgə müəssisə yaradıb. Bu layihə dövlətlərimizə Avropa və Çin arasında internet trafikinin təmin edilməsində mühüm halqaya çevrilməyə, telekommunikasiya və informasiya təhlükəsizliyini gücləndirməyə imkan verəcək.

Bundan əlavə, keçən il biz Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlı yeni layihə üzrə fəal müzakirələrə başlamışıq. Bu, gələcəkdə Qazaxıstana Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisi ixrac etməyə imkan verəcək. 2023-cü il noyabrın 14-də Bakıda Qazaxıstan, Azərbaycan və Özbəkistanın iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşü keçirilib, görüş zamanı tərəflər bu təşəbbüsün potensialını müzakirə ediblər.

Ölkələrimiz arasında ilk dəfə olaraq ikitərəfli hərbi təlimlərin keçirilməsini qeyd etmək də vacibdir. Ötən ilin oktyabr ayında keçirilən “Xəzri 2023” hərbi dəniz təlimləri Qazaxıstan və Azərbaycan arasında inkişaf edən hərbi və hərbi-texniki əməkdaşlıqda mühüm hadisə olub.

Bütün bunlarla yanaşı hər iki istiqamətə turist axını xeyli artır. Belə ki, 2023-cü ildə Qazaxıstandan Azərbaycana 60 minə yaxın insan gəlib və bu da 90 faizlik artım deməkdir. Mərkəzi Asiyadan Azərbaycana səfər edən hər ikinci turist demək olar ki, qazaxıstanlıdır.

Ötən il Azərbaycana Qazaxıstan Prezidenti, Parlamentin sədri, Baş nazir, Konstitusiya və Ali Məhkəmə sədrləri, həmçinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri, Baş prokuror, prezidentin müşavirləri, xarici işlər, müdafiə, nəqliyyat, energetika, mədəniyyət və informasiya, fövqəladə hallar nazirləri səfər ediblər. Təkcə bu səfərlər bizim əməkdaşlığımızın yüksək səviyyədə olmasından xəbər verir. Çox az ölkə hərtərəfli dialoqun belə intensivliyini nümayiş etdirir.

Yeri gəlmişkən, bir çox dövlət və ictimai xadimlərimiz arasında dostluq, qeyri-rəsmi əlaqələr də ikitərəfli əməkdaşlığın inkişafına kömək edir. Məsələn, Qazaxıstan və Azərbaycanın xarici işləri nazirləri Murat Nurtleu və Ceyhun Bayramov arasında xüsusilə isti münasibətlər yaranıb.

Bu arada 2023-cü ilin əlamətdar hadisəsi Azərbaycanda Qazaxıstan Mədəniyyət Günlərinin keçirilməsi olub. Bu tədbir Qazaxıstan incəsənət xadimlərinin möhtəşəm qala-konserti ilə başa çatıb. Mədəniyyət Günləri azərbaycanlıları Qazaxıstan mədəniyyətinə daha da yaxından tanıtmağa imkan verib.

Yeni ildə də eyni şəkildə intensiv işləmək niyyətindəyik. Yaxın zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq və bu səfər çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi baş tutacaq. Onun inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.

– Orta Dəhliz layihəsini xatırlatdınız. Daha əvvəl Qazaxıstan Prezidenti bəyan etmişdi ki, bu marşrut üzrə yükdaşımaları 5 dəfə artırıla bilər. Qazaxıstan bu istiqamətdə hansı addımları atır? Azərbaycanın bu layihədə rolunu necə qiymətləndirirsiniz?

– Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) kimi tanınan bu dəhlizin inkişafında maraqlıdır. Bu istiqamətdə artıq ciddi nəticələr də var. Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında TBNM marşrutu üzrə daşımaların ümumi həcmi 2523 min ton təşkil edib və bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 107 faiz çoxdur.

Ümumiyyətlə, Qazaxıstan nəqliyyat infrastrukturunu inkişaf etdirir, yeni dəmir və avtomobil yolları inşa edir, Aktau və Kurık limanlarının imkanlarını genişləndirir. Aktual məsələlərə TBNM-nin səmərəliliyinin artırılması, bürokratik əngəllərin azaldılması, “dar boğazlar”ın aradan qaldırılması, birbaşa tariflərin və yeni İT həllərin tətbiqi daxildir.

Azərbaycan da nəqliyyat imkanlarını inkişaf etdirmək üçün layihələr həyata keçirir. Ələt limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun imkanları genişləndirilir, İran ərazisindən yeni marşrut çəkilir, regionda kommunikasiyaların açılması üçün Ermənistanla danışıqlar aparılır. Bunlar ölkələrimizin qlobal logistikadakı əhəmiyyətini artıracaq, əlavə gəlir yaradacaq müsbət addımlardır.

Məhz bu məqsədlə 2023-cü ildə “Astana” Beynəlxalq Maliyyə Mərkəzində Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının “Middle Corridor Multimodal” adlı birgə müəssisəsi qeydiyyatdan keçib.

Əsas məsələ operativ hərəkət etməyimiz və bütün imkanlardan maksimum dərəcədə yararlanmağımızdır. Dünya bir yerdə dayanmır, sabah vəziyyət dəyişə, fürsət pəncərəsi bağlana bilər. Məhz buna görə Qazaxıstan Prezidenti belə iddialı məqsədlər qoyur.

– Bu yaxınlarda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müsahibə verib və bunu müəyyən dərəcədə proqram xarakterli müsahibə də adlandırmaq olar. O, növbəti prezidentlik müddətinə namizədliyini irəli sürmək niyyətində olmadığını da bəyan edib.

– Həqiqətən də, Qazaxıstan Prezidenti kifayət qədər səmimi müsahibə verib. O, bu müsahibədə başqa məsələlərlə yanaşı, ən yeni tariximizin bəzi səhifələrinə işıq salıb.

Dövlət başçısı ilk növbədə Qazaxıstanın qazandığı nailiyyətləri qeyd edib. İqtisadiyyatın şaxələndirilməsi və inhisarsızlaşdırılması, infrastrukturun müasirləşdirilməsi, biznesin dəstəklənməsi, investisiyaların cəlb edilməsi istiqamətində işlər aparılır. Səhiyyə işçilərinin və müəllimlərin əməkhaqları artırılıb. Milli Fonddan uşaqlara maliyyə vəsaitinin ayrılmasını nizamlayan qanun qəbul edilib.

Son müsahibədə Prezident növbəti seçkilərdə iştirak etmək planları ilə bağlı fikirləri təkzib edib. Beləliklə, K.Tokayev öz missiyasını Qazaxıstanın siyasi sisteminin institusionallaşdırılmasında, iqtisadi inkişafın təmin edilməsində və ölkəyə rəhbərliyin gələcək nəsil liderlərə ötürülməsində görür. K.Tokayev onlara böyük ümid bəsləyir.

Kasım-Jomart Tokayev 2022-ci ilin yanvar hadisələri ilə bağlı fikirlərini açıq şəkildə bölüşüb. Prezident vurğulayıb ki, imtiyazlarını itirmək istəməyən, eqoist şəkildə transformasiyaya qarşı çıxan şəxslər aksiyadan sui-istifadə edərək ölkəni uçurumun kənarına sürükləmişdi.

Dövlət başçısı qeyd edib ki, problemləri qışqırıq, təxribatla deyil, sivil, konstruktiv şəkildə dialoq çərçivəsində və hər şeydən əvvəl parlamentin divarları arasında həll etmək lazımdır.

Müsahibədə həmçinin qeyd olunub ki, Qazaxıstan 2024-cü ildə ŞƏT, KTMT, CICA (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə), TDT və s. daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlara sədrlik edəcək. Türk dünyasının inteqrasiyasının lokomotivlərindən biri olan ölkəmiz bundan sonra da Türk Dövlətləri Təşkilatının inkişafı və möhkəmlənməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Prezident Tokayev Ümumdünya Köçəri Oyunlarının bu il Qazaxıstanda keçirilməsinə böyük önəm verir.

– 2024-cü ildə Azərbaycan xalqına nə arzu edərdiniz? Bizim əməkdaşlığımızın perspektivlərini necə görürsünüz?

– Azərbaycanlı qardaşlarımıza ən xoş arzularımı, xoşbəxtlik, firavanlıq, ən əsası sülh arzulayıram. Ötən il Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib və hesab edirəm ki, yalnız konstruktivliyə köklənib. Azərbaycanda bu ilin fevralında prezident seçkisi keçiriləcək. Bu seçkilərin gələcək inkişafın əsası olmasını arzulayıram.

Təvazökarlıqdan uzaq olsa da, qeyd etmək istərdim ki, Qazaxıstan və Azərbaycan regionun liderləridir. Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan isə Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik ölkədir. Biz birlikdə Avrasiyanın mərkəzində, Xəzər dənizinin əks sahillərində strateji mövqe tuturuq. Hər iki ölkənin sükanı arxasında təcrübəli, uzaqgörən liderlər dayanır. Yeri gəlmişkən, çəkinmədən deyə bilərəm ki, bütün dövlətləri ziyalı liderlər idarə etmir. Bu mənada Qazaxıstan və Azərbaycan şanslıdır. Hər iki ölkənin fərqləndirici xüsusiyyətlərinə təşəbbüskarlıq, özünə və tərəfdaşlara qarşı məsuliyyətli münasibət, etibarlılıq, inkişafa və dialoqa diqqət yetirmək daxildir. Kasım-Jomart Tokayevin fikirlərindən istifadə edərək demək istərdim ki, biz mütərəqqi millətlər olaraq gələcəyə inamla baxırıq. Düşünürəm ki, bütün regionu dəyişməyə qadir olan məhz bizim strateji tandemimizdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir