Siyasət

Ermənistanın silahlandırılması: Hindistan Cənubi Qafqazda sülh istəmir – ŞƏRH + FOTO

Sharing is caring!


2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinə baxmayaraq, sülh müqaviləsinin hələ də imzalanmaması, əksinə, zaman-zaman Ermənistandakı revanşistlərin baş qaldırmasının əsas səbəblərindən biri də üçüncü tərəflərin bu dövləti silahlandırmasıdır. Fransa ilə yanaşı, Hindistan da bu dövlətlərdəndir.

Bu günə kimi Nyu-Delhinin İrəvanı silahlandırmasına dair kifayət qədər fakt var. Məsələn, bu ilin iyul ayında Hindistanın İran vasitəsilə Ermənistanı silahlandırmasına dair məlumat yayılmışdı. Cəmi bir neçə gün əvvəl, daha dəqiq desək, dekabrın 27-də məşhur “National Interest” nəşri Hindistan Xarici İşlər Nazirliyinə istinadən yazmışdı ki, Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib. Bildirilib ki, əsas müdafiə sövdələşmələrinə “Pinaka” reaktiv yaylım atəş sisteminin satışı, silah yerləşdirmə radarları, tank əleyhinə raket sursatları və 155 mm-lik artilleriya silahları üçün 40 milyon dollarlıq müqavilə daxildir.

Mənbənin sözlərinə görə, Ermənistan daha çox müdafiə sövdələşmələrində, o cümlədən pilotsuz uçuş aparatları və dronlarla mübarizə sistemləri, patrul sursatları və ortamənzilli “torpaq-hava” sinifli raketlərin əldə edilməsində maraqlıdır.

Məqalədə qeyd olunur ki, Hindistanın Cənubi Qafqaz ölkəsi olan Ermənistanla əlaqələrini genişləndirməsi rəsmi Nyu-Delhinin xarici siyasətində yeni dəyişikliklərin tərkib hissəsidir.

Rəsmi Bakı indiyədək bir neçə dəfə bu məsələyə münasibət bildirib. Amma Hindistan yenə də Ermənistanı silahlandırmaqda davam edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də nazirliyin ilin yekunları ilə bağlı mətbuat konfransında dedi ki, Hindistan beynəlxalq aktor olaraq Ermənistana silah satışına sadəcə kommersiya kimi baxa bilməz.

O, Azərbaycanın Hindistanla Ermənistan arasında silah alqı-satqısı ilə bağlı müqavilə imzalanmasından xəbərdar olduğunu bildirib:

“Bunlar çox diqqətlə izlənilir. Bizim Hindistandan olan tərəf müqabillərimizlə münasibətlərimiz var”.

Nazir vurğulayıb ki, Hindistan Ermənistana silah satışını Azərbaycan və Türkiyənin mövqeyi ilə heç vaxt uzlaşdırmayıb:

“Onlar qeyd ediblər ki, bu addım kommersiya məqsədi daşıyır və Azərbaycana qarşı yönəlməyib. Rəsmi mövqe budur. Ancaq bizim çatdırmaq istədiyimiz mesajlar da sadə və məntiqlidir. Siz məsuliyyətli dövlət, beynəlxalq aktor olaraq, silah satışına sırf kommersiya məqsədi kimi baxa bilməzsiniz. Çünki bölgədə işğal faktoru olub və hazırda sülhün əldə edilməsi üçün kövrək məqam yaranıb. Bunun fonunda belə bir addımın atılması Ermənistanda yeni reallıqları qəbul etməyən revanşistləri daha da ruhlandırır”.

Məsələ ondan ibarətdir ki, bu gün Azərbaycanın prioriteti sülh gündəliyidir. Amma İrəvan Azərbaycanın səylərinə adekvat cavab vermir. Çünki silah tədarükü daxildəki bəzi revanşistləri arxayınlaşdırır. Onlar hələ də nəyəsə ümid edirlər.


İkinci bir tərəfdən, Hindistanın Ermənistanı silahlandırması Yeni Delhinin Cənubi Qafqazla bağlı çirkin maraqlarından xəbər verir. Belə ki, Hindistan regional sülh və sabitlikdə maraqlı olsaydı, Ermənistanı silahlandırmaz, əksinə, konstruktiv mövqeyə töhfə verməyə çalışardı. Görünən odur ki, İrəvan Nyu-Delhinin qurbanına çevrilir.

Ermənistanın sürətlə silahlandırılması, əlbəttə, sülhü yaxınlaşdırmır. Əksinə, sülh quruculuğu prosesinə mane olur. Konfliktologiyadakı məşhur prinsip yada düşür: hər şey həll olunmayıbsa, deməli, hələ heç nə həll olunmayıb. Yəni nə qədər ki, Ermənistan silahlanır, bu dövlətin sülhlə bağlı bəyanatlarının səmimiliyindən əmin olmaq olmaz. Əslində, bu addım İrəvanın özünü ifşa etməsi deməkdir.

Bayramovun dediyi kimi, sürətlə silahlanma gələcəkdə regional gərginliyə səbəb ola bilər. Çünki silahlanma prosesi ilə Ermənistan yeni xülyalara qapılır. Bunu tarixi təcrübə də göstərir.

Müxtəlif nikbin proqnozlara baxmayaraq, bu il Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadı, daha doğrusu, ilin sonuna 2 gün qala, bu, real görünmür. Başda dediyimiz kimi, bunun əsas səbəbi İrəvanın silahlandırılması və sülhdən uzaqlaşdırılmasıdır. Oxşar prosesi bu gün Şərqi Avropada da görürük.

2024-cü ildə Ermənistanla Azərbaycan arasında hansı proseslərin baş verməsi isə əsasən İrəvanın ortaya qoyacağı mövqedən asılıdır. İrəvan kənar güclərin təhriki ilə silahlanmağa davam edərsə, bu, bumeranq effekti verəcək və Bakıdakı Hərbi Qənimətlər Parkına yeni eksponatlar əlavə olunacaq.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir