Siyasət

Araik və Fransa…

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Gözümüzü açıb-yumduq və bir il keçib getdi.

Özü də necə, ildırım sürəti ilə. Elə bil əvvəllər belə deyildi. Daha gec, asta keçirdi.

Cəmi beş gündən sonra 2023-cü il bitəcək. Geridə qalan isə tarix kitablarında və xalqın yaddaşında qalacaq.

Heç şübhəsiz ki, 2023-cü ildə ən yeni tarix yazıldı. Azərbaycanın ən yeni tarixi.

Əslində, bu mövzuda yazacağımı planlaşdırmamışdım, sadəcə bu gün oxuduğum xəbərlər məni buna vadar etdi.

Sən demə hazırda Bakıda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan, bir vaxtlar isə özünü Qarabağda separatçıların “prezident”i elan edən Araik Arutyunyan bildirib ki, özünü Azərbaycan vətəndaşı sayır. Daha sonra əlavə edib ki, Azərbaycan dilində minə qədər söz başa düşsə də, ermənidilli məktəbdə təhsil aldığından azərbaycanca danışa bilmir.

Oxudum, yazdım-pozdum. Başa düşdüm ki, nə şərh versəm də, hisslərimi ifadə etməkdə çətinlik çəkəcəyəm. Ondansa, qoy mən susum, gözlər danışsın. Bircə onu qeyd etmək istərdim ki, bu özünü “azərbaycanlı” hesab edən bir zamanlar fəxrlə Gəncənin raketlə vurulmasını mən əmr etmişəm deyirdi.

Bu gün isə Azərbaycan dili bilgilərini zənginləşdirir. Həqiqətən də, Dövlət Təhlükəsizlik Xidməti böyük qüvvədir. Dili də öyrədir, danışmağı da.

Elə bu xəbəri oxuyub bitirmişdim ki, qarşıma digəri çıxdı. Azərbaycandan Fransaya NOTA: İki diplomata ölkəni tərk etmək üçün vaxt verildi. Özü də bütün qayda-qanunlarla. Elə bu gün Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və ona deyiblər ki, sizin iki nəfər işçinizin Azərbaycanı tərk etməsinə 48 saat vaxt veririk. Üstəlik notanı da veriblər səfirin qoltuğuna, di get.

Bəlkə, çoxunuz üçün bu adi bir xəbər olacaqdır, amma və lakin qeyd etməliyəm ki, nüvə silahına malik olan bir Avropa dövlətinə bu cür sərt qaydada sərt nota vermək balaca iş deyil qardaşlar. Azərbaycan bu il antiterror tədbirlərindən sonra ərazi bütövlüyünü tam bərpa edəndən sonra digər məsələlərlə bağlı addımlarını atır.

Məsələn nə, deyəcəksiniz? Ən azı üzdə olan məlumat var. Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa səfirliyinin kəşfiyyat şəbəkəsi aşkarlanıb. Necə xəbərdir?

Təssəvvür edin ki, Azərbaycanda necə oğullar işləyirlər. Bu iki xəbər arasında əlaqənin nə qədər yaxın olması barədə bir məlumata malik olmasam da, ermənilərlə fransızların arasında sıx əlaqənin olmasından hər kəsin xəbəri var. Fransa Prezidenti Emmanuel Makron bəzən ən qatı ermənidən belə çox erməni olur. Hay-küy salır, az qala saç-baş yolur. Ermənistana silah-sursat göndərir.

Elə bu gün o xəbəri də oxudum ki, sən demə Makronu elə öz evində, Fransada adam yerinə qoyan yoxdur. Sorğudan belə məlum olub ki, Makronun nüfuzu yerlə birdir. İndi sual olunur ki, öz evində umac ova bilməyən Makronun xüsusi xidmət orqanlarının və ya kəşfiyyat agenturasının Azərbaycanda nə işi var?

Ola bilərmi ki, Araikin Azərbaycan dilində danışmaq istəməsinin bir ucu da elə fransızların azərbaycan “dilində” danışmasına dirənir?

Təbii ki, burada istənilən mülahizələri yürütmək olar. Amma görünən odur ki, Azərbaycan həm regionda, həm də regiondan kənarda diqtələrini etməyə başlayır. Bunu isə çox səliqəli və savadlı edir.

Belə getsə, düşünürəm ki, nəinki Araik, tezliklə Vardanyan da azərbaycanca danışıb, azərbaycanlı olması barədə dəlil-sübutlar gətirəcək. Axı hamı güclü olan tərəfdə olmaq istəyir…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir