Siyasət

Qərbi Azərbaycan Xronikası: “Qaçqınlıq vaxtı Gürcüstandakı azərbaycanlılar bizi evlərində saxladılar” – VİDEO

Sharing is caring!


Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, “Ləmbəlidən gətirilən torpağı hələ də evimdə saxlamışam” adlı buraxılış Loru mahalının Barana rayonunun Ləmbəli kənd sakini Ceyran Ənsərin həyat hekayəsinə həsr olunub.

O, Ləlvər dağının ətəyində yerləşən kənddə uşaqlıq illərində yaşadığı gözəl anları, yurd yerlərində, yaylaqlarda, bulaq başında keçirdiyi maraqlı günləri xatırladıb.

Onun sözlərinə görə, kənddə təhsilə çox böyük önəm verilirdi: “Azərbaycan, erməni və rus sektoru olan üç orta və ibtidai məktəbimiz var idi. Kitab əlimizdən düşmürdü. Bir ildə Azərbaycan məktəbindən beş nəfər qızıl medal alırdı. Yenidən o yerlərə qayıtsam doğulduğum yerdə sinif yoldaşlarımla birlikdə ikimərtəbəli evimizdən ətrafa baxıb dərindən nəfəs alardım, Tona (Debet) çayının şırıltısına qulaq asardım”.

Orta məktəbi bitirdikdən sonra Bakıda Sabir adına Pedoqoji Məktəbdə oxuduğunu  və 1977-ci ildə kəndə müəllim kimi qayıtdığını deyən C.Ənsər deportasiya və qaçqınlıq həyatından danışıb:

“Kəndimizin camaatı beş dəfə deportasiyaya uğrayıb. 1988-ci il noyabrın 25-də qəsəbə statuslu kəndimizdə azərbaycanlılar və ermənilər mitinq edirdilər. Ermənilər bizə dedilər ki, daha sizi burada saxlaya bilməyəcəyik. Kəndə rus əsgərləri töküldü. Rus əsgərləri erməniləri müdafiə edirdilər. Bizə dedilər ki, daha sizi qoruya bilmirik. Siz ən yaxşı halda çıxıb getməlisiniz. Kənddə o vaxt yığılıb and içmişdilər, Bakıdan ziyalılar da gəlmişdilər ki, biz bu kəndi tərk etməyəcəyik. Çünki bizim kənd bir yandan Qazaxla, bir yandan Gürcüstanla həmsərhəd idi. Sonra gördük ki, mümkün deyil, hamı köçüb gedirdi. Həmin dövrdə ermənilər avtomatla insanları öldürmək üçün gəlib bir-bir evləri gəzirdilər, maşınları gülləbaran edirdilər. Nəhayət, bizi Gürcüstana apardılar, bir il orada qaldıq və sonra Bakıdan ev aldıq”.

Vətən həsrətinin ağrıdıcı dərd olduğunu bildirən Ləmbəli sakini söyləyib:

“Vətənsizlikdən acı, ağladıcı dərd yoxdu. Vətən olmayan yerdə səadət yoxdu. Məni doğulduğum torpaq çəkir. Keçən il kəndimizdən gətirilən torpaqdan saxlamışam. Ən gözəl xatirələrim, ən xoşbəxt anlarım, özümü biləndən yaşadığım ən xoş günlərim məhz o kəndlə bağlıdır. Eyvanımıza çıxıb bir dəfə baxsam və dərindən bir nəfəs alsam bəlkə də ömrüm bir neçə il uzanar. “Həyat Hekayəm”in əsasında xoşbəxt uşaqlığım, gəncliyim, əziyyət dolu qaçqınlıq və mübarizə dolu həyatım var. O torpaqlar bizimdir, Ermənistana verilib. Doğma yerlərə qayıtmağı, orada yaşayıb ölməyi çox istəyirəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir