Siyasət

Paşinyanın xəritə oyunu: İrəvan, Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılır – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, “Delimitasiya hansı illərin xəritəsinə uyğun aparılmalıdır?” adlı süjetdə ötən əsrin əvvəlində Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra Azərbaycan ərazilərinin ermənilərə verilməsi prosesinin başa çatmadığı, əksinə, SSRİ-nin mövcud olduğu müddətdə torpaqlarımızın otlaq və əkin sahəsi adı altında ermənilərə “bağışlanması”nın davam etdiyi bildirilir.

Qeyd olunur ki, Qarabağ münaqişəsinin həll edildiyi və Ermənistanla sülh sazişinin gündəmə gəldiyi vaxt ermənilərə “bağışlanmış” ərazilərimizin qaytarılması imkanı yaranıb: “Qərbi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövlətinin ərazisi SSRİ dövründə yenə Azərbaycan torpaqları hesabına genişləndirilib. Artıq yeni reallıqlar yaranıb və bu reallıqlarda Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı məsələsi aktuallaşdığı kimi, sovetlər dönəmində ermənilərə “bağışlanan” torpaqlarımızın qaytarılması da gündəmə gəlib”.

Diqqətə çatdırılır ki, rəsmi İrəvanın xəritə oyununu Bakıda yaxşı görürlər, məhz buna görə də Paşinyan dəfələrlə “1975-ci il xəritəsi”ndən bəhs etsə də, Azərbaycan bunu təkzib edib: “Rəsmi Bakının mövqeyi ən yüksək səviyyəsində elan edilib. Prezident İlham Əliyev bu ilin 28 may tarixində Laçında sakinlərlə görüşdə sərhədin müəyyənləşməsi şərtlərini qəti şəkildə açıqlayıb. Xəritələrə gəlincə, Prezident İlham Əliyev ötən ilin 29 aprelində ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın mövqeyini bəyan edib.

Dövlət başçısının çıxışları bir daha təsdiq edir ki, Ermənistanın xəritələr üzərindən oyun qurmaq cəhdlərinə baxmayaraq, Azərbaycan tarixi ədaləti bərpa etmək məqsədilə təkcə SSRİ dövründə ermənilərə otlaq və əkin sahəsi adı ilə ermənilərə verilən əraziləri yox, Qərbi Azərbaycanın – İrəvanın, Zəngəzurun, Göyçənin qaytarılmasını danışıqlar masasına çıxarır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir