Siyasət

Milan Lazoviç: “Azərbaycan serblər üçün ruhlandırıcı nümunədir” – MÜSAHİBƏ

Sharing is caring!


Serbiyada növbədənkənar parlament seçkisi keçirilib və bu seçkidə hakim “Aleksandr Vuçiç – Serbiya dayana bilməz” koalisiyası inamlı qələbə qazanıb. Azərbaycan prezidenti İlham Əliyev serbiyalı həmkarı Aleksandr Vuçiçi təbrik edib.

Ölkə miqyasında Vuçiçin koalisiyası təxminən 47% səs toplayıb, 15 müxtəlif partiyanın daxil olduğu müxalifətin qərbyönlü “Serbiya zorakılığa qarşıdır” bloku 23% səs toplayıb. Paytaxt Belqradda isə vəziyyət fərqlidir. Burada hakim siyasi qüvvə kiçik fərqlə qalib gəlib, bundan sonra müxalifət seçkinin nəticələrini tanımaqdan imtina edib və etirazlara başlayıb. Artıq bir çox şərhçi baş verənləri rəngli inqilab cəhdi adlandırıb.

Oxu.Az-ın şərh üçün əlaqə saxladığı Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram koordinatoru Milan Lazoviç qeyd edib ki, ikinci yeri tutan “Serbiya zorakılığa qarşıdır” müxalifət hərəkatı Serbiya Respublikasında (SR) baş verən faciəli hadisələrdən (atışma baş verib, ölənlər olub) sonra yaranıb.

– Kosovo hadisələrini nəzərdə tutursunuz?

– Yox, mən bu ilin may ayında Belqrad məktəbində bir yeniyetmənin atəş açması hadisəsini nəzərdə tuturam. Zorakılıq daha sonra şəhərətrafı qəsəbələrdə davam etdi. Bu da müxalifət hərəkatının yaradılmasının rəsmi səbəbi oldu.

“Serbiya zorakılığa qarşıdır” blokunun məqsədi prezident Vuçiçi devirməkdir. Rəngli inqilab cəhdi ilə bəzi paralellər burada uyğun gəlir. Fikrimcə, bütün bu proseslərdə Qərbin müdaxiləsinin böyük payı var. Şübhəsiz ki, burada ABŞ-li polittexnoloqların əli var. Yeri gəlmişkən, “Serbiya zorakılığa qarşıdır” səsvermənin nəticələrinə görə ikinci yeri tutaraq müəyyən uğur qazanıb.

Bu, keçən seçkilərlə müqayisədə müxalifətin ən yaxşı nəticələridir. Görünür, onlar Belqradın ənənəvi olaraq kifayət qədər böyük etiraz elektoratına malik olmasından istifadə edərək daha da irəli getmək qərarına gəliblər. Seçkilər zamanı saxta bülletenlərin atılması və digər saxtakarlıq mexanizmlərindən istifadə edilməsi ilə bağlı ittihamlar yaranıb. Deməli, keçirilən səsvermənin nəticələri ləğv edilməli və yenidən keçirilməlidir.

– Qərbin özü, ümumiyyətlə, müxalifəti dəstəklədiyini gizlətmir. ATƏT müşahidəçiləri “Serbiya zorakılığa qarşıdır” ilə həmrəy olaraq seçkidə pozuntuların olduğunu elan ediblər. Niyə onların hamısı Prezident Vuçiçi istefaya göndərmək istəyirlər?

– Qərb həqiqətən də, Aleksandr Vuçiçi daha “elastik” etmək istəyir və bu, alınmasa, onu başqa siyasətçi ilə əvəzləmək arzusundadır. Məsələ burasındadır ki, Serbiya prezidenti Kosovo məsələsində güzəştə getməkdən imtina edir, onun müstəqilliyini tanımır və regionda davamlı kəskinləşmələr Avropa Birliyinin imicinə də təsir edir. Belqrad da Rusiyaya qarşı sanksiyalar tətbiq etmir.

Aleksandr Vuçiç Şərqlə – Türkiyə, Çin, ərəb dünyası ölkələri ilə münasibətləri qoruyub saxlamaqla tarazlıq yaratmağa çalışır. Bütün bunlar Qərbi, həqiqətən də, narahat edir, ona görə də daim təzyiq göstərir. Mən düşünürəm ki, indiki etiraz cəhdləri və növbədənkənar seçkiyə gətirib çıxaran vəziyyətin özü Qərbin səyləri nəticəsində baş verib.

– Bəs Aleksandr Vuçiçi vəzifədən uzaqlaşdırmaq, “maydan” keçirmək, seçkinin nəticələrinə baxmaq cəhdləri uğurlu olacaqmı?

– Proqnozlaşdırmaq həmişə çətindir, amma mənə elə gəlir ki, Serbiya cəmiyyətində Vuçiçə dəstək yüksəkdir, insanlar onun kursunun tərəfdarıdır. Serbiya prezidentinin əsas “kozırı” ondan ibarətdir ki, o, Kosovo ilə bağlı mövqeyindən əl çəkmir və bu ərazinin müstəqilliyini tanımır, baxmayaraq ki, bu, ondan Qərbdə çox gözlənilir.

Aleksandr Vuçiç çoxvektorlu siyasət yürütməyi və ölkəyə investisiya cəlb etməyi bacarır. Xatırlayıram ki, o, hakimiyyətə gəldikdən sonra Serbiyada əhəmiyyətli iqtisadi artım başlandı.

– Gəlin, Serbiyada qərbyönlü müxalifət qalib gəldiyi halda, hipotetik vəziyyəti təsəvvür edək. O, Kosovonun müstəqilliyini tanıya biləcəkmi?

– Düşünürəm ki, bu hipotetik ssenari reallaşarsa, serb xalqı Belqradın Kosovonun müstəqilliyini tanımasını bağışlamayacaq. Kosovodan imtina etmək üçün cəmiyyəti uzun müddət buna hazırlamaq lazımdır. Lakin heç bu da məsələnin rahat həllinə zəmanət vermir. Bununla belə, Serbiyada belə bir qərbyönlü hökumətin hakimiyyətə gəlməsi hələ o qədər də mümkün deyil.

Düzdür, indiki iqtidarda bəzi qərbyönlü fiqurlar meydana çıxa bilər (bu, artıq baş verib) onlar sərt bəyanatlar verəcək və ölkənin rəsmi mövqeyini Qərbə meyilləndirəcəklər.

– Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Vuçiçi seçkidəki qələbəsi münasibətilə ilk təbrik edənlərdən biri olub, iki ölkənin liderləri davamlı olaraq qarşılıqlı səfərlər edirlər və bu yaxınlarda İlham Əliyev Serbiya-Bolqarıstan qaz kəmərinin açılış mərasimində iştirak edib.

– Belqradla Bakı arasında münasibətlər aydın şəkildə yüksəlir, sizin dediyiniz kimi, daim yüksək səviyyəli görüşlər keçirilir. Təbii ki, burada əsas məqamlar enerji və beynəlxalq gündəlikdəki əsas məsələlərlə bağlı oxşar mövqelərdir. Azərbaycan Cənubi Qafqazda regional məsələlərin xarici, xüsusən də, Qərb aktorlarının iştirakı olmadan həll edilməsinin tərəfdarıdır. Belqrad Balkanlar və Kosovo məsələsi ilə bağlı eyni nöqteyi-nəzərdən çıxış edir, yeri gəlmişkən, Kosovo ilə bağlı rəsmi danışıqlar son dərəcə səmərəsiz olsa da, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilir.

– Daha bir nüans. Bir müddət əvvəl prezident Aleksandr Vuçiç demişdi ki, Azərbaycan Serbiya üçün xarici siyasət modeli olmalıdır. O qeyd edib ki, Kosovo məsələsində Serbiya Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyevin hərəkət etdiyi kimi hərəkət etməlidir. Söhbətləşdiyim digər serb ekspertlər də qeyd etdilər ki, Belqrad Azərbaycanı nümunə görür, ona görə də Kosovonu tanımayacaqlar…

– … Qarabağın qaytarılması serblər üçün çox ruhlandırıcı nümunədir. Azərbaycan 30 ilə yaxın gözlədi, amma sonda ədalətə nail oldu, ərazi bütövlüyünü bərpa etdi.

Serblər üçün Kosovo çox müqəddəs məsələdir. Kosovo, ümumiyyətlə, serb xalqının və dövlətçiliyinin beşiyi hesab olunur. Əksər serblər üçün Kosovo apriori Serbiyanın ərazisidir.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir