Siyasət

Gənclik və yaşlılığın kəsişməsindəki zaman: Laçında 30 illik fasilədən sonrakı həyat – FOTOREPORTAJ

Sharing is caring!


Uğruna şeirlər yazılmış, musiqilər bəstələnmiş, yoxluğunun həsrəti ürəklərə qubar salmış Laçının dağlarla əhatələnmiş dolanbac yolları ilə şəhərə doğru irəliləyirik. Həkəri çayının sahilini keçib şəhərə daxil olanda, səhər saatları olmasına baxmayaraq, durmadan quruculuq işlərinin aparıldığının şahidi oluruq. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərə hər dəfə səfər edəndə sözügedən yerlərdə görülən işlərin miqyası insanda yaxşı mənada təəccüb yaradır. Həmin təəccüb Laçında da bizdən yan keçmir. Buraya son səfərimdən bir neçə ay keçməsinə baxmayaraq, şəhərin gözəlləşən siması məndə qürur, həm də sevinc yaradır.

Şəhərin mərkəzindən açılan möhtəşəm mənzərəyə bir qədər baxıb təmiz havanı ciyərlərimə çəkirəm. Mübaliğəsiz buranın havası da, suyu da, insanı da elə özünə məxsusdur. İlk dəfə həmsöhbət olduğum, hal-əhval bildiyim insanlardan özümə qarşı doğmalıq, istilik hiss edirəm.

İllər sonra doğma yurduna geri qayıtmış insanlarla söhbət aparmaq, onların Laçındakı 30 illik fasilədən sonrakı həyatını müşahidə etmək və bu tarixi anları yazıya köçürmək üçün tələsirəm.

Burada işğaldan öncə də bərbərliklə məşğul olan Əvəz Səfərovun evinə üz tuturuq. Bizi qapıda qarşılayıb evə dəvət edir. Başlayırıq söhbətə.

Keçmişi unutmadığını, unuda bilmədiyini deyir: “Laçını tərk etmək məcburiyyətində qalmağımız, şəhərin işğalı və rayonun işğaldan azad olunması yaddaşımda dərin izlər qoyub. Laçına qayıtmaq mənim üçün dünyəvi məsələlərlə ölçüyə gəlməyəcək qədər dəyərlidir”.

Əvəz bəy Birinci Qarabağ müharibəsində könüllü müdafiə dəstələrində beş il hərbi xidmətdə olub, eyni zamanda, 44 günlük Vətən müharibəsinin də iştirakçısıdır.

Müharibə və işğal illəri barədə bir qədər danışırıq:

“1990-cı illərdə ermənilərlə üzbəüz olan 30-cu postda dayanırdıq. Bizə bildirildi ki, buradan çıxmalıyıq. Artıq torpaqlarımızın işğal olunduğunu mayın 12-si bildik. Həmin vaxt əsas məqsədimiz humanitar dəhlizin açıq qalması idi ki, qız-gəlinlərimiz şəhərdən çıxsınlar, əsir düşməsinlər. Çünki biz ozamankı siyasi hakimiyyətin səriştəsizliyi ucbatından Laçının əlimizdən getdiyini bilirdik”.

Laçının işğaldan azad olunmasından sonra buraya işçi kimi çağırılan ilk vətəndaşlardan olduğunu deyən Əvəz bəy o zaman Laçına qayıdışla əlaqədar gələn zəngdən yaşadığı sevincdən danışır:

“Bundan öncə Prezident İlham Əliyevə, Mehriban Əliyevaya, Müdafiə Nazirliyinə Laçına getmək istəyimlə bağlı teleqramlar göndərdim. Günlərin birində mənə gözlədiyim həmin o zəng “Bakı Abadlıq Xidməti”ndən gəldi. “Burada sizə ehtiyac var, işləmək istəyərsiniz?” – deyə sual edildi. Laçında lap ölməyə də hazıram deyib, hazırlıqlarımı tamamlayıb, doğma yurda yollandım”.

Hazırda yaşadıqları evin öz evləri olduğunu deyir:

“Bu evdə böyümüşəm, uşaqlıq və gəncliyimin bir hissəsi burada keçib”.

Əvəz bəyin ailəsi ilə birgə 15 dəqiqəlik söhbətimizə 33 ili sığışdırmağa çalışırıq. Danışılası çox söz, yazılası hələ çox hekayələr olduğu barədə razılığa gələrək yenidən görüşmək sözünü verib xudahafizləşirik.

Dar cığırla irəliləyərək Əliyevlər ailəsinin evinə doğru yollanırıq. Nazim kişi öz nəvəsi ilə birgə bizi qapıda qarşılayır.

– Evinizin gözəl mənzərəsi var, Nazim bəy.

– Bəli, buradan baxanda sanki Laçının torpağı ilə səması qovuşub.

– Əvvəlki evinizdir?

– Həmişəki evimizdir…

Havanın birdən-birə necə soyuduğunu evə daxil olanda hiss edirəm. Laçının havası belədir. Anidən soyuyur, bir anda da mülayimləşir. O an havanın şıltaqlığı ilə yenicə tanış oluram. “Hava soyudu, deyəsən”, – ətrafdakılara müraciət edirəm. Mənimlə razılaşırlar.

Nazim bəy döyüşçü olub. 1990-cı illərdə Laçını qorumaq üçün yaradılan könüllü müdafiə batalyonunun tərkibində döyüşüb. O günlərdən söhbət açılanda fikrində sanki 33 il geriyə getdiyini görürəm. Aram-aram fikrini cəmləyib sözə “bütün bunlar ozamankı siyasi hakimiyyətin günahı idi” deyərək başlayır:

“Laçın işğal olunandan düz bir il sonraya qədər dağlarda idik. Əvvəlcə Laçının cənub hissəsində – Səfiyan kəndi ərazisində, daha sonra Kəlbəcərdən Laçının şimal hissəsinə kəndləri azad edə-edə gəldik. 1993-cü ilin martın axırlarında Kəlbəcər işğal olundu, biz mühasirəyə düşdük və bununla da hər şey bitdi”.

Laçının və digər ərazilərin işğaldan qısa müddətə azad olunacağının inanılmaz olduğunu deyir:

“Bu böyüklükdə problemin 44 günə həllini tapacağını yatsaq, yuxumuzda da görməzdik. Bunu isə Azərbaycan yüksək texnologiyalardan istifadə edərək, dünyanın ən müasir müharibəsini apararaq həyata keçirdi. İnanmıram ki, bir də hansısa ölkə qısa müddətdə bənzər müharibə edə bilər. Azərbaycan bir daha nümayiş etdirdi ki, səbrimiz çox böyük olsa da, “qan deyənə qan, can deyənə can” deyə bilirik”.

Bu gün Laçına həyat qayıtdığını deyən Nazim kişi bildirir ki, o cür ağır müharibədən sonra burada hazırkı şəraitin qısa zamanda yaradılması da möcüzədir:

“Laçın həmin Laçındır, amma hazırkı siması olduqca müasir və daha gözəldir. İnanıram ki, bu ərazilərin gələcəyi daha parlaq, daha gözəl olacaq”.

Əliyevlər ailəsi ilə sağollaşıb Laçında yaşayan 78 yaşlı Asif Baxışovla görüşə yubanmamaq üçün yola çıxırıq. Evləri şəhər mərkəzindən bir qədər uzaqda, dağın döşündə yerləşir. Laçın evlərinə məxsus taxta qapını döyüb, həyətə daxil oluruq. Evdəkilərdən Asif dayını soraq edəndə bağda ağac əkdini deyirlər. Bağa doğru boylananda Asif kişinin tut ağacı əkdiyini görürəm.


– Asif dayı, burada kəsilmiş tut ağacları var, onları da siz əkmişdiniz?

– Bəli, qızım. İndi geriyə sadəcə quru ağac kötükləri qalıb. Ona görə həmin ağacların yerində yenidən tut ağacları əkirəm.

Soyuq adamı kəsir, evə keçirik. Asif dayı deyir ki, bu evə gələn hər kəs bizim evin çayını içməlidir, elə bizi də çaya qonaq edir. Süfrə arxasına keçib söhbətə başlayırıq.


Evi özünün tikdiyini deyir:

“Atam mən uşaq olanda vəfat etmişdi, ona görə çox kiçik yaşlarımdan bu evi bünövrəsindən öz əllərimlə tikdim. Ermənilərin bizə qarşı məkrli hərəkətlərinin, törətdiyi qırğınların nəticəsində evimizi, el-obamızı tərk etməyə məcbur qaldıq”.

Ali təhsilli aqronom olduğunu və bu sahə üzrə işlədiyini deyir:

“Hazırda pensiyaya çıxmışam, ona görə indi Laçındakı evimizin həyətində ağaclar əkir, bağımızı gözəlləşdirməyə çalışıram. İndi Laçına – öz evimizə qayıtmışıq. Həyat yoldaşım, oğlum və nəvələrimlə birgə yaşayıram. Həmçinin, digər nəvələrim də qonaq kimi Laçına gəlirlər, elə sabah da gələcəklər”.

Bir də yolumuz Laçına düşərsə, Asif dayıya onlara baş çəkəcəyimizin sözünü verib buradan ayrılırıq. Yol kənarında satılan dadlı göy qutabından dadıb, ilk dəfə Laçında gecələyəcəyimiz məkanın yolunu tuturuq.

Laçınla bağlı çox yazmaq olar, yazılacaq da. Ən əsası isə odur ki, hazırda məğlubiyyətdən yox, hərb tarixini yenidən yazan Azərbaycan əsgərinin qələbəsindən və xalqımızın şücaətindən yazırıq. Biz tarixi özü yazan nəslin nümayəndələri olduğumuz, həmçinin elə məhz tarixin özü olduğu üçün qürurluyuq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir