Siyasət

SEPAH iki generalı ilə vidalaşdı: İsrailin hədəfində olan digər fiqurların adı – TƏHLİL + FOTO

Sharing is caring!


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Suriyada həyata keçirdiyi aviahücumlar nəticəsində iki briqada generalını itirib.

İran tərəfi bildirir ki, öldürülən generallar – Məhəmməd Əli Atai Şorçe və Pənah Tağızadə –  SEPAH qüvvələrinin Suriyadakı məsləhət missiyasında xidmət ediblər. Tehran baş verənlərə görə İsraildən qisas alınacağını vəd edib, lakin bu revanşın vaxtı, yeri barədə məlumat verməyib.

Açıq kəşfiyyat mənbələrində olan məlumatlara əsasən, Şorçe və Tağızadə SEPAH-ın Qüds Qüvvələrinin 340-cı Bölməsinin zabitləridir.

Onlar Qüds qüvvələrinin texnoloji bölmələri üzrə fəaliyyət göstərən hərbi məsləhətçilər qismində Suriyada xidmət aparıblar.

Bəzi məlumatlar

Qeyd edək ki, 340-cı Bölmənin qərargahı ilk dəfə bu ilin noyabrında ortaya çıxarılıb.

Bir versiyanı səsləndirək ki, İsrailin növbəti hədəfi 340-cı Bölmənin başqa bir zabiti Fəna Tağızadədir, çünki o, Qəzzadakı müharibə fonunda tez-tez Suriya və Livana gedir.

Böyük ehtimalla Fəna Tağızadə Tehranın himayəsi altında olan “Hizbullah”ın İran emissarlarına silah və yardım ötürülməsi layihələrini gücləndirən fiqurlardan biridir.

SEPAH-da 340-cı Bölmə ilə oxşar səlahiyyətlərə malik olan başqa bir bölmə də var. Bu, 300-cü Bölmədir.

O, kiberəməliyyatlar, aşkarlama, ələ keçirmə və elektron müharibə bölməsi kimi fəaliyyət göstərir.

300-cü Bölmənin komandirlərindən biri Əmir Laşqaryandır, o da tez-tez Livana səfərlər edir.

Sezmək çətin deyil ki, İsrailin növbəti birbaşa hədəfi siyahısında Tağızadə və Laşqaryan dayanırlar.

İsrail zəifləməyib

Ümumiyyətlə, Suriyadakı son hadisə İran-İsrail düşmən münasibətlərindəki hibrid müharibənin hansı fazaya keçəcəyi suallarını yaradır.

Baş vermiş hadisə bu il oktyabrın 7-də başlayan HƏMAS-İsrail müharibəsindən bəri İranın Suriyadakı qüvvələrinə qarşı ən effektiv hərbi əməliyyatdır.

Bu onu göstərir ki:

– İran hər nə qədər İsraili dar bir küncə sıxışdırmağa çalışsa da, kəşfiyyat cəhətdən hələ də İsraildən çox geridə qalır;

– İsrail HƏMAS-ın qəfil hücumuna yaxalansa da, onun regional hərbi gücü parçalanmayıb və İrana qarşı əməliyyat sistemi zədələnməyib;

– İranın İsraili təcrid etmək üçün səyləri özünü doğrultmur.

Nə gözlənilir?

Bunları bir fakt izah edir – İsrail ordusu Qəzzada HƏMAS-ın ağırlıq mərkəzlərinə qarşı quru əməliyyatlarını genişləndirir.

Lakin İran SEPAH-ın itkisindən sonra Qəzzadakı müharibənin özünə sərf edən həddə qədər genişlənməsi üçün fəaliyyətlərini davam etdirəcək.

Bununla belə, İranda İsraillə birbaşa qarşı-qarşıya gəlmək çağırışlarını irəli sürmək müşahidə edilmir, hərçənd, bənzər yanaşma elə Təl-Əvivdə də mövcuddur.

İran birbaşa müharibənin əvəzinə özünün qəyyumluğu altında olan qruplara İraq və Suriyada İsrail, ABŞ qüvvələrinə qarşı hücumları artırmaq tapşırığını verə bilər.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir