Siyasət

Tarixi həqiqətlər işıq üzünə çıxarıldı: Ağdərə rayonu niyə ləğv edilmişdi? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Azərbaycanda 30 il öncə ləğv edilən Ağdərə rayonu inzibati ərazi vahidi olaraq, yenidən yaradılır. Bununla bağlı Milli Məclisdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək, mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.

Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ümumilikdə 1 660,83 kvadrat kilometr ərazi yenidən bərpa ediləcək Ağdərə rayonunun tərkibinə veriləcək.

Maraqlıdır, Ağdərə rayonu 1992-ci ildə niyə və hansı əsaslarla ləğv edilmişdi? Həmin dövrdə belə bir addımın atılmasına rəvac verən məqam nədən ibarət idi?

Bununla bağlı Oxu.az-a danışan 1991-2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı, hazırda Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov həmin dövrün siyasi reallığının belə əsassız bir qərara gətirib çıxardığını deyib. Elman Məmmədovun fikrincə, o zamanlar Ağdərə rayonunun ləğvi düşünülməmiş və əsaslandırılmamış atılan addım idi:  

“1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Bundan sonra Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilib.

Cəmi bir il sonra “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Milli Məclisinin qərarı ilə Ağdərə rayonu ləğv edilib, onun ərazisi Tərtər, Kəlbəcər və Ağdam rayonları arasında bölüşdürülüb.

Bu çox gözlənilməz qərar oldu və məncə, heç bir ehtiyac yox idi. Ağdərə rayonunun ləğvi hüquqi, siyasi cəhətdən mənasız və əsassız idi. Sadəcə, həmin dövrdə Azərbaycan rəhbərliyində mövcud olan qanunsuzluq, özbaşınalıq, anarxiya, hakimiyyətdə təmsil olunan şəxslərin iddia və qərəzləri səriştəsiz siyasətə gətirib çıxardı. Sonradan Ağdərə rayonunun əhalisi haqlı olaraq ulu öndər Heydər Əliyevə çox sayda müraciətlər etdilər. Mən özüm deputat seçiləndən sonra da Milli Məclisdə dəfələrlə bu məsələni qaldırdım. Ağdərə rayonu bərpa olunmalı idi, sakinlərin, bütün xalqın istəyi belə idi. Ancaq bu qərar 30 il sonra – Ağdərə azad edildikdə reallaşdırıldı. Prezidentimiz “nəyi, necə və nə vaxt etmək lazım olduğunu mən yaxşı bilirəm” deyərək, çox düzgün vurğulayıb. Ağdərə sakinlərinin gözləntisi öz nəticəsini ən düzgün zamanda verdi.

Cari ilin sentyabr ayının 19-20-də keçirilən lokal antiterror tədbirləri ilə Ağdərə rayonu da işğalçılardan təmizləndi. Beləliklə, tarixi ədalətsizliyin ləğv edilməsi, haqqın bərpası reallaşdı. Biz Ağdərə rayonunun yenidən bərpa olunması haqqında qanun layihəsini Milli Məclisdə müzakirə edəcəyik. Mənə elə gəlir ki, deputat həmkarlarım bunun əleyhinə səs verməyəcəklər”.

Elman Məmmədovun sözlərinə görə, Ağdərə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində o dövrdə mövcud olan rayonlar içərisində ərazisinə və əhalisinin sayına görə ən böyük rayonlardan biri olub. Hətta Ağdərə azərbaycanlı əhalinin sayına görə ən vacib rayonlardan biri idi:

“Ağdərə iqtisadi cəhətdən güclü rayonlardan biri hesab olunurdu. O dövrdə Şuşa rayonundan sonra ən çox azərbaycanlı yaşayan ikinci rayon Ağdərə idi. Bəlkə də buna görə, 1992-ci ildə o dövrün hakimiyyəti belə bir haqsızlığa yol verdi və Ağdərə rayonunu heç bir əsas olmadan, qəfil ləğv etdi.

Ağdərənin ərazisi üç rayon – Kəlbəcər, Ağdam, Tərtər arasında bölünmüşdü. Amma ağdərəlilər özlərini həmişə belə adlandırırdılar. Hansı rayonun sakini olmasına baxmayaraq, onların dədə-baba yurdu Ağdərədir. Rayonun rəsmi şəkildə ləğvi ağdərəlilərin heysiyyətinə çox toxunmuşdu. Onlarla görüşlərimdə, ünsiyyətimdə bunu dəfələrlə dilə gətirdiklərinin şahidiyəm.

Ağdərənin bərpasına görə, özüm və ağdərəlilər adından Prezidentimizə təşəkkür edirəm”.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir