Siyasət

Əliyev ABŞ qarşısına şərt qoyur, Blinken Ağ Evi inandırır – TƏHLİL

Sharing is caring!


Azərbaycan balaca dövlət olsa da, xarici siyasətdəki manevrləri, üstəgəl regional hərbi qüdrəti hesabına Cənubi Qafqazdakı maraqlarını inamlı və qətiyyətli şəkildə irəli aparır.

Düzdür, Azərbaycan planetar miqyaslı oyunçu deyil, amma regiondakı təhdid çarxlarını əhəmiyyətli dərəcədə dəyişə biləcək potensial və qüdrətə malikdir.

O mənada ki, planetar səviyyəli aktorların Cənubi Qafqazdakı ambisiyalarını daraldan hərəkət və manevrlər həyata keçirir. Bunu nəticələrin bazasında geniş təhlillə əsaslandırmaq üçün xeyli fakt var, amma bu yazıda həmin fikirlərin yenidən təkrarlanmasına lüzum görmürük.

Sadəcə, söhbəti ona gətiririk ki, Azərbaycan regionda Ermənistanın işğalçılıq siyasətini dağıdıb tikələrinin hərəsini bir tərəfə atan nəticələr əldə edib. Sonradan bu nəticələr Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirləri ilə daha da bərkidi.

Artıq işğalçılıq bir tərəfə, regionda separatizmi alovlandırmaqla münaqişələri təzələmək riskləri aradan qalxdı.

Sonra da qlobal siyasətin qüdrətlərindən biri olan ABŞ Ermənistandan qopan tikələri əlinə alaraq modunu bir qədər kəskinləşdirdi.

O, Azərbaycanla Ermənistan arasındakı sülh proqramının arasına özünün ambisiyalarını yerləşdirib regional mənfəətini gücləndirmək istədi.

ABŞ Konqresində Azərbaycan əleyhinə dinləmələr, Dövlət Departamenti tərəfindən Azərbaycanla tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmayan məsuliyyətsiz bəyanatlar, Ermənistanın “sağlığına qaldırılan badələr” Vaşinqtonun regional hərəkət trayektoriyasını izləməyə imkan verirdi.

Amma ABŞ-də Azərbaycanla münasibətlərin əhəmiyyətini başa düşənlər də az deyil. Elə Bakı da Vaşinqtonla strateji tərəfdaşlıq həddinə çatan əlaqələri daha da qabağa aparmaqda maraqlıdır.

Burada qarşılıqlı anlaşma vacibdir və bu, müdafiə, təhlükəsizlik, energetika məsələlərindən irəli gələn çağırışlara söykənir. Lakin görünür ki, ABŞ-də Bakı ilə münasibətləri zədələmək istəyən qüvvələrin faktiki səlahiyyətləri üstünlük təşkil edir.

Düzdür, ABŞ ilə Azərbaycanın regionda Ermənistan mənşəli olmayan başqa təhdid mənbələrinə qarşı formalaşdırmaq istədiyi müştərək müdafiə siyasəti var. Amma bu bağı belə qoparmaq təşəbbüsü elə Ağ Evin adına yazılır.

Çünki ABŞ Konqresi ilə Dövlət Departamenti arasında Cənubi Qafqazdakı siyasətə dair yaranan fikir ayrılıqları nəticədə Ağ Ev administrasiyasının bəyanatlarında anti-Azərbaycan ritorikasını gücləndirirdi.

Siyasi səhnədə Azərbaycanla ABŞ arasında davam edən gərginlik Vaşinqtonun özünün Cənubi Qafqazdakı maraqlarına zərbə vururdu.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayenin Nümayəndələr Palatasındakı dinləmələrdə verdiyi bəyanatlara cavab mətnində bir neçə bəndlə diplomatik tərzdə belə göstərmişdi:

– Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur;

– 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-nin terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin ildə 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ tərəfi olub;

– Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb;

– Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan idi. Azərbaycan, eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub.

Bunlar Ağ Ev üçün əhəmiyyətli xatırlatmalar idi və mesajın mahiyyəti belə idi ki, ABŞ öz ermənipərəst tərzini saxlasa, Bakı gələcəkdə Vaşinqtonun qlobal əməliyyatlarına dəstək verməkdən imtina edəcək.

Bunu ABŞ-nin hərbi-siyasi elitasında anlayanlar oldu və Bakı ilə münasibətlərə xələl gəlməməsi üçün Vaşinqton diplomatiyası canlandı.

ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək münasibətlərdəki gərginliyin aradan qaldırılması üçün göstərdiyi diplomatik səy bunun bariz örnəyidir. İlham Əliyev danışıq zamanı, belə demək mümkünsə, Blinkenin qarşısında şərt qoyub.

Belə ki, Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.

Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın.

Bunu ABŞ-nin özünün Ermənistana dəstək olan mövqeyindən çəkindirən bir nəticə olaraq qəbul etmək olar – ən azından indi üçün.

Azərbaycanın təhdidlərə və təzyiqlərə baxmayaraq öz mövqeyindəki qətiliyi və prinsipiallığı ABŞ-nin qiymətləndirməsinə təsir etməlidir. Çünki ABŞ-dən çıxan səslərin gurluğuna rəğmən, yekunda Vaşinqtonla Bakı ümumi bir dil tapa bilmək təcrübəsinə malikdirlər.

Blinken kimi təcrübəli diplomat Azərbaycanla münasibətlərin ruhunu sarsıtmamaqda maraqlıdır. Buna görə də onun Ağ Evi İlham Əliyevin şərtlərinə inandırmaqdan ötrü xeyli əmək sərf etdiyi görünür və görünəcək. Çünki Blinken ABŞ-nin Azərbaycanla təhdid və təzyiq dili ilə danışmasının Ağ Evin faydalı iş əmsalı üçün ziyanını yaxşı hesablayır.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir