Siyasət

Utan, ABŞ, utan! – ŞƏRH

Sharing is caring!


Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirilib.

Deyəsən, ABŞ unudur ki, artıq Dağlıq Qarabağ adlı ərazi yoxdur. Uzağı, Qarabağın dağlıq ərazisi deyə bilərlər. O da özlərində cəsarət tapsalar. Rəsmi olaraq isə həmin ərazi Qarabağ iqtisadi rayonu adlanır. ABŞ elə təsəvvür etsin ki, özünün ştatının adı və inzibati vahidini təhrif edən ifadə işlənir. Xoşuna gələrmi? Yox. Amma başqasına qarşı ədalətsiz davranmaq ABŞ-nin siyasətinin ana xəttinə çevrilib.

Bir ABŞ-dir, bir də Fransa, bunlar güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmirlər. Gözümüz aydın, gedib su içsinlər. Onsuz da, Azərbaycan istədiklərini əldə edib və bu proses davam edəcək. ABŞ ilə Fransa nə düşünürlərsə-düşünsünlər, bunun heç bir əhəmiyyəti yoxdur.

Elə deyəsən, budəfəki çürük dinləmələr də ABŞ ilə Fransanın birgə işidir. Qeyd edək ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dəki erməni lobbisi olub. Fransa da erməni lobbisinin təsiri altında olan bir dövlətdir. ABŞ və Fransa – bu da onları birləşdirən başqa bir erməni dəyəri.

Onu da bildirək ki, tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə altkomitəsinin sədri Tomas Kindir. O, bundan əvvəl Ermənistanın ABŞ-dəki səfiri Lilit Makuns ilə görüşüb.

Görünür ki, ABŞ belə dinləmələrlə Azərbaycanın üzərinə öhdəlik qoymağa çalışır. Əbəsdir.

Birincisi, Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında öhdəliyi var. İkincisi, ABŞ də daxil olmaqla heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz.

Üçüncüsü, ABŞ anlamalıdır ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti olacaq.      

Bu da bir yana. Görəsən, ABŞ öz daxilindəki qalaqlanmış problemləri yada salırmı? Yox. Amma bir tövsiyə: Yaxşı olar ki, Konqres ABŞ-nin günbəgün artan dövlət borcundan başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminalın baş alıb getməsi və digər çoxsaylı daxili problemləri ilə məşğul olsun. Olmursa, başqalarının işinə də burun soxmasın.

Yox, burnunu soxmağa davam etsə, özünün riyakarlıqları bütün çılpaqlıqları ilə üzə çıxacaq. Ona görə bu fikri deyirik ki, ABŞ dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrinin müəllifi olub.

Bildirək ki, 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı, amma bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb.

Bu gün isə ABŞ Qəzzada baş verənlərin ssenari müəllifi qismindədir. Onu da unutmaq lazım deyil ki, Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan da məhz ABŞ-dir. ABŞ-nin sayəsində Ukrayna dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Qısası, dünyanı qana bürüyən ABŞ indi də Azərbaycanı hədəfə alır. Amma o, heç zaman istədiyinə nail olmayacaq.

Postsovet məkanı, Cənubi Qafqazda baş vermiş və hələ də davam edən siyasi kataklizmlərin ən böyük səbəbkarı elə ABŞ-dir.

ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı, BMT TŞ-nin məlum dörd qətnaməsinin icrası istiqamətində addım atmadı. Amma 1992-ci ildə Azərbaycana qarşı “907-ci düzəliş”i qəbul etdi. Azərbaycan xalqı bu riyakarlığı unutmayıb və unutmayacaq. Utan, ABŞ, utan! Bu rəzilliklərlə necə sən insan hüquqlarından danışırsan?

Yeri gəlmişkən, Konqresdə çıxış edənlər bildirirlər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur. ABŞ-nin yardım dediyi sözün əsl mənasında yaldır ki, onu da Ermənistana verməsi məsləhət görülür.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir