Siyasət

Demoqrafik böhranla üzləşən Ermənistan: Əhalisinin sayı artmayan ölkə – ŞƏRH + FOTO

Sharing is caring!


Başqasının göstərişi, tapşırığı ilə fəaliyyət göstərməkdə davam etsə, Ermənistanın başı çox ağrıyacaq. Ordusu Azərbaycan torpaqlarından qovulandan sonra bu ölkənin rəhbərliyi yenə öz dövlətinin və əhalisinin (bu ölkə ermənilərdən ibarətdir – red.) təhlükəsizliyinə, gələcəyinə, inkişafına, habelə regional əməkdaşlığa üstünlük verməkdənsə, gözü yenə başqa əllərdə qalıb.

Bu ələbaxımlıq isə bütün sahələrdə olduğu kimi demoqrafiyaya da mənfi təsir göstərir. Ölkə əhalisi baş verənlərdən, hikkəli, Türkiyə və Azərbaycana qarşı düşmənlik yayan “ideoloqlardan”, Azərbaycana torpaq iddiasından, sabaha ümidsizlikdən, perspektivsizlikdən bezib.

44 günlük müharibədən sonra 2021-ci il iyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində revanşistlərin, müharibə tərəfdarlarının məğlub olması sübut etdi ki, erməni əhalisi populistlikdən və xülyalardan yorulub. Onlar sabitlik və təhlükəsiz şəraitdə yaşamaq istəyirlər. Daim düşmənçilik hissləri ilə yaşamaq Ermənistan cəmiyyətinin psixoloji vəziyyətinə kütləvi olaraq mənfi təsir göstərir.

Elə ermənistanlı mütəxəssislərinin fikrincə, ölkə əhalisi arasında dərin ümumi ruh düşkünlüyü, laqeydlik müşahidə olunur.

Araşdırmalara əsasən, sakinlər mövcud reallıqdan qaçmağa cəhd göstərirlər.

Bildirilir ki, Ermənistan cəmiyyəti dəvəquşu mövqeyindədir. Onlar başlarını öz işlərinə məşğul etməklə ətrafdakı hadisələrdən, reallıqdan təcrid olmağa çalışırlar.

Ölkədə başlarını öz işlərinə qata bilməyənlər isə mühacirətə üz tutur. Ermənistan əhalisinin sayı 30 ilə yaxındır artmır. Bu ölkədə ən yüksək demoqrafik göstərici 2000-ci ildə olub. Həmin zaman Ermənistanın əhalisi 3 milyon 169 min təşkil edib. 2023-cü il iyulun 1-ə olan məlumata əsasən, ölkə əhalisi 2 milyon 961 min 900 nəfər olub.

Yerli mütəxəssislərin qənaətincə, 2023-cü ildə Ermənistanın əhalisi 5,5 milyon nəfər təşkil etməli imiş. Ancaq aparılan qeydiyyata əsasən, ölkədə 2 milyon 900 min nəfər qalıb. Onların fikrincə, real əhalinin sayı bundan da azdır.

Ermənistan demoqrafik sahədə yaranan böhranı xarici ölkələrdən köçənlərin hesabına aradan qaldırmağa səy göstərir. Livan, Suriya, İran, Çin və başqa ölkələrdən köçənlər isə bir qayda olaraq yeni problemlər yaradır.

Erməni sakinlər çıxış yolunu mühacirətdə görürlər. Adətən miqrantlar geri dönmürlər.

Ermənistanda ordu sıralarında xidmət edənlərin sayında da kəskin azalma müşahidə olunur. Buna da əsas səbəb olaraq mühacirət göstərilir. Ermənistan parlamentinin deputatı Hayk Sarqsyan bildirib ki, son 9 ildə hərbi xidmətə çağırışçıların sayı 44 faiz azalıb.

Onun sözlərinə görə, son 15 ildə çağırışçıların sayı ötən ilki göstərici ilə müqayisədə azalıb: “Bu sahə hələ tənzimlənmir. Orduda xidmət etmək istəməyən vətəndaşlar ölkəni tərk edir, vətəndaşlıqdan çıxırlar”.

Hayk Sarkisyan bildirib ki, 2010-cu ildə Ermənistanda 44 mindən çox çağırışçı olub: “Sonrakı 9 ildə bu rəqəm 44 faiz azalaraq 24 minə enib”.

Bundan başqa, Ermənistan mətbuatının məlumatına əsasən, hətta Qarabağdan könüllü olaraq Ermənistana köç edən ermənilərin 10 mini bu dözülməz şərait səbəbindən qısa zamandan sonra ölkəni tərk edib.

2022-ci ilin yekunlarına əsasən, ölkədə doğum halları da azalıb. Ötən il 36 623 körpə dünyaya gəlib. Bu 2021-ci illə müqayisədə 270 körpə azdır.

Əhalinin sayının sabit qalması, yaxud azalması istənilən ölkə demoqrafiyası üçün mənfi kimi qəbul edilir. Bütün istiqamətlərdə inkişaf edən bəzi ölkələrdə də bu hal müşahidə olunur. Amma həmin dövlətlərdə bu, əsasən, doğum və nikah sayının azalmasından baş verir. Ermənistan isə çətin sosial-iqtisadi şəraitdən, əhalinin müharibədən bezməsindən, mühacirətin artması səbəbindən demoqrafik böhranla üzləşib.

Qonşuları ilə münasibətləri normallaşmayınca Ermənistanın belə bir böhrandan çıxacağı isə inandırıcı görünmür.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir