Siyasət

“Fransa hər vəchlə bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsinə mane olur” – RƏY + FOTO

Sharing is caring!


“İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Fransa təcavüzkar Ermənistanı müdafiə edib. Neçə illərdir demokratiya örtüyünə bürünən, dünyaya haqq-ədalət dərsi keçən Paris Azərbaycana qarşı ədalətsiz yanaşma sərgiləyib”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

O söyləyib ki, Azərbaycanın daxili işlərinə müxtəlif yollarla qarışmağa cəhd edən rəsmi Paris öz ölkəsində demokratiyanın kobud şəkildə pozulmasına yol verir:

“Öz gözündə tiri görmür, başqalarında tük axtarır. Bu gün onlar öz çirkin məqsədlərinə çatmaq üçün Ermənistandan istifadə edirlər. Cənubi Qafqazı yenidən qarışdırmaq Fransanın əsas prioritetidir. Onların əsas hədəfi bölgədə gedən proseslərə müdaxilə edərək, öz silah-sursatını, hərbi texnikasını Ermənistana satmaqdır. Hesab edirəm ki, Fransız silahları gələcəkdə bölgənin digər dövlətlərinə qarşı da istifadə oluna bilər. Sülh barədə düşünməyən Ermənistan isə dərk etməlidir ki, nə qədər silah-sursat əldə etsə də, ölkəmizə qarşı heç nə edə bilməyəcək. Onların məğlub Ermənistanı silahlandırıb növbəti müharibəyə sövq etmək cəhdi nəticəsiz başa çatacaq”.

K.Bayramov qeyd edib ki, bu dövlət 44 günlük Qarabağ müharibəsində və sonrakı müddətdə Ermənistanı silahlandıraraq bölgədə qarşıdurmanı gücləndirir:

“Fransa iki ölkə arasında gərginliyi qoruyub saxlamaq siyasəti yürüdür, Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqının vasitəçiliyi ilə gedən sülh danışıqlarını pozmaq istiqamətində addımlar atır. Avropa İttifaqının sərt məhdudiyyət qaydalarına baxmayaraq, Makron hökuməti birtərəfli qaydada Ermənistanı silahlandırmaq kimi çirkin planını həyata keçirməyə çalışır. İkili standartların əsirinə çevrilən Qərb qurumları Ermənistana əlavə silahların verilməsinə yenə də göz yumurlar. Qərb dövlətləri anlamaq istəmirlər ki, bu siyasət bütün regionun sabitliyinə yeni bir təhlükədir. Onların Ermənistanda revanşizmi dəstəkləyərək silahlandırması, maliyyə dəstəyi göstərməsi yolverilməzdir”.

Deputatın sözlərinə görə, mediada yer alan xəbərlərdə göstərilir ki, Fransa, artıq, Ermənistana zirehli döyüş texnikası göndərib:

“Paralel olaraq rəsmi Paris Hindistan istehsallı “Trajo” haubitsalarının göndərilməsini təşkil edib. Fransanın Seazar – artilleriya sistemlərinin analoqu olan bu silahlar Hindistanda fransız şirkətinin lisenziyası əsasında istehsal olunur. Fransa tərəfinin İrəvan üçün göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Gürcüstan-Ermənistan sərhədinə aparılıb. Bundan başqa, “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli maşınları da Poti limanına göndərilib. Rəsmi Parisin bu addımı Fransanın iç üzünü bir daha ifşa edir. Qeyd edim ki, bu, Yelisey sarayının ilk belə cəhdi deyil. Onlar əvvəllər də bu siyasətini qapalı şəkildə – “humanitar yardım” adı altında davam etdirib. Hətta, proses üçüncü dövlətin – Hindistanın köməkliyi ilə həyata keçirilib”.

“Onu da qeyd edək ki, Afrikada və dünyanın müxtəlif yerlərində müstəmləkəçilik siyasəti iflasa uğrayan Paris Cənubi Qafqazda münaqişə yaratmaqla fikirləri üzərindən yayındırmağa cəhd edir. Makron hakimiyyəti bu davranışları ilə Cənubi Qafqazda yeni eskalasiya riskini artırmaqla yanaşı, beynəlxalq səviyyədə təhlükəsizliyə xələl gətirir. Yaxşı olardı ki, Fransa dünyada ermənilərin müdafiəçisi imicinə bürünməkdən əl çəkəkərək öz ölkəsindəki qeyri-qanuni əməllərə son qoysun. Bu gün insan hüquqlarını kobud şəkildə pozmaqdan çəkinməyən sözügedən ölkə siyasətinin hansı mərama xidmət etdiyi gün kimi aydındır. Bütün baş verən neqativ halların aradan qaldırılması üçün Korsikadakı vəziyyətin BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınması da zəruridir. Fransanın BMT Təhlükəsizlik Şurasındakı statusundan monopoliya kimi istifadəsinə son qoyulmalıdır”, – deputat vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir