Siyasət

İran səfirinin açıqlaması – yeni anti-Azərbaycan kampaniyasının başlanğıcı – ŞƏRH + FOTO

Sharing is caring!


İran hakimiyyətinin Azərbaycan Respublikasına münasibəti daim dalğavarı olub. Tehran rəsmilərinin açıqlamaları bir çox hallarda şübhə ilə qarşılanıb ki, bu da ona inamsızlıqdan irəli gəlir. Azərbaycan torpaqları işğal olunandan İrandakı rejimin bütün fəaliyyəti Ermənistanın müdafiəsinə yönəlib. 44 günlük müharibə zamanı bu, özünü daha aydın göstərdi.

İranın Ermənistanla Azərbaycan arasında vasitəçiliyi də sınaqdan çıxmadı. Mətbuatda bir neçə dəfə İran xüsusi xidmət orqanlarının Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrlə əlaqədə fəaliyyət göstərməsi ilə bağlı məlumatlar yayılıb. Şuşanın, Zəngilanın və başqa ərazilərin işğalında dolayısı ilə onun da əli olması dəfələrlə iddia edilib. İran hakimiyyətinin 30 il müddətində Azərbaycana qarşı fəaliyyətinə, etdiyi xəyanətlərə, təəssüf ki, çox rast gəlindiyindən onun istənilən xoşməramlı açıqlaması belə şübhəli görünür.

Bu günlərdə İran Prezidenti İbrahim Rəisinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamasından sonra elə zənn edilirdi ki, Tehran hakimiyyəti Cənubi Qafqazda reallığa uyğun davranmağa başlayacaq. Ancaq İranın Ermənistandakı səfiri Mehdi Sübhani verdiyi müsahibə ilə bu rejimə olan şübhələri təsdiqlədi.

Səfir Azərbaycanın Qarabağ iqtisadi rayonundan könüllü köçən erməni sakinlərin “pozulan hüquqlarından” danışmaqla rəsmi Bakını ittiham edib. O, erməni sakinlərin “öz müqəddəratını təyinetmə hüququndan” belə danışıb.

Səfir beynəlxalq hüquqdan danışaraq qurumlara çağırış edib. Sübhani Azərbaycana öz vətəndaşı sayılan erməni sakinlərin hüquqlarının qorunması ilə bağlı “tövsiyə” də verməyi yaddan çıxarmayıb.

Bunu hər addımbaşı vətəndaşın ən adi hüququnun pozulduğu ölkənin səfiri deyir. Son bir ay ərzində İranın İsfahan, Şirazın Adelabad, Qorqanın Əmirabad, Təbriz, Kaşan, Bəndər-Abbas və Zahidan şəhərlərinin mərkəzi həbsxanalarında, o cümlədən Kərəc əyalətinin Qızılhisar, Əhər şəhərinin zindanlarında azı 30 məhbus dar ağacından asılıb. Onların hamısının birmənalı olaraq qətl və narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunduqlarından məhkəmənin ədalətli hökmünə şübhələr yaranır. İran məhkəmələrinin ədalətli olması daim beynəlxalq ictimaiyyət tərəfindən şübhə ilə qarşılanıb. Bu ölkənin ədliyyə sisteminin şəffaf olmadığı beynəlxalq təşkilatların hesabatlarında daim əks olunub.

BMT və Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndələrini Tehran rejimi heç vaxt ölkəyə buraxmadığı halda, ermənilərə havadarlıq edərkən səfir Sübhaninin yadına beynəlxalq hüquq və ictimaiyyət düşür.

İranda fars olmayan etnik qrupların, azlıqların, habelə milyonlarla Azərbaycan türkünün ölkə konstitusiyasında təsbit edilən milli-mədəni hüquqları verilmir. Öz qanuni hüququnu tələb edənlər isə təqib və təzyiqlə üzləşir, həbs edilirlər. İranda insan hüquqlarının vəziyyətini ötən il sentyabrın 17-dən başlamış etiraz aksiyalarından daha aydın görmək olar. Etiraz aksiyaları zamanı hərbi-polis və bəsic qüvvələri 70-i uşaq olmaqla 519 nəfəri qətlə yetirib. 698-i tələbə olmaqla 19 291 etirazçı saxlanılıb, onlarla tələbə aksiyada iştirak etdiyi üçün ali təhsil müəssisələrindən qovulub.

Bu istiqamətdə çoxsaylı faktları qeyd etmək mümkündür. Bu baxımdan, Tehran hakimiyyətinin və onun təmsilçilərinin hüquq, azadlıq, öz müqəddəratını təyinetmə kimi məsələlərdən danışması saxtakarlıq kimi görünür.

Ərazi məsələsinə gəldikdə isə İranla Birləşmiş Ərəb Əmirlikləri arasında 3 ada ilə bağlı mübahisə hələ də həll edilməyib. 1992-ci ilin avqustunda İran Əbu Musa adasının ərəb sakinləri zorla ərazidən çıxarılaraq etnik təmizləmə aparılıb.

Qarabağda hərbi əməliyyatlar başlayandan erməni sakinlərə Azərbaycan hökuməti inteqrasiya olunmağı məsləhət görüb. Ən əsası isə onların ərazini könüllü tərk etdiklərinə dair çoxsaylı faktlar var.

Görünür, səfir bunları görmək istəməyib.

Sübhani İran hakimiyyətinin xarici siyasi kursunun icraçılarındandır. Bu baxımdan, onun müsahibəsi Tehranın Azərbaycana qarşı başladığı yeni kampaniyanın siqnalı da sayıla bilər. Nəzərə almaq lazımdır ki, İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də Sübhaninin müsahibəsinə haqq qazandıran açıqlama yayıb. O da “öz müqəddəratını təyinetmə”, beynəlxalq hüquqdan bəhs etməklə təbliğatı davam etdirib. Odur ki, Pakayin İranda öz müqəddəratını təyinetmə hüququndan bəhs edənləri Tehran rejiminin niyə separatçı saymasına dair suala cavab versə, onun mövqeyi tam məlum olar.

Digər cavab verilməli sual isə azlıqların hüquqularından danışan diplomatların İranda hər il neçə-neçə yəhudinin, bəhaninin, zərdüştün ölkəni niyə tərk etdiyini, onların müxtəlif təzyiqlərə məruz qaldıqlarını bilib-bilməməsidir.

İranda etnik və dini azlıqlara edilən təzyiqləri, zülmü görməzlikdən gəlmək hər baxımdan antiinsanidir.

Səfirlərin “qanunbazlıq” çıxışı İranın Fransa, Ermənistan və bəzi Qərb ölkələrinin anti-Azərbaycan kampaniyasına qoşulduğunu nümayiş etdirir.

Bütün bunlar bir daha sübut edir ki, İran hakimiyyəti yaxın zamanda Azərbaycana münasibətdə səmimi olmayacaq. O, 2-ci Qarabağ müharibəsində və ondan sonra Ermənistanın haqsız mövqeyini dəstəkləməkdə davam edir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir