Siyasət

Müstəqilliyin Bərpası Gününə töhfə: Ərazisi, suverenliyi ilk dəfə bütöv olan Azərbaycan – ŞƏRH + FOTO

Sharing is caring!


1991-ci il oktyabrın 18-də Milli Məclis ovaxtkı Ali Sovet Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bununla da Azərbaycan milli dövlətçilik tarixində mühüm hadisənin əsası qoyulub. Həmin il dekabrın 29-da referendumda əhalinin 95 faizi səsvermədə iştirak edərək müstəqilliyə, suverenliyə və istiqlaliyyətə səs verib. Sənəddə müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu vurğulanıb. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

Artıq 32 il əvvəl Azərbaycan dövlətçiliyi tarixində baş vermiş ədalətsizlik də bərpa olunub.

Keçmiş SSRİ-nin hakim kommunist ideologiyası cümhuriyyəti unutdurmağa çalışsa da, buna nail ola bilmədi. Onun tənəzzülə uğrayıb çökməsi dövründə törətdiyi bütün fəsadlar, cinayətlər və s. məsələlər aşkar oldu. Azərbaycan milli dövlətini, Şərqdə ilk demokratik respublikamızı 1920-ci il aprelin 28-də sovetlər hərbi yolla devirməklə işğalın əsasını qoydular. Beləliklə, 70 il davam edən işğalın əsası qoyuldu.

Sovet rejimi dağılan ərəfədə ölkə ictimaiyyəti, xüsusən ziyalılar müstəqillik uğrunda mübarizəyə başlayanda maneələr yaradıldı. Ötən əsrin 80-ci illərinin sonlarında isə 300 minə yaxın Qərbi azərbaycanlı güc yolu ilə dədə-baba yurdlarından qovuldu, Ermənistan vətəndaşlığından məhrum edildi, mülkiyyəti əllərindən alındı. Mərkəzi hakimiyyətin laqeydliyi nəticəsində erməni etnik qrupu təmsilçilərinin iştahası daha da böyüdü, nəticədə onlar Qarabağı Ermənistana birləşdirmək istiqamətində fəaliyyətə başladılar. Bunun ardınca 1988-ci ildə Şuşa şəhəri yaxınlığında yerləşən Topxana meşəsi separatçılar tərəfindən dağıdıldı. Buna cavab olaraq Bakıda “Azadlıq!”, “Ədalət!”, “Müstəqillik!”, “Ərazi bütövlüyü!” şüarları ilə yüzminlərlə insanın iştirakı ilə etiraz aksiyaları başladı. Həmin illərdə Azərbaycan cəmiyyəti cümhuriyyət dövründə olduğu kimi, həm dövlət quruculuğu, həm də ərazi bütövlüyü uğrunda mübarizə aparıb, şəhidlər verib. 1990-cı ildə sovet rəhbərliyinin törətdiyi 20 Yanvar hadisəsi, 1992-ci ildə Xocalıda yaşadılan soyqırımı müstəqillik yolunda Azərbaycana vurulan zərbələrin simvoluna çevrildi. Belə qanlı cinayətləri törədənlər Azərbaycana müstəqillik yolunda maneələr yaratmağa çalışıblar. Sovetlərin çökməsi Azərbaycanın müstəqilliyinin bərpasını, ərazi bütövlüyü uğrunda mübarizəsini sürətləndirdi.

Ərazi bütövlüyü problemi milli dövlətçilik tarixi ilə yaşıddır. Sovetlərə daxil ediləndə Azərbaycanın ərazisi 113 900 kvadrat kilometr olub. Ancaq SSRİ dağılanda bu ərazi 86,6 min kvadrat kilometr olub. Bu azmış kimi, düşmənlər və havadarları Qarabağı da işğal edərək onu Azərbaycandan qoparmağa çalışıb. Onlar bu torpaqları 30 il işğal altında saxlayıb. Bu yüzillik yara həm cümhuriyyətin, həm də respublikanın inkişafına böyük maneə idi. Azərbaycan gəncləri ərazi bütövlüyü və müstəqillik yolunda əziz canlarından keçib. Minlərlə azərbaycanlı bu yolda şəhid, qazi olub. Yüzminlərlə azərbaycanlı öz evlərindən, tarixi yurdlarından didərgin salınıb, ermənilərin və havadarlarının dəstəyi ilə etnik təmizləməyə məruz qalıblar.

Müstəqilliyini bərpa etmiş Azərbaycan Cümhuriyyətin işğalının 100-cü ildönümündə sovetdənqalma ərazisini işğaldan təmizləməyə nail olub. 2023-cü il sentyabrın 19-20-də isə lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçıların tör-töküntüləri bütün mənalarda tərk-silah edildilər. Bu, respublika ərazisində keçmiş SSRİ-dən qalma “muxtar vilayət”in də özünü buraxması ilə nəticələndi. Azərbaycan Müstəqilliyinin Bərpası Gününü ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə qeyd edir.

Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə ən böyük uğuru da budur. Onun rəhbərliyi ilə indi işğaldan təmizlənən ərazilərdə quruculuq işləri davam edir. Qarabağ və ətraf rayonlardan olan qaçqınlar yurdlarına qayıdır. Ərazi bütövlüyünün bərpası onların təhlükəsiz yaşamasına imkan yaradır. Bu, milli müstəqilliyin bərpasının nəticəsidir. Ərazi bütövlüyü və suverenliyinin tam bərpası Azərbaycanın daha güclü, qüdrətli, demokratik olmasına yeni imkanlar açır, şərait yaradır. Müstəqilliyini bərpa etmiş respublika bir çox beynəlxalq layihələrin fəal iştirakçısı, müəllifidir. Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi sahəsində regional aparıcı rola malikdir. Cümhuriyyətin varisi təhlükəsizliyin təmin olunması və əməkdaşlıq məsələlərində də söz, əməl sahibidir.

32 ildən sonra Azərbaycan regionun ən güclü dövləti, dünyanın sayğı göstərilən dövlətlərindəndir. Regionda sülhün dayanıqlı olması üçün Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşməsi, qərbi azərbaycanlıların pozulan hüquqları bərpa olunmalıdır.

Bu gün Azərbaycanın bütün bölgələrində üçrəngli ay-ulduzlu bayraq dalğalanır. İlk dəfədir Azərbaycan dövlət bayramını ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş şəraitdə qeyd edir. Onun ərazisində qondarma rejimlər, strukturlar yaradıb, cinayətlər törədənlər də həbs edilib, məhkəmələrini gözləyirlər. Artıq Azərbaycan bayrağı altında ifadə verirlər.

Ərazi bütövlüyü, suverenliyi tam bərpa olunan, torpağına qəsd edənləri cəzalandıran Azərbaycan – Müstəqilliyinin Bərpası Günün mübarək!

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir