Siyasət

“Rusiyanın Ermənistandan uzaqlaşması illərlə davam edən prosesin nəticəsidir” – RƏY + FOTO

Sharing is caring!


“Rusiyanın Ermənistandan uzaqlaşması illərlə davam edən prosesin nəticəsidir”.

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O söyləyib ki, hələ İkinci Qarabağ müharibəsindən əvvəl bölgədə güclər nisbəti dəyişmişdi, o zaman da Azərbaycan daha güclü idi və Rusiya üçün daha gərəkli ölkəyə çevrilmişdi:

“Çünki həmin vaxt bizim Rusiya ilə münasibətlərimiz inkişaf edirdi, ticarət dövriyyəmiz artırdı, Türkiyə ilə Rusiya arasında da bu proses gedirdi. Lakin Ermənistan Rusiya üçün öz əhəmiyyətini itirirdi. O vaxtlar Rusiya Ermənistana bildirirdi ki, beş rayonu Azərbaycana qaytarmaq lazımdır. Qismən də olsa, biz bu mövqe ilə razıydıq, ancaq biz beş yox, yeddi rayonu geri almaq istəyirdik. Ermənistan isə bunu istəmirdi, heç bir rayonu geri qaytarmaq niyyətində deyildi. Burada da nəinki Azərbaycanla, hətta Rusiya ilə mövqeyi ziddiyyət təşkil edirdi”.

Politoloq İkinci Qarabağ müharibəsinin başvermə səbəblərinə də toxunub. Bildirib ki, Rusiya Ermənistana müharibədə tam dəstək verə bilməyəcəyini söyləsə də, Ermənistan bunu qəbul etməyərək siyasi mövqeyini dəyişmədi, istədiyi kimi hərəkət edib gərginliyi dərinləşdirdiyi üçün proses müharibə ilə yekunlaşdı:

“Rusiya Ermənistanı dəfələrlə başa saldı ki, müharibə baş verərsə, tam olaraq onu dəstəkləyə bilməz, çünki müharibə Azərbaycan ərazisində gedəcək və Moskva rəsmən məsələyə müdaxilə edə bilməz. Ancaq Ermənistan mövqeyində dəyişiklik etmədi. Nəticədə İkinci Qarabağ müharibəsi baş verdi, ancaq hətta belə vəziyyətdə də Rusiya Ermənistana yardım edirdi, külli miqdarda silah-sursat gəlirdi. Amma Rusiya əsgərləri Ermənistan əsgərlərinin yerinə vuruşmaq iqtidarında və niyyətində deyildilər. Beləliklə, Ermənistan müharibədə uduzdu. Görünür ki, Rusiya-Ermənistan dialoqunda Rusiya nəyisə Ermənistana deyirdi, o isə eşitmirdi, istədiyi kimi hərəkət edirdi, bu da münasibətlərdə ziddiyyətlərin dərinləşməsinə gətirib çıxardı”.

İ.Vəlizadənin sözlərinə görə, Ermənistan Rusiyanın onun yerinə müharibə aparacağı düşüncəsində idi, necə ki Birinci Qarabağ müharibəsində Rusiyanın Ermənistan tərəfdə müstəsna rolu olmuşdu:

“Rusiya təmənnasız şəkildə Ermənistana bir milyard dollarlıq silah-sursat verib. Hərbi müşavirləri, zabitləri Ermənistan tərəfdən müharibədə iştirak edirdilər. 366-cı alayı xatırlamaq kifayətdir ki, Rusiyanın Birinci Qarabağ müharibəsindəki rolunu göstərək. Ermənistan düşünürdü ki, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müdaxilə edəcəklər, ancaq bu baş vermədi və gözləntilər puç olandan sonra Ermənistan daha çox Qərblə münasibətləri sıxlaşdırmaq istədi. Bu da Rusiyanı qıcıqlandırdı. Son vaxtlar biz görürük ki, onların münasibətləri gərginləşib, bunun fonunda Rusiya-Azərbaycan və Rusiya-Türkiyə münasibətləri konstruktiv şəkildə inkişaf edir. Maraqlar artır”.

Müsahibimiz onu da diqqətə çatdırıb ki, Rusiya Azərbaycanla olan kommunikasiyaların Türkiyə, yaxın Şərqə doğru da uzadılmasını istəyir, amma Ermənistan maneçilik törədir:

“İndi Rusiya Ukrayna ilə müharibə aparır, onun Qərblə bütün əlaqələri kəsilib. Ona görə də Kreml, əlbəttə ki, bizim regionumuza baxır. Gürcüstanla münasibətləri də yaxşı deyil, amma Azərbaycanla münasibətləri normaldır, ona görə də Rusiya Azərbaycanla olan kommunikasiyaların təkcə İran tərəfə yox, eyni zamanda, Türkiyə, yaxın Şərqə doğru da uzadılmasını istəyir, amma Ermənistan maneçilik törədir. Yəni burada da ziddiyyətlər var, bunun artması nəticəsində Rusiya artıq görür ki, ermənilərə dəstək ona heç nə verməyəcək, əksinə, onu Azərbaycan və Türkiyə kimi ölkələrlə üz-üzə qoyacaq. Ona görə də bu reallığa uyğun davranır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir