Siyasət

“Əldə olunan razılaşmalar ermənilərin reinteqrasiyası istiqamətində ciddi irəliləyişdir” – RƏY + FOTO

Sharing is caring!


“Qarabağdakı erməni sakinlərin təmsilçiləri ilə Xocalıda keçirilən görüşdə əldə olunan razılaşmalar reinteqrasiya prosesi istiqamətində əhəmiyyətli irəliləyiş hesab oluna bilər”.

Bunu “Report” açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Xankəndi şəhəri də daxil olmaqla, ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan ermənilərlə birlikdə işçi qrupun yaradılması ilə bağlı razılaşma artıq ciddi nəticələrdən xəbər verir: “Bu, o deməkdir ki, Xankəndi şəhərinin bütün kommunal xidmətləri Azərbaycanın kommunal şəbəkəsinə birləşdiriləcək. Artıq elektrik enerjisinin Azərbaycandan təmin edilməsi həyata keçirilib, digər kommunal xidmətlər – su, qaz, internet, telefon və s. də təmin olunacaq. Həmçinin, Xankəndi yaxınlığında, yaxud Xocalıda səhra hospitalı qurulacaq, səhiyyə xidmətləri Azərbaycan və erməniəsilli tibbi heyətin tərəfindən birgə təşkil ediləcək. Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsi həyata keçiriləcək. Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsi planlaşdırılır. Erməni sakinlərə tibbi xidmətin göstərilməsi həm bölgədə mərkəzi hakimiyyətin bərpasının sürətlənməsi, həm də əhalinin daha rahat və keyfiyyətli xidmət görməsi baxımından əhəmiyyətlidir. Məlumdur ki, bölgədə xəstələr, xüsusilə xroniki xəstəliyi olanlar, yaxud cərrahiyyə əməliyyatı olunmaq istəyənlər Ermənistana üz tutur. Azərbaycan humanist mövqe sərgiləyərək buna tam şərait yaradır, lakin erməni sakinlərin müalicə üçün başqa bir ölkəyə getməsi həm ölkəmizə kənar müdaxiləyə səbəb olur, həm də onların özləri üçün çətinliklər yaradır”.

A.Nərimanlı bildirib ki, səhra hospitalının qurulması, xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsi, ümumilikdə tibbi xidmətlərin erməniəsilli həkimlərlə birlikdə həyata keçirilməsindən sonra əhalinin müalicə üçün Ermənistana getməsinə ehtiyac qalmayacaq. Bununla Ermənistanın tibbi xidmət adı altında ərazimizə müdaxiləsinin qarşısı alınacaq, eyni zamanda, erməni sakinlər daha yaxşı xidmət görə biləcəklər.

“Tibb məsələsi həm də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki fəaliyyətini qanunla tənzimləyəcək. Çünki erməni xəstələri Ermənistana bu komitə aparır, buna görə də Xankəndidəki nümayəndəliyi İrəvan ofisi ilə işləyir. Halbuki, bu, nə Azərbaycan qanunvericiliyinə, nə də beynəlxalq hüquqa uyğundur. Erməni sakinlərə tibbi xidmətin öz ərazimizdə göstərilməsi BQXK-nın Xankəndidəki nümayəndəliyinin fəaliyyətinin Bakıda ofisi tərəfindən koordinasiya edilməsinə zəmin yaradır, bu da ölkə qanunvericiliyinə uyğundur.

Azərbaycan öz vətəndaşlarının yüksək səviyyəli tibbi xidmət görməsi, ümumiyyətlə bütün problemlərinin həll edilməsi istiqamətində çalışır. Mobil qida təminatı xidmətinin yaradılması təklifi də buna hesablanıb. Burada əsas diqqətçəkən məqam Azərbaycanın mərkəzi hakimiyyətinin mövcud vəziyyətə uyğun addıma, erməni sakinlərin problemlərini maksimum sürətli həllinə nail olmaqdır. Mobil qida təminatı xidmətinin, eləcə də səhra hospitalının yaradılması təklifləri də bunu deməyə əsas verir”, – ekspert qeyd edib.

Onun fikrincə, ümumiyyətlə, Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda erməni sakinlərin reinteqrasiya məsələsində inklyuziv yanaşmanı nümayış etdirir: “Artıq Qarabağda yeni reallıqlar yaranıb və mərkəzi hakimiyyətin bərpası sürətlə həyata keçirilir, bunun alternativi yoxdur. Erməni sakinlərin nümayəndələri bu prosesə mane olmağa çalışsalar, bundan öncə əhali əziyyət çəkə bilər. Reinteqrasiya prosesinin həyata keçirilməsi məqsədilə keçirilən iki görüşdə erməni əhalinin istəklərinin qarşılanması və rəsmi Bakının humanitar fəaliyyətə hesablanmış təklifləri də göstərir ki, Azərbaycanın prioritet məqsədi erməni sakinlərin təminatı, onların daha yaxşı şərtlərdə yaşamasıdır.

Vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi də reinteqrasiya prosesində ən əhəmiyyətli kompenentlərdəndir. Belə bir platformanın yaradılması erməni sakinlərlə təmasların güclənməsinə və onların həm hüquqlarının təmin edilməsi, həm də ehtiyaclarının qarşılanmasında mühüm rol oynaya bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir