Siyasət

Qarabağda antiterror tədbirləri: Rusiya Ermənistanı lağa qoyur, Ərdoğan dəstəyini göstərir – ŞƏRH

Sharing is caring!


Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı həyata keçirdiyi antiterror tədbirlərinin regional və beynəlxalq əks-sədaları Bakının xeyrinədir.

Öncəliklə diqqət etməliyik ki, Azərbaycanın Qarabağdakı antiterror addımlarına strateji müttəfiqi Türkiyədən dəstək ifadə olunub.

Rusiyadan verilən bəyanatlar Ermənistanın məsxərəyə qoyulması və İrəvana ritorik, alçaldıcı mesajlar ünvanlamaq ruhundadır.

Qarabağda Azərbaycanın hərbi uğurlarının davamının gəldiyi bir zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT kürsüsündən Azərbaycana ən əhəmiyyətli dəstəyi göstərdi.

Ərdoğanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qorumaq üçün atdığı bütün addımların Türkiyə tərəfindən dəstəklənəcəyini bəyan etməsi region üçün ciddi siqnaldır.

Ərdoğan eyni zamanda Zəngəzur dəhlizinin açılmasına çağırış edərək Ermənistana öhdəliklərini xatırlatdı, deməli Qarabağda baş verən hadisələrin Azərbaycan və Türkiyə üçün böyük strateji əhəmiyyəti var.

Rusiyadan verilən reaksiyalar, Türkiyənin strateji tutumunun fonunda Qərbdən də Azərbaycana qarşı ciddi və kəskin mövqelər səsləndiyini demək olmaz. Hərçənd yenə də cığal və qərəzli mövqelər Qərb platformalarında ayaq açıb yeriyir, lakin bu, Azərbaycanın regional nəticə hasil etmə qabiliyyətinin yanında çox sönük görünür.

Fransa isə yenə istisnalıq təşkil edir, rəsmi Parisin Ermənistana qahmar çıxan açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyi tutarlı cavab verib.

İranın Xarici İşlər Nazirliyi əvvəlkilərdən fərqli olaraq Qarabağdakı proseslərdə mövqeyinin Azərbaycanla uyğunluq təşkil etdiyini göstərir.

Azərbaycan Prezident Administrasiyası Qarabağdakı ermənilərə müraciət edərək onları ağ bayraq qaldırmağa, qanunsuz rejimi buraxmağa, silah və texnikalarını təhvil verməyə və yalnız bundan sonra Yevlaxa görüşə çağırır. Bu artıq daşan səbrin doğurduğu mövqedir, milli təhlükəsizliyin təmininə, müdafiə siyasətinə söykənir.

Bir-biri ilə əlaqəli şəkildə inkişaf edən proseslər İrəvanda “işıqları söndürür”, artıq baş nazir Nikol Paşinyan əleyhinə etirazlar böyüyür.

Azərbaycan antiterror tədbirlərinin Ermənistanda hansı nəticə doğurduğundan asılı olmayaraq, bunu separatizmin kökünün kəsilməsi həddinə qədər inkişaf etdirəcək.

Hər halda, Azərbaycanın rəsmi mövqeyindən bu qənaətə gəlmək mümkündür.

Artıq bu gün başlayan antiterror tədbirlərinin hərbi nəticələri heyrətləndiricidir, Azərbaycan Ordusu qısa müddət ərzində xeyli sayda texnikanı, hərbi obyektləri, canlı qüvvəni məhv edib. Rəsmi Bakının tələb və şərtləri qəbul edilməsə, bunun ardı Ermənistanın və onun Qarabağdakı qalıqlarının üzərində daha sarsıdıcı şəkildə hiss olunacaq…

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir