Siyasət

Riçard Tempest: “ABŞ üçün vacib olan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır” – ŞƏRH

Sharing is caring!


Dünən, sentyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı “böhran”la bağlı dinləmələr keçirilib. Bu komitəyə məşhur türkofob Robert Menendes rəhbərlik edir. İştirakçıların, o cümlədən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin çıxışları ABŞ-nin tam qərəzli mövqeyini nümayiş etdirdi.

Xatırladaq ki, bir neçə ay əvvəl Vaşinqtonda Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması yolunda uğurlu diplomatik marafondan sonra qəfildən ABŞ tərəfindən Azərbaycan ekspert icması arasında anlaşılmazlığa səbəb olan bir sıra ziddiyyətli bəyanatlar verildi. Oxu.Az bu və digər mövzular barədə amerikalı analitik, İllinoys Universitetinin professoru Riçard Tempestlə söhbət edib.

“Ərazi və hərbi problemlərin dolaşıqlığı Vaşinqton üçün prioritet deyil. ABŞ-nin Blinkenin doktrinasına uyğun əsas məqsədləri var. Birincisi, Çinlə aralarında olan münasibətlərdir. İkincisi isə Ukraynadakı müharibə, NATO-nun və ABŞ-nin Avropada təsirinin güclənməsidir”, – deyə professor bildirib.

Cənubi Qafqaz məsələsinə gəlincə, R.Tempest burada Rusiya və Çin də daxil olmaqla bir sıra amillərin rol oynadığını bildirib. O, həmçinin qeyd edib ki, ABŞ üçün postsovet məkanında əsas prioritetlərdən biri Moskvanın təsirini məhdudlaşdırmaq və onu tədricən sıxışdırmaqdır. Bu, xüsusilə İranla həmsərhəd və Yaxın Şərqə yaxın olan Cənubi Qafqaz kimi strateji əhəmiyyətli regiona aiddir.

“Rusiyanın mövcudluğunun daha çox nəzərə çarpdığı mürəkkəb, çoxmərhələli oyun gedir. Lakin bütün bunlar yalnız daim dəyişən dinamikadan xəbər verir. Bir neçə aydan sonra vəziyyət tamamilə fərqli olarsa, bu məni heç də təəccübləndirməz. Artıq dediyim kimi, sizin regionda ABŞ üçün əsas məsələ Amerikanın təsirini gücləndirməkdən çox, Rusiyanın buradakı fəaliyyətini məhdudlaşdırmaq və onu sıxışdıraraq bu məkandan çıxarmaqdır”, – deyə R.Tempest əlavə edib.

Həmçinin, amerikalı analitik vurğulayıb ki, diplomatiya və beynəlxalq siyasət çox vaxt belə məkrli hesablamalara əsaslanır.

“Lakin bu, təkcə Azərbaycanla Ermənistanın münasibətlərinə aid deyil. Məsələn, İran. Onun ətrafında və daxilində maraqlı hadisələr baş verir. Tehran hələ də ideoloji cəhətdən Qərbə qarşı yönəlib. İran İslam Respublikası (İİR) ilə həmsərhəd olan Azərbaycan özünü təmkinli və sakit aparır. Ştatlarda isə ölkəniz İranın regional təsirinin məhdudlaşdırılmasında müttəfiq hesab olunur. Eyni zamanda, paradoks ondadır ki, İİR-in Ermənistanla müsbət münasibətləri var ki, bu da Tehranın əməl etdiyi ideoloji cəhətdən müəyyən edilmiş oriyentasiyası ilə praktiki olaraq ziddiyyət təşkil edir”, – deyə İllinoys Universitetinin professoru fikrini yekunlaşdırıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir