Siyasət

Sahibə Qafarova: “Beynəlxalq ictimaiyyət qondarma rejimin “prezident seçkisi”ni qəti şəkildə pisləməlidir”

Sharing is caring!


“Beynəlxalq birliyin bütün üzvləri beynəlxalq hüquq çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərə uyğun olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bu akta düzgün siyasi qiymət verməli, təcavüzkar separatizmə qarşı öz səslərini ucaltmalı və adı çəkilən qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməlidirlər”.

“Report” xəbər verir ki, bunu Bolqarıstan Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Milli Assambleyasının sədri Rosen Jelyazkovla görüşdə bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni, qondarma rejimin “prezident seçkisi” ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə aşkar şəkildə pozulmasıdır. Bu təxribatçı addım Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Görüşdə, həmçinin Ermənistanın “blokada”, “humanitar böhran” barədə yalan və əsassız iddiaları ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birbaşa hədəfə aldığını qeyd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistan delimitasiya olunmamış sərhəddə və Qarabağ bölgəsində hərbi təxribatlar törətməkdə davam edir, Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minlik silahlı qüvvələrinə texniki, hərbi və maliyyə dəstəyini davam etdirərək əvvəllər əldə edilmiş razılaşmaları və normallaşma prosesini pozur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir