Siyasət

Aleksandr Perenciyev: “Heç kim heç vaxt Ermənistanı NATO-ya qəbul etməyəcək” – Rusiyadan ŞƏRH

Sharing is caring!


“İrəvanın müəyyən mənada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşması nəzərə çarpır. Amma bununla belə, reallıqdan çıxış etmək lazımdır və bu, Ermənistanın bu qurumun üzvü olmaqda davam etməsidir”.

Bunu Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Ermənistanın sistematik şəkildə KTMT-yə məhəl qoymaması, bunun əvəzində NATO-ya daxil olmağın mümkünlüyündən şövqlə danışmasını Oxu.Az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanın KTMT ilə bağlı hoqqabazlığı şıltaqlıqdan başqa bir şey deyil:

“İrəvan Azərbaycanla qarşıdurmasında Rusiyanın Ermənistanın maraqlarını o qədər də açıq şəkildə qorumamasından narazıdır. İrəvan əvvəllər də Rusiyanı münaqişəyə cəlb etməyə çalışıb. Onlar bunun mənasızlığını 2020-ci il müharibəsindən sonra başa düşdülər. Rusiya Azərbaycanla döyüşməyəcək. Üstəlik, Rusiya-Türkiyə münasibətlərinin inkişafı kimi bir amil var. Bütün bunlar hər hansı yolla Rusiyaya təsir etməyə çalışan Ermənistan tərəfini qıcıqlandırır”.

Ermənistanda NATO-ya qoşulmaq haqqında söhbətlərə gəlincə isə ekspert bildirib ki, bu, Rusiyaya qarşı bir növ trolluqdur.

“Bir özünüz düşünün – NATO hara, Ermənistan hara? Bütün bunlar Moskvaya informasiya təsirləri cəhdləridir. Əgər Ermənistan Şimali Atlantika Alyansına qoşulma proseduruna başlamaq qərarına gəlsə, o zaman Ermənistanın milli təhlükəsizliyi üçün hər şey pis başa çatacaq. Axı NATO və Qərb dövlətlərinin Ermənistanın təhlükəsizliyinə təminat verməyəcəyi göz qabağındadır. Ancaq münaqişəni alovlandırmaq və kənara çıxmaq – bu onların əlindən gəlir”, – deyə sosioloq əlavə edib.

Professor daha bir maraqlı aspektə toxunaraq bildirib ki, Türkiyə NATO-ya daxildir və alyansda ikinci ən böyük orduya malikdir: Ankaranın ən yaxın müttəfiqi olan Bakı isə NATO-ya daxil olmaq fikrində deyil, Qoşulmama Hərəkatı ilə fəal işləyir.

“Ermənistan KTMT-nin tamhüquqlu üzvüdür. Əgər bu təşkilatı bəyənmirsə, amma KTMT ilə əməkdaşlığı davam etdirmək istəyirsə, o zaman statusunu tam üzvlükdən partnyorluğa endirə bilər. NATO isə Ermənistan üçün əlçatmaz “kök”dür, heç kim bu ölkəni alyansa qəbul etməyəcək”, – deyə Perenciyev sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir